Xidməti maşınlarla təmin edilməli olan vəzifələrin siyahısı hazırlanır

“Gözləmək olar ki, yaxın 2-3 ayda özəlləşdirməyə xeyli komfort maşınlar çıxarılacaq”

Source:


“Gözləmək olar ki, yaxın 2-3 ayda özəlləşdirməyə xeyli komfort maşınlar çıxarılacaq”

Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında prezident İlham Əliyev fərman

imzalayıb

.

Fərmanın 8.7.1-ci yarımbəndinə deyilir ki, Nazirlər Kabineti bir ay müddətində bütün dövlət qurumu və dövlət şirkətlərində, hətta publik qurumlarda xidməti avtomobil ilə təmin edilməli olan bütün vəzifələrin siyahısını hazırlamalıdır. Bu yeni siyahıdan kənar olan bütün xidməti maşınlar Fərmanın tələbinə əsasən dərhal özəlləşdirilməyə çıxarılmalıdır:

“Müəyyən olunacaq siyahıdan kənarda qalan vəzifələrdə işləyən şəxslərə xidmət edən nəqliyyat vasitələrinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balanslarından çıxarılaraq özəlləşdirilməsi üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməsini təmin etsin və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin”.

Rövşən Ağayev
Rövşən Ağayev

İqtisadçı Rövşən Ağayev deyir ki, prezidentin bu fərmanından belə görünür ki, xidməti maşınların sayı azalacaq:

“Yaxşı xəbərdi, amma məmurların təkcə, xidməti maşınlarını deyil, şəxsi avtomobillərini, hələ üstəlik, yaşadığı mənzilləri də ictimai nəzarətə götürmək lazımdır. Söhbət bütün normal ölkələrdə olduğu kimi vəzifəli şəxslərin gəlir və əmlak bəyannaməsi mexanizminin tətbiqindən gedir. Çünki ayda 1500 manat maaşa qulluq edən məmurların hətta 20-30 min dollarlıq maşında gəzib, 70-80 min dollarlıq evdə yaşaması belə onun əliəyriliyinin ilk işartısıdı”.

İqtisadçı deyir ki, bununla bağlı qanun 14 il əvvəl – 14 iyun 2005-ci ildə qəbul edilib. Amma bu günə qədər bircə maddəsi belə işləməyib:

“Özü də bu qanunda nəzərdə tutulandan fərqli olaraq, bütün məmur bəyannamaləri ictimaiyyət üçün açıq olmalı, hər kəsin məmurların və seçkili rəsmilərin şəxsi qazancları və varidatı barədə xəbər tutmaq imkanı olmalıdır. İslahat deyiriksə, real olanlardan biri məhz budur”.

Osman Gündüz
Osman Gündüz

Milli İnternet Forumunun prezidenti Osman Gündüz də bunu doğru yanaşma sayıb. Deyib ki, bir neçə gün öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tullantılarla məşğul olan qurumu büdcə vəsaiti hesabına 140 000 manatlıq “Land Cruiser”, bir dövlət universiteti 116 000 manatlıq “Toyota Avalon” almışdı.

Bir-iki gün öncə daha bir publik qurum da 1.4 milyona bir neçə maşın almışdı:

“Görünür, bu tip addımlar ali hakimiyyəti lap hövsələdən çıxarıb. Gözləmək olar ki, yaxın 2-3 ayda özəlləşdirməyə xeyli komfort maşınlar çıxarılacaq”.

Ana səhifəXəbərlərXidməti maşınlarla təmin edilməli olan vəzifələrin siyahısı hazırlanır