Nazlı Ağayeva

Mənbə: meydan tv

Başlıq: Nazlı Ağayeva

Xəstəxanadan Mətbuat Günü yazısı

Bu xalq sözə tamarzıdır

Bacımın qəfil təzyiqi qalxdı. Rayon xəstəxanasına çatdırdım. Xəstəxananın klassik tanış həkimləri palataya yerləşdirib dərhal müdaxiləyə başladılar. O, özünə gələnə qədər allah bilir mən neçə dəfə gedib-gəldim. Ara sakitləşəndən sonra gördüm hamı mənə baxır. İlk xəstəsi kimi anketə düşdüyüm otuz ilin kordioloqu ilə təxminən o stajda terapevtin birgə müayinə təkidinə baxmayaraq, söhbəti zarafatla yola verdim. “Molla gəlmişkən kiçik qızın kəbinini də kəssin?” misalıyla. Gənc müxbir olduğum zamanlardan indiyə qədər hər zaman qayğı, diqqət gördüyüm insanlardı. Bir az da ərkyanalıq vardı. Xəstəxanadan çıxanda halımın yaxşı olmadığını xatırladıb təkrar üz vurdular ki, “əsaslıya gücümüz çatmaz, heç olmasa üzdən yığaq səni, yıxılmayasan”. Yenə fantaziyamı işə saldım. Guya vacib işlərim, görüşlərim-zad var. Bu yerdə adama deyərdilər, ay “vacib fiqur”, canın cəhənnəmə, di get hara qədər gedə bilirsənsə. Onlar isə ciddi-ciddi “vaxt tapan kimi mütləq gəl”, dedilər.

İki-üç həftədən sonra birtəhər xəstəxanaya çatıb onlara görünmədən işin bir yerindən başlamaq üçün analiz və aparatdan çıxdım. Yol-irizdən yorulsam da, ondan sonra xeyli yüngülləşdim. Hərçənd o işlərdə elə get-gəldən başqa bir əziyyətim olmadı. Əksinə, uşaqlar bir damcı qanı da az qala üfürə-üfürə götürdülər. “Uşaqlar” dediyim gənc qadınların körpələri də böyüyüblər, amma mənim ürəyimdə ayrı-ayrılıqda ilk dəfə tanış olduğumuz kimi uşaqlıqla-gəncliyin arasında qalıblar.

Neçə il əvvəllərdə uzun fasilədən sonra çox kəskin ağrılarla xəstəxanaya aparmışdılar məni. Analiz, aparat şərt idi.

İlk qarşımıza çıxan laboratoriya otağındakı həkim-laborant qızı görəndə həmişəki tanış yerə çata bilmədiyimə təəssüflənib çarəsiz gözləməyə başladım. Ucaboylu qız əyilib damarımı axtararkən bir əli ilə sıxılmış ovcumu açıb tərləmiş pulu cibimə qoydu. İşini bitirib kimliyimi dəqiqləşdirdiyi an o qızın gözlərindəki şəfqəti, sevgini və heyrəti görəydiniz! Hələ pencəyimi geyindirəndə anamın arıq qolları ilə etdiyim ehtiyatlı rəftarın daha incəsi... Aparat tərəfdə də eyni təbii səmimiyyətlə, mehribanlıqla qarşılaşdım. O gün-bu gün, Qəbələnin Mərkəzi Xəstəxanasında adlarını üzürlü səbəblərdən çəkə bilməyəcəyim iki şirin, sevimli qıza “əsir düşdüm”. İllərdi bütün tibbi göstəricilərim ciddi nəzarət altındadır. “Nazlı xala, qanımız qırmızı işığa yaxınlaşır”, “Nazlı xala, böyrəyimiz duz mədəninə dönür”. Artıq doğmalaşmış əziz adamlardan belə şeylər yazmaq nə dərəcədə doğrudur, bilmirəm. Nəticədə onlar daim tənqid olunan səhiyyəmizin mütəxəssisləridir. Amma düşünəndə ki, baxmayaraq bu qızlar orta təbəqəli ailələrdə doğulub boya-başa çatıblar. Onların uşaqlığı, gəncliyi tay-tuşlarına nisbətən rahat keçib. Valideynləriylə əks qütbləri təmsil etmişik. Bu kimi və sairə səbəblərə rəğmən onların insana təmənnasız, xeyirxah yanaşmasından təsirlənirsən. Məsələ hansısa xalaya, əmiyə münasibətdə deyil, onların sadəcə azad sözə rəğbətlərini hər hansı vasitə ilə çatdırmaqlarındadır. O cümlədən mənim səhhətim də vacib deyil, əsas və xoş olan bu istisnaların çoxalmasıdır, obyektiv, açıqfikirli bir nəslin formalaşmasıdır. Və əgər bu daha çox nəzarətdə olan özəl bölgədə hiss olunursa, üstəgəl mənəvi inkişafdır.

Təkrardır, bilirəm, amma bayram xatırlatması olsun. Bu xalq sözə tamarzıdır. Bu iqtidar isə əsl sözün bu xalqa yetişə bilməməsi üçün bütün imkanlardan “səxavətlə” istifadə edir. İynə ilə gor qazmaq timsalında olsa belə, o sözü xalqın doldurulmuş beyninə, boşaldılmış qəlbinə yeritmək ən azından peşə borcudur. Təməli “Əkinçi”dən qoyulan milli mətbuat fədailərimiz bütün həyatlarını xalqı düçar edildiyi zülmətdən oyatmağa sərf etdilər. Bu günün bizləri ya onların davamçılarıyıq, ya da onların... Çətin, təhlükəli yola düşdük, intəhası sonunda işıq var. O işığa çatmasaq, təyinatlı sivil cəhalət yeyəcək bizi...

P.s. Yenə özümdən və əhatə dairəmdən çıxa bilməməyimi bu dəfə Mətbuat Gününə bağışlayın.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ibwr6s

Ən çox baxılan