Türkiyədə çərşənbə axşamı məhkəmənin qərarı ilə azadlığa çıxan xeyriyyəçi Osman Kavala günün sonunda yenidən həbs edilib.
İki ildən çox həbsdə olan Osman Kavala bəraət alan doqquz nəfərdən biri idi. Onlar Prezident Rəcəb Tayyib Ərdoğanı devirmək cəhdində günahlandırılırdılar.
İstanbul prokurorluğu 2016-cı il dövlət çevriliş cəhdi ilə bağlı davam edən istintaqla əlaqədər onu həbsdə saxlamaq qərarı verib, The New York Times xəbər verir.
Kavala polis nəzarətində qalıb və indi o, daha ciddi ittihamlarla üzləşə bilər.
“Bu qərar qəsdən və planlaşdırılmış qəddarlığa bənzəyir”, – Amnesty İnternational təşkilatının Türkiyə təşəbbüsçüsü Milena Buyum bəyanatında bildirib.
“Osman Kavalanın təxminən iki il yarım həbsdə qalmasından sonra azadlığa buraxılmasına qərar verilərkən, yenidən azadlığa doğru qapının bağlanması özünə, ailəsinə və Türkiyədəki ədaləti müdafiə edən hər kəsə dağıdıcı zərbədir”, o deyib.
Ərdoğanın getdikcə intensivləşən avtoritar idarəçiliyi altında Kavala davası 2016-cı il çevriliş cəhdindən sonra hökumət tərəfindən həyata keçirilən özbaşınalığın simvoluna çevrilib.
Dövlət çevrilişində ittiham edilən on minlərlə insandan fərqli olaraq Kavala və tərəfdaşları 2013-cü ildə İstanbulun mərkəzi Taksim Meydanında təşkil edilmiş etirazlarda iştirak etdiyinə görə mühakimə olunurdu.
Nümayişçilər şəhərin mərkəzində nadir yaşıl ərazilərdən olan Gəzi parkının dağıdılaraq yerində ticarət mərkəzinin inşa edilməsini dayandırmaq üçün meydanı zəbt etmişdilər. İnkişaf layihəsini şəxsən dəstəkləyən Ərdoğan etirazları hakimiyyətinə birbaşa meydan oxuma olaraq görürdü və bu səbəbdən çevik polis qüvvəsini istifadə edərək etirazları yatırdı.
Prokurorlar Kavala da daxil olmaqla üç müttəhim üçün ömürlük həbs cəzası, digərləri üçün isə 20 ilə qədər cəza tələb etmişdilər.
Ümumilikdə prokurorlar 16 müttəhimdən 9-una çərşənbə axşamı bəraət verərkən digər xaricdə yaşayan yeddi nəfərlə bağlı həbs qərarı ləğv edilmişdi. Lakin onların ölkəyə geri döndükdən sonra məhkəmə qarşısına çıxması gözlənilir.