”Xeyirxah” prezident və ya ”can şirin şeydir”

Tanınmış jurnalist Səbuhi Məmmədlinin adı son zamanlar xəbər lentlərində hallanır

Source:

Tanınmış jurnalist Səbuhi Məmmədlinin adı son zamanlar xəbər lentlərində hallanır.

Öncə jurnalistin intihara cəhd xəbəri sosial şəbəkələrdəki paylaşımlarda öz əksini tapdı.

Jurnalistin işsizlik, pulsuzluq, xəstəlik, içiyə meyllilik və üstəlik ailə problemləri üzündən depressiyaya düşüb intihar etmək istədiyini yazdılar.

İntihar halı, psixoloji dəstək

Səbuhi nədənsə məqsədini “Facebook”da yazmışdı. Adətən dost-tanış, xəbər tutan xeyirxah insanlar belə halda şəxsi özünü öldürməyə qoymur. Bu dəfə də elə oldu – dostları yığışıb Səbuhiyə psixoloji dəstək verdi.

Adətən intiharını bəyan edən adam həyatdan getməyə hazırlaşmır. Bu yolla istədiyinə nail olmaq üçün ya yaxınlarını şantaj edir, ya da toplumdan diqqət və qayğı gözləyir. Əsil intihar edənlər həyatdan elansız-filansız gedirlər. Sözgəlişi deyim ki, son yarım ildə, bu, ikinci intihar anonsu idi, birincisini də yazarlardan biri etmişdi.

Qorxuram dəbə düşsün, bütün intihar etmək istəyənlər şəbəkələrdə elan verməyə başlasınlar, elansız intihar zövqsüz, mauvais ton hesab olunsun.

Sonra Səbuhinin ağır xəstəliklərdən əziyyət çəkdiyi ortaya çıxdı. Hətta dostları bu haqda paylaşımlar edib yardım kampaniyası keçirmək istədilər.

Amma eşitdik ki, prezident İlham Əliyev bununla bağlı göstəriş verib. Məlum oldu ki, Mətbuat Şurası jurnalistin səhhətindəki problemlərlə bağlı Prezidentə müraciət edib, o da göstəriş verib. MŞ-nın Prezident Əliyevə ünvanladığı məktubda ölkəmizdə həyata keçirilən media siyasətinin “insanpərvərlik, humanistlik kimi ali dəyərlərə söykəndiyi” diqqətə çatdırılıb. Bildirilib ki, “jurnalistlərimiz mövcud məqamı xüsusi vurğulayır, nəcib əməl və təşəbbüsləri misilsiz örnək nümunəsi olaraq təqdim edirlər”.

Şəhid ailələrinin müraciəti cavabsız qalır

Mətbuat Şurasının rəhbəri Əflatun Amaşovun kim olduğunu, haradan başlayıb hara gəldiyini bilirik. Şura və Amaşov növbəti şousunu etdi.

O da məlum oldu ki, Səbuhidə kəskin diabet, ürək və qaraciyər çatışmazlığı var. Sadalanan xəstəliklərin azından biri, bəlkə də ikisi elə çox içməkdən yaranıb. Prezidentin göstərişi ilə dövlətdən dəstək alan jurnalist “Facebook” səhifəsində ölkə başçısına təşəkkür yazdı.

Bəlkə də bu özəl və faciəli əhvalat ictimai, hətta siyasi məna qazanmasaydı, haqqında söz açmağa dəyməzdi.

İstedadlı jurnalisti “Facebook”da prezidentə təşəkkür elədiyi üçün qınayanlar oldı. Çünki o, bir vaxtlar müxalif olan “Yeni Musavat” qəzetinin əməkdaşı və Müsavat Partiyasının üzvü olmuşdu, amma qəzetdən çoxdan çıxmış, sonra partiyanı tərk etmişdi. Səbuhi uzun müddət iqtidaryönlü mətbuatda çalışdı, lakin simasını qoruyub saxlaya bildi, keçmiş həmkarlarını aşağılayan heç nə yazmadı. Bunu xüsusi qeyd etmək lazımdır. Onu müdafiə edənlər, halına acıyanlar daha çox oldu. Baş verənlərdə müdafiəçilərin işlətdiyi “Can şirin şeydir” ifadəsi diqqətimi çəkdi, amma bu barədə az sonra.

