Xəstəsi meyvə istəyən…

6 manatlıq ananasın nisgili…

Source:

Ailədə 8 uşaq olmuşuq.  Əvvəllər bütün istəklərimiz  qarşılansa da, sonralar, 90-cı illərdən sonra vəziyyət o qədər kəskinləşdi ki, bir kisə un almaq üçün, evdəki əşyalarımızı satmağa başladıq. Çörək tapdığımız üçün sevinirdik. Bundan başqa gözümüz heç nəyi görmürdü. Meyvənin üzünü bayramdan bayrama görərdik. O da ancaq alma olardı. Uzaq başı armud. Onları da uzaqdan gələn qonaqlar alardı…

Meyvə hardan yadıma düşdü….Hə, bu günlərdə bir meyvə dükanına girəndə, şahidi olduğum hadisəyə görə. Amma indi mən bir az da geri qayıdacam. Bilmirəm, dəqiq xatırlamasam da, deyəsən, 4-cü, ya da 6cı sinifdə oxuyardım. Dayım kolxozda yaxşı işdə işləyirdi. Həftədə bizə bir balaca zənbil un verərdi, anam bu zənbili gətirmək üçün bizi qonşu kəndə yollayardı. İsti və uzaq yol, zənbilin ağırlığı… Bəlkə içində başqa şey olsaydı, bu qədər ağır olmazdı, amma un olduğu üçün çox ağır olurdu.

Məndən iki yaş böyük bacımla bu zənbili daşımaq o qədər zülm bir iş idi ki! Hər dəfə un gətirmək lazım olanda, əllərimin qırmızısı getməmiş, yenə o çantanın ipləri eyni yerə düşüb, kəsirdi ovumu. Amma anamdan qorxduğum üçün, etiraz edə bilməzdim.  Ağır vəziyyət idi, kasıbçılıq demək olar ki, hamını o vəziyyətə salmışdı. Amma o vaxtı keçid dövrü idi, bir qədər bəlkə də başa düşülən vəziyyət idi. İndiki kimi nə Avropa Oyunları keçirə bilərdik, nə də bu oyunda iştirak edənlərin hamsının pulunu ödəyə bilərdik…

Bu günlərdə dükanda meyvələrə baxıb, hansını alıb-almayacağıma qərar verirdim. Orta yaşlı bir dayı ananasa baxırdı. Uzun müddət idi ki, meyvənin qarşısında dayandığını hiss etdim. Satıcıdan  qiymətini soruşdu, “6 manat” . Ananasın qiymətindən özüm heyrətə gəldim, başımı qaldırıb baxanda, dayı onu almaq istədiyini dedi, amma pulu çatmırdı. Satıcı qəti şəkildə bildirdi ki, 6 manatdan aşağı düşə bilməz.  Kişinin ananasın qarşısında dayanıb var-gəl etməyini və cibində qalan pulları hesabladığını görəndə ürəyim parçalandı. Belə vəziyyətlərdə özümü saxlaya bilmirəm, bəlkə kasıb ailədə böyüdüyüm üçündür, bilmirəm, hadisə o qədər təsir etdi ki, gözlərim doldu. Sonun hara varacağını izləyirdim. Düzü, satıcı ondan gözlədiyim cavabı da gecikdirmədi: “pulun yoxdur, alma,  gərək ananas yeyəsən?”.   Dayı günahkarcasına: “ay bala, mənlik olsa, yemərəm, xəstəm var ” dedi.

Kasıbsansa, ananas yeyə bilməzsən. Danışa bilməzsən, sənin etiraz etmək haqqın yoxdur. İnkişaf etmiş ölkələrdə Amerika kimi bir dövlətdə kasıbsansa bu sənin günahındır, Avropada bunu başqa təsirlərlə də əlaqələndirib, hardasa sənə haqq qazandıra bilərlər. .. Bəs Azərbaycanda necə, “niyə kasıbsan?” sualının cavabı kimdədir? Bizdə, yoxsa, neftimizlə günü-gündən göəzəlləşən,  artan, ucalan, böyüyən şəhərimizdə? Düzü, cavabı hamımız bilirik, xəstəsinin ürəyi ananas istəyən o dayı isə tək deyil…

 Bu yaxınlarda neft səltənətində, yəni Azərbaycanda baş verən devalvasiya bütün qiymətləri qaldırdı. Özü də, sözün bir iqtisadi termin olduğunu nəzərə alsaq, sağ olsun tv-lər və radiolar, onu bütün kasıb təbəqənin dilinə də saldı. Devalvasiyadan sonra meyvənin qiymətində baş verən artımı görüb, gözüm kəlləmə qalxdı, xüsusi ilə “”ananas” söhbətində.

Əlləri qabar olmuş, orta yaşlı bir kişi meyvə dükanında qiyməti  6manata olan ananasa baxıb kövrəkcəsinə ”neçəyədir ki?” deməsindən bərk təsirləndim. Dayana bilməyib: “Axı 3 manata idi, başqa dükanlarda yəqin elə 3 manatdır” deyib, yanımda dayanan dayıya ümid vermək istədim. Satıcı şəstlə dedi ki, devalvasiyadan sonra 7 manata imiş, hələ indi 6 manata düşüb. Bəli, buyurun neft milyonlar səltənətində vətəndaş ananasa həsrətdir. İndi günah kimdədir, az pulla yaşayan fəhlədə, yoxsa hər şeyi süni yolla artırıb dəvənin belinə mindirən, vətəndaşın belin qırmağa çalışan hökumətdə, bunu demək çətin olacaq. Amma çalışdım ki, həmin kişi üçün o ananası alam.

Düzü ananası aldıq, alıcı gedəndən sonra satıcı “kasıbsan, canın çıxsın, ayağını yorğanına görə uzat” dedi. Münasibət budur. Kasıbsan, yemə, daha nə demaqoqluq edirsən. Mənə o ananası bu qiymətə satmaq sərf edir. Mən rəsmi və qeyri rəsmi vergilər verməliyəm. Hələ başqa nə qədər yerlərə verməliyəm. Yəni, ananas ala bilmirsənsə, etirazı mənə eləmə. Get, lazım olan yerdə elə…

Ritorik sual yenə meydana çıxır. Kimdir müqəssir?

Ana səhifəMənim FikrimcəXəstəsi meyvə istəyən…