Xoşqədəm Hidayətqızı

Mənbə: Meydan Tv

Başlıq: Xoşqədəm Hidayətqızı

“Xəzər” TV-nin anonsu və ya telekanalların problemli konsepsiyası

Məqalə yeniləndi:  19 Mart 2021

“Özəl telekanallar nə istədiklərini bilmir”

“Xəzər” televiziyasında nümayiş olunan “Səni axtarıram” verilişinin 1 mart buraxılışında qonaqlardan biri də müğənni Vüsal Əliyev olub. İfaçı veriliş zamanı 2018-ci ildə aldadılaraq pulunun mənimsənilməsindən danışıb. İfaçının aldadılması məsələsinin müzakirəsindən öncə isə anons nümayiş edilib.

Anonsda üzü bulanıq (blur) göstərilən qız valideynlərindən uzaq düşdüyünü deyir. Mətni səsləndirən isə qeyd edir ki, azərbaycanlı müğənni aldadılaraq, əvvəlcə Fransaya, daha sonra Türkiyəyə aparılıb.

Veriliş martın 2-də “Xəzər” televiziyasının “YouTube” kanalına yerləşdirilib. Bundan sonra məlum olub ki, proqramın anonsu üçün istifadə edilən kadrlar Amerikada təhsil alan 19 yaşlı Tamara Seredə aiddir. Görüntülər isə onun ABŞ-a köçməsi ilə bağlı “YouTube” kanalına yüklədiyi videosundan götürülüb. Verilişin anonsunu izləyən Tamara Sered məsələyə aydınlıq gətirmək məqsədilə növbəti videonu çəkib. Bildirib ki, icazəsiz götürülən videosu kontekstə uyğun istifadə edilməyib.

Verilişin aparıcısı Xoşqədəm Baxşəliyeva Meydan TV-nin suallarını cavablandırmayıb.

Tamara Sered

Tamara Sered

Mənbə: youtube

Tamara Sered isə Meydan TV-yə montajçının ona yazaraq, anonsla bağlı yayımladığı cavab videosunun silinməsini xahiş etdiyini deyib:

“Mənə videonu silməyə və məhkəməyə verməməyə xahiş etdi. Videonu silməyəcəyimi dedim. Məhkəməyə müraciət barədə fikrimi bildirmədim”.

Müğənni Vüsal Əliyev verilişdəki anonsdan xəbərsiz olduğunu deyir:

“Verilişin prodüseri dostumdur. Başıma gələn hadisəni ona danışdım. O da dedi ki, Xoşqədəm xanıma deyərəm, görək, bu mövzunu işıqlandırmaq mümkündürmü. Üzərindən üç-dörd gün keçəndən sonra mənə zəng vurdu ki, bu gün 5-in yarısında “Səni axtarıram” verilişinə gəl. Birbaşa ora getdim, anonsdan xəbərim yox idi, veriliş zamanı gördüm. Anonsda göstərilən qızın mənim məsələmə dəxli yoxdur. Məni aldadanlar ana ilə oğlu idi. Televiziyalar belə çaşdırıcı anonslar verirlər ki, camaatın marağına səbəb olsun.

Bir ay bundan öncə məni “7 Canlı” verilişinə (ATV telekanalında yayımlanır-red) dəvət etdilər. Mən də cəbhə bölgəsində bir əsgərimizlə tanış olmuşdum. Onunla ünsiyyətimiz cəmi bir saat davam etmişdi. Sonra o, şəhid oldu. Şəhidimizlə bağlı “İnstagram”da paylaşım etmişdim. “7 Canlı” verilişi tərəfindən səhifəmdən bu məlumat götürülüb, anons yığılmışdı. Verilişə getdim, amma heç həmin söhbətə toxunmadılar. Halbuki, şəhidin ailəsi baxırdı ki, oğulları haqqında danışılacaq. Bəzən elə anons yığırlar ki, verilişdə olanda baxırsan söhbət başqa istiqamətdə gedir, bu da düzgün alınmır”.

