Şahin Hacıyev: “Təəssüf ki, dövlət jurnalistlərin problemləri araşdırmaq motivasiyası yaratmır”
22 iyul Milli Mətbuat Günüdür. 139 yaşını problemlərlə qeyd edən media bütün qanuni vasitələrlə müstəqilliyini qorumağa çalışır. “Turan İA”-nin redaktoru, “Sərhədsiz Reportyorlar” Təşkilatının Azərbaycan nümayəndəsi Şahin Hacıyevlə söhbətimizdə media ilə bağlı gündəmin aktual suallarına cavab verməyə çalışdıq.
–
Şahin bəy, Azərbaycan mediası 139 yaşını hansı durumda qeyd edir?
– Qısa desək, çox pis vəziyyətdə. İndiki durumun səbəbləri çoxdur və bu, uzun sürən ciddi proseslərin nəticəsidir. Məsələ ondan ibarətdir ki, ölkədə müstəqil mətbuat mövcud siyasi rejimdə mümkün olmayan bir şeydir. Hakimiyyətin siyasi məqsədi odur ki, müstəqil mətbuat ya olmasın, ya da tamamilə nəzarət altında işləsin. Belə olan halda normal fəaliyyət göstərmək problematikdir.
–
Medianın reklam bazarı, yayım şəbəkəsi və ümumiyyətlə, iqtisadi vəziyyəti siyasi gedişatdan qaynaqlanır, yoxsa başqa amillər də var?
– Əslində, mətbuat biznes növüdür. Əgər ölkədə iqtisadi monopoliya varsa, korrupsiya yüksək səviyyəddirsə, azadlıqlar yoxdursa, biznes qurmaq olmur. Biznesmen normal fəaliyyət göstərmək üçün azad olmalıdır. Azad deyilsə, deməli, cibinə də girəcək və biznesini də əlindən alacaqlar. Azərbaycan hökumətinin siyasəti mətbuatı boğub, ondan öz məqsədi üçün istifadə etməkdir. Məsələn, biznesmen reklamı istədiyi qəzetə, yaxud internet saytına verə bilmir. Ya icazə almalıdır, ya da ona deyirlər ki, get, filan qəzetə ver. Bu, reklam bazarının tamamilə nəzarət altında olduğunun göstəricisidir. Nəzarət ondan ibarətdir ki, hökumətlə dostsansa, işləməyə imkan veriləcək, əks təqdirdə, boğub öldürəcəklər. Ona görə də reklam, biznes, bunlar hamısı alətdir və hakimiyyət bu alətlərdən istifadə edir.
–
Amma hökumətin illik hesabatlarında KİV-ə ayrılmış milyonlarla maliyyə vəsaitindən və mənzil tikintisindən danışılır. Mətbuat Şurası bu gedişata dəstək verirsə, ölkədə medianın hüquqları hansı səviyyədə qorunur, yaxud müstəqil media müdafiə təşkilatlarından danışmaq olarmı?
