Pəncərələrindən dəniz görünür, amma onların dənizə girişi qadağandır. Fatmayi kəndinin sakinləri dənizə çəkilən hasarlara görə yayda günəşlənə bilmirlər. Təxminən 5 il öncə aparılan hasarlamadan sonra onlar dənizə yalnız pəncərələrdən baxırlar.
“Hasar tikilən vaxtı Binəqədi polisləri burada gəlib durmuşdu ki, kim orada bir daşa əl vursa, aparıb içəri salacağıq. Heç kim qorxusundan gedib deyə bilmirdi ki, bu hasarı buradan tikməyin, qoy qaçqınlar gedib orada nəfəs alsınlar. Hasar tikilib qurtarandan sonra polislər çəkilib getdilər”- Yusif Məmmədov deyir.
Arif Gülməmmədov narazılığını dilə gətirir: “Hasar 6 metr hündürlüyündədir. O vaxt camaat bir az müqavimət göstərdi ki, bağlayırsınız bağlayın, amma bir qapı qoyun ki, camaat gedib- gəlsin. Bu camaatın çıxacağı yer yoxdur, camaat hasarın içindədir. Ona da heç kim baxmadı, eləmədilər”.
Yusif Məmmədovun sahil ərazində obyekti olub. Hər yay dənizə gələn turistlərə çay satıb çörək pulu qazanıb. Amma hasarların tikilməsi ilə obyekti yerlə bir olub. “Oğlumun orada kafesi var idi, yay olandan olana çay satırdı, yüngülvari çörəkpulu çıxarırdı. Bizi oradan təzyiqlə çıxardılar. Prokurorluğa, prezidentə yazdıq, ərizəmizə baxmadılar, bizə də heç nə vermədilər”.
Dənizin hasarlanması uşaqların sahildə istirahət etməsini də əngəlləyib. 12 yaşlı Anar məktəb tətilini evdə keçirməyə məcburdur. “Biz orada futbol oynayırdıq, çimərlikdə çimirdik, indi isə icazə yoxdur. Hər səhər istəyirik ki, biz orada qaçaq, idman eləyək, o da olmur. Gedəndə bir kişi deyir ki, bura olmaz, bura ayrı adamın yeridir, sizə icazə yoxdur”.
2008-ci ilə qədər dəniz sahilindən yalnız 130 metr uzaqlıqda tikintiyə icazə verilirdi. Amma həmin ilin dekabrında Milli Məclisdə “Torpaq haqqında” qanuna, Torpaq Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər nəticəsində sahilboyu zolaq 25-50 metrədək azaldıldı. Milli Məclisdə qəbul olunan qərara millət vəkili Zeynəb Xanlarova etiraz etdi. “Hasar nə qədər çəkilər? Biri var evin həndəvərinə çəkəsən, biri də var dənizi bütün hasara alıblar. Oradan keçəndə mənim heç özümə xoş gəlmir. Onu istəyirlər ki, xalq ayağa qalxsın, gedib hasarı külünglərlə sındırsın?”
Samirə Bayramova deyir ki, bir neçə dəfə sakinlər yığışıb hasarı söküblər, amma kimliyi bilinməyən sahibkar yenidən əraziyə hasar çəkib.
“Hasarı bir dəfə uçurdular, amma yenə gəlib tikdilər. Pulları var, sən nə qədər istəyirsən uçur yenə gəlib tikəcəklər, mümkün deyil”.