Əqli Mülkiyyət Agentliyinin mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli Meydan TV-yə bildirib ki, materialından icazəsiz istifadə olunan hər hansı bir şəxs agentliyə müraciət edə bilər:

“Şəxsə aid olan materialın istifadəsi zamanı birmənalı qaydada icazə alınmalıdır. Ümumiyyətlə, hüquqları pozulan şəxslər şikayətlə müraciət etdiyi təqdirdə, ekspertiza aparılır, sübuta yetirilərsə, qanuna müvafiq tədbirlər görülür”.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədrinin köməkçisi Fazil Novruzov Meydan TV-yə deyib ki, telekanallara sanksiyalar yalnız yayım qanunvericiliyinin pozulduğu hallarda tətbiq edilir.

Ekspertlər isə hesab edir ki, bu kimi halların qarşısını almaq üçün telekanalların konsepsiyası dəyişməlidir.

Qulu Məhərrəmli

Qulu Məhərrəmli

Mənbə: Meydan Tv

Media eksperti, teletənqidçi Qulu Məhərrəmli deyir ki, özəl telekanallarda ciddi problemlər mövcuddur:

“İstənilən verilişdə belə hallara rast gəlirik- qeyri-dəqiqlik olur, ya da adamın özünü deyil, başqasını göstərirlər. Yaxud da göstərilən, ittiham edilən, məlum olur ki, həmin adam deyil, yanlışlıq, qeyri-dəqiqlik var. Bu, birbaşa jurnalist-aparıcı etikası, bütün hallarda isə peşəkarlıq məsələsi ilə bağlıdır.

Özəl telekanallar nə istədiklərini bilmir. Hansı formatda verilişlər istəyirlər? Bu tip verilişləri hazırlamaqda məqsəd nədir? Doğrudanmı, auditoriyanı məlumatlandırmaq istəyirlər? Yoxsa, məqsəd sadəcə, ayrı-ayrı şəxslərin taleyindən dram düzəldib, tamaşaçı toplamaq, reklam qazanmaqdır? Hesab edirəm ki, baxış dəyişməlidir”.

Sevda Sultanova

Sevda Sultanova

Mənbə: Meydan Tv

Meydan TV-yə məsələni şərh edən televiziya proqramları üzrə ekspert Sevda Sultanova da yerli telekanalların konsepsiyasının dəyişməsinin tərəfdarıdır:

“Əvvəllər Əli Həsənov (Prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi-red) amilini önə çəkirdilər. Hamımız bilirik ki, televiziyaya onun dəmir, sərt nəzarəti vardı. Amma artıq Əli Həsənov yoxdur. Düzdür, ayrı-ayrı telekanallarda müəyyən dəyişikliklər nəzərə çarpır. Nümunə kimi deyə bilərəm ki, Xəzər TV-də müğənnilərlə bağlı bayağı, əyləncəli şoular yığışdırılıb. Efirə alternativ fikir söyləyən adamları dəvət edirlər. Edilən bu dəyişikliklər kosmetik xarakterlidir və televiziya prinsiplərinə normal cavab verməsi baxımından yetərli deyil.

Dünyanın bir sıra telekanallarında “Səni axtarıram” verilişinin formatına uyğun proqramlar nümayiş olunur. Amma peşəkar səviyyədə təqdim edilir. Düzdür, hətta inkişaf etmiş qərb ölkələrində belə, jurnalistikanın prinsiplərinə - istər yazılı, istər elektron, istərsə də TV-lərdə - tam əməl olunmur. Lakin bütün hallarda onlar peşəkarlığı qoruyub saxlaya bilirlər. Bizdə isə vəziyyət daha faciəli və bərbaddır. Bu baxımdan telekanallarda konseptual dəyişiklik vacibdir”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  19 Mart 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ywc6wq

Ən çox baxılan