Maraqlıdır ki, İlham Əliyev Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşovun xahişinə dərhal səs verdi, halbuki minlərlə başqa, qazi və şəhid ailələrinin xahiş və müraciətlərini cavabsız qoyur.

Bu təbiidir. Birincisi, prezident jurnalistlərə xüsusi diqqət göstərir, çünki ictimai rəyə onlar daha çox təsir edir. Bu səbəbə jurnalistlər üçün iki ev tikilib, mənzillər paylanılıb, üçüncü ev tikilir, oxunmayan qəzet redaksiyalarına böyük qrantlar ayrılır.

İkincisi, «…monarxlar hər zaman tövbə edənləri həvəslə qəbul edirlər. II Karl onun yanına qayıdanlara qarşı mərhəmətli idi”. Bunu Viktor Hüqonun “Gülən adam” romanından götürmüşəm. Öz nəfsinin tələsinə düşən Səbuhi Məmmədli keçmişdə tənqidçi jurnalisti olsa da, indi Mətbuat Şurasının “jurnalistlərə qayğı” şousunda özünə yer aldı. Çünki özü demiş, onu “yenidən həyata qaytaran”cənab Prezidentə bundan sonra “bir can borcu var»…

Lakin bu da başlıcası deyil. Azadlıq Radiosunun blogeri Yevqeniy Firsovun ağır taleli bir insanı təsvir-təhlili diqqətimi çəkmişdi. Narkotikdən asılı vəziyyətə düşən, heç yerdə işləməyən, ailəsi dağılan zavallı bir insanın.

“Cəmiyyətin bir üzvü kimi onun hansı mahiyyəti üzə çıxır? O, hakimiyyətdən özü və başqaları üçün iş yeri yaratmağı tələb etməz, ümumiyyətlə, hakimiyyətdən heç nə tələb etməz. Bu məqam onun dövlət üçün ilk faydalı özəlliyidir. Beləcə, narkomandan da fayda var”, – Firsov yazır.

Bu fikri davam etdirsək, arağı gen-bol içənlərin, həmçinin, nəşə və həşişi kiloyla çəkənlərin, kokain-heroin iyləyənlərin avtoritar hakimiyyətlərə böyük xeyri var. Onlar korrupsiyaya, rüşvətxorluğa və həyatımızın başqa qara məqamlarına göz yumur, öz vətəndaş haqlarını tələb eləmir, ağızlarına su-araq alıb susurlar. Onlara yalnız gündəlik araq və ya narkotika payları gərəkdir. Çıxılmaz vəziyyətə düşəndə isə Mətbuat Şurasının və iqtidar KİV-lərinin şoularında iştirak edir, hakimiyyətin “jurnalistlərə qayğı” təbliğatında öz kiçik rollarını oynayırlar. Dəhşətli gerşəkliyin ört-basdır olunmasına yardım edirlər. Sanki unudurlar ki, dövlət başçısıının “humanistliyi” və “jurnalistlərə qayğısını” Qənimət Zahid və Mirzə Sakit, Xədicə İsmayıl və Rauf Mirqədirov öz həyatlarında yaşayıb tanıyıblar. Seymur Həzi və Əfqan Muxtarlı, Mehman Hüseynov və İlkin Rüstəmzadə, Məmməd İbrahim və başqaları hələ də o “qayğının” acısını həbsdə yaşayırlar.

Yoxsa ağır xəstəlikləri ilə təkbətək qalan, amma hətta həbsdə də sınmayan, əyilməyən, əqidəsindən, siyasi baxışlarından dönməyən jurnalist və fəalların “Can şirin şeydi” kəlamından xəbərləri yoxdu? Yaxud onların canı şirin deyil?

Elmar Hüseynovu da unutmamışam…



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim Fikrimcə”Xeyirxah” prezident və ya ”can şirin şeydir”