Xəzəri hasarlamaqda ittiham olunan ”Sədərək” sahibi haqqında yeni qərar

Y.Qədimbəyli ilə bağlı işdə isə söhbət ondan gedir ki, Əmlak Məsələləri Dövlət Komitəsi cərimə qərarını bir il öncə verib, sadəcə, həmin qərar icra olunmayıb.

Source:

Yusif Qədimbəyli deyir ki, onun cərimə qərarının çıxarılmasından xəbəri olmayıb

İyulun 24-də Bakı Apelyasiya Məhkəməsində Xəzər dənizinin sahilinin qanunsuz hasarlanmasıyla əlaqədar “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyliyə qarşı şikayətə baxılıb.

Y.Qədimbəyli Xəzərin Qaradağ rayonu ərazisindəki sahil zolağında qanunsuz tikinti aparmaqda günahlandırılaraq, 5000 manat cərimələnib. Bu cərimə qərarını ötən il avqustun 20-də Əmlak Məsələləri Dövlət Komitəsi çıxarıb.

Y.Qədimbəyli deyir ki, onun bu qərarın çıxarılmasından xəbəri olmayıb. Cərimə qərarı icraya yönəldiləndə məsələdən xəbər tutub. Daha sonra qərarın ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Orada da işə hakim Şəlalə Həsənova baxıb və Əmlak Məsələləri Dövlət Komitəsinin cərimə qərarını ləğv edib.

Bu dəfə Komitə 7 iyun 2019-cu il tarixli həmin qərardan apelyasiya şikayəti verib. İyulun 24-də məhkəmədə də sözügedən apelyasiya şikayətinə baxılıb.

untitled_design__1_.png
Yusif Qədimbəyli

Hakim Rizvan Səfərovun sədrliyilə keçirilən prosesdə Y.Qədimbəyli iştirak etməyib. Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi Cəmil Rəhimov isə şikayətlərinin təmin olunmasını, cərimə qərarının qüvvədə saxlanmasını xahiş edib.

Hakim Nəsimi Rayon Məhkəməsinin qərarını ləğv edib və işi təkrar araşdırma aparılması üçün birinci instansiya məhkəməsinə qaytarıb.

Əmlak Məsələləri Dövlət Komitəsi Y.Qədimbəylini İnzibati Xətalar Məcəlləsinin 248 (Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrini müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanması) maddəsilə cərimələyib.

Hakim bildirib ki, Y.Qədimbəyli İXM-in 248-ci maddəsinin ikinci bəndi əsasında cərimələnib. Bu isə eyni əməlin bir il ərzində təkrar törədilməsidir.

Y.Qədimbəyli ilə bağlı işdə isə söhbət ondan gedir ki, Əmlak Məsələləri Dövlət Komitəsi cərimə qərarını bir il öncə verib, sadəcə, həmin qərar icra olunmayıb.

Ana səhifəXəbərlərXəzəri hasarlamaqda ittiham olunan ”Sədərək” sahibi haqqında yeni qərar