Xəyanətdə suçlanan hərbçinin ailəsindən xəbərsiz dəfn edildiyi bildirilir

Bələdiyyə sədri: ”Yaxşı olmayıb, xoşagələn iş deyil”

Source:
Arxiv foto
Arxiv foto

Vətənə xəyanətdə suçlanan daha bir hərbçinin yaxınlarının iştirakı olmadan dəfn edildiyi bildirilir. O, Ucarın Şahlıq kəndinin sakini, 1985-ci il doğumlu Elçin Qulu oğlu Mirzəliyevdir.

Meydan TV-yə bu barədə məlumatı kənd sakinləri verib. Onlar Elçin Mirzəliyevin 2 gün öncə, mayın 25-də naməlum şəraitdə öldürüldüyünü deyiblər:

”Dünən, mayın 26-da hərbçilər onun meyitini kəndə gətirdilər və yaxınlarının iştirakı olmadan, gizli dəfn etdilər. Onun ölümü ilə bağlı hər hansı bir açıqlama verməyiblər”.

Meydan TV bunun doğru olub-olmamasını yoxlamaq üçün Ucar rayonunun Şahlıq Kənd Bələdiyyəsi ilə əlaqə saxlayıb. Bələdiyyə sədri Arif Əhmədov Elçin Mirzəliyevin dünən dəfn edildiyini söyləyib.

Onun hansı şəraitdə ölməsinə gəlincə, bələdiyyə sədri ”yaxşı olmayıb, xoşagələn iş deyil”, – deməklə kifayətlənib.

Arif Əhmədov Elçin Mirzəliyevin dəfnində ailəsinin, dayısının iştirak etdiyini də söyləyib:

”Dəfn gizli olmadı, hamı orada idi. Gündüz dəfn edildi. Qohumları da iştirak edirdilər”.

Müddətdən artıq hərbi xidmət keçmiş Tərtər sakini Elçin Quliyev də erməni kəşfiyyatçıları ilə məxfi əməkdaşlıqda suçlanırdı. Mayın 18-də onun meyiti Tərtərə gətirilib, ailəsinə təhvil verilib. Ancaq ailəsinə onun ölümünün səbəbi açıqlanmayıb. Bu barədə Meydan TV-yə Elçin Quliyevin əmisi danışıb. O, adının mətbuatda hallanmasını istəməyib.

Əmi bildirib ki, hadisə zamanı Tərtərdə olmayıb, dəqiq məlumatı yoxdur: “Bakıda xəstəxanada yatırdım. Dedilər ölüb, gəlmişik. Hazırda yasıdır. Özümüz də bilmədik nə məsələdir, açıqlama verməyiblər. Bir də eşitdik ki, uşağı öldürüblər. Eləcə dəfn etmişik, yasını veririk”.

Ailə bildirir ki, onlara olan bitənlərlə bağlı heç bir məlumat verilməyib: “Ətraflı nəsə deyən olmayıb. Nə olub, nə baş verib, uşaq niyə ölüb, bilmirik. Təkcə onu dedilər ki, iş araşdırılır. Dəqiqləşəndən sonra bizə Elçinin hansı zəmində vəfat etdiyini deyəcəklər yəqin”.

Naməlum məzar (arxiv foto)
Naməlum məzar (arxiv foto)

Daha bir Tərtər sakini Mehman Hüseynovun da meyidi yaşadığı Ağkənddə torpağa tapşırılıb. Tərtərin Cəmilli kənd inzibati ərazisi üzrə nümayəndəsi Manaf Məmmədovun “Modern.az”-a verdiyi məlumata görə, M.Hüseynov Cəmillidə yaşasa da, əslən Ağkənd qeydiyyatında olub:

“Mehmanın anası Ağkənddə yaşayır. Atası 1980-cı illərdə vəfat edib. Həmin vaxt Mehman anası ilə birlikdə Ağkəndə gedib. Mehman Hüseynovun xanımı əslən Cəmillidəndir. Mehmanın atası Cəmilli qəbiristanlığında dəfn olunduğuna görə, yaxınları onu Cəmillidə dəfn etmək istədilər. Amma kənd sakinləri Mehmanın Cəmilli qəbiristanlığında dəfn olunmasına icazə vermirdilər. Ona görə də qəbiristanlığın çöl tərəfində, “setka”nın o biri üzündə basdırılıb.

Mayın 20-də erməni kəşfiyyatçıları ilə məxfi əməkdaşlıqda suçlanan daha bir hərbçi, leytenant Təmkin Nizamioğlu da Ordubadın Darkənd kəndində dəfn edilib. Kənd sakinlərinin deməsinə görə, 1993-cü il doğumlu, leytenant Təmkin Nizamioğlu kəndə dəmir tabutla gətirib, ailəsindən xəbərsiz dəfn edilib. Onun ölümü ilə bağlı hər hansı açıqlama verilməyib.

Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə bəyanatında bildirilir ki, bir qrup hərbi qulluqçu və mülki şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilib. Onlar müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər.

Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə 2017-ci il 3 may tarixində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanaraq, Azərbaycan Respublikası Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır.

Ana səhifəXəbərlərXəyanətdə suçlanan hərbçinin ailəsindən xəbərsiz dəfn edildiyi bildirilir