– Yox, danışmaq olmur. Mən adları çəkilən təşkilatları medianın müdafiəçisi adlandırmazdım. Onlar təbliğat üçündür. Mətbuat araşdırır və tənqid edir, demokratik dövlət də belə təhqiqatlarda maraqlı olmalıdır. Lakin aparıcı KİV-lərə və telekanallara baxın, onlar hansı problemi qaldırır, hansı bürokratiyanı ifşa edir? Bütün bu göstəricilər sıfra yaxındır. Hansısa MİS rəisini tənqid etmək korrupsiya ilə mübarizə deyil, bunlar gülüş doğurur. Pul ona görə xərclənir ki, jurnalistlər narazı qalmasınlar, sussunlar, konkret olaraq bəzi mövqelərə toxunmasınlar. Bunlar da insan haqları, seçkilər və korrupsiyadır, qalan hər şeydən yaza bilərlər. Baxın, həmin KİV-lərə, onların biznes planlarını, gəlirlərini yoxlayın, yəni xeyli media orqanı “qara pulla” işləyir. O pulların hardan gəlməsi məlum deyil. Yaxud dövlət orqanlarını filan qəzetlərə abunə olmağa məcbur edirlər. Adi bir misal, CNN şirkəti Azərbaycan haqqında bir neçə proqram hazırlamışdı, onlar birinci dəfə Azərbaycana gələndə, veriliş haqqında reklamı “Azadlıq” və “Zerkalo” qəzetlərinə verdilər. İkinci dəfə ölkəmizə gələndə reklamı 2 min tirajı olan xırda bir qəzetə verəcəklərini dedilər, həmin media orqanının da 200 nüsxəsi ancaq satılardı. Onlara sual etdim ki, niyə uğursuz reklam qurursunuz, çünki bunu heç kim görməyəcək. Cavab verdilər ki, bu, sifarişçilərinin xahişidir. Sifarişçilərinin isə Prezident Administrasiyasının olduğu bildirildi. Əgər hakimiyyət CNN kimi telekanalın verilişindən ölkə vətəndaşlarının məlumatlı olmasında maraqlıydısa, məntiq deyir ki, reklam daha çox oxunan KİV-lərə verilməliydi. Amma hakimiyyət reklamın ictimai rəyə təsiri olmayan qəzetə verilməsinə nail olur. Bunun mənası odur ki, həmin qəzet yüksək rütbəli məmurundur.
–
Adətən, rəsmilər müstəqil mediadan söhbət düşəndə jurnalistlərin qeyri-peşəkarlığını qabardırlar. Azərbaycan jurnalistləri qeyri-peşəkardırmı?
– Əlbəttə ki, yox. Əgər hökumətin siyasətinə qayıtsaq, vəziyyət belədir: satqın, alçaq, ikiüzlüyə ofis verib, ardınca hər ay maliyyə ayırıb siyasi sifariş verirlər ki, filankəsi tənqid və təhqir et. Sonra həmin KİV rəhbərini beynəlxalq konfranslara aparıb “Azərbaycan mətbuatı budur!” deyə təqdim edirlər. Təbii ki, belə jurnalistin səviyyəsi və peşəkarlığı aşağıdır, əslində, mənəviyyatsız adamdır. O cür adamların mətbuata girişinə qadağa qoyulmalıdır. Həqiqətən jurnalist olan adam pula görə məqalə yazmamlıdır. Bu göstəricidə Azərbaycan jurnalistləri heç də geri qalmırlar. Sadəcə, dövlətin siyasəti ona yönəlib ki, kim pul qazanmaq istəyir, yaltaqlanmaq hesabına sayt, ya da qəzet açıb qazansın. Təəssüf ki, dövlət jurnalistlərin problemləri araşdırmaq motivasiyası yaratmır.
–
Siz vəziyyətin acınacaqlı olmasına işarə vurdunuz, o zaman sual yaranır; 10 il sonra, 149-cu ildönümündə hansı mənzərəni görürsünüz?
– Mətbuat hər bir cəmiyyətin vəziyyətini əks etdirir. Ümimiyyətlə, yalnız mətbuat deyil, təhsil də, səhiyyə də, idman da acınacaqlı durumdadır və bunlar cəmiyyətdəki vəziyyııti əks etdirir. Yaxın 10 ildə ciddi dəyişişikliklər baş verməsə, təxminən 50 faiz dəyişiklik olmasa, vəziyyət daha da pisləçəcək. Çünki 10-15 il əvvəl heç kim Azərbaycan medasının indiki duruma düşəcəyinə inanmırdı. Amma bu, baş verdi. Ola bilsin, 10 il sonra biz Türkmənistanın vəziyyətinə düşəcəyik, daha sonra Şimali Koreyanın. Yəni “inkişaf” etməyə yer var, amma bunların olmamasını arzu edərdim.