Xəstə xarici ölkədə müalicəyə necə göndərilir?

Xaricdə müalicə üçün ayrıca vəsait nəzərdə tutulmayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilər ki, büdcədən kənar vəsaitlər hesabına müalicəyə göndərilən vətəndaşlarınn kimliyini açıqlaya bilməzlər.

Source:


Xaricdə müalicə üçün ayrıca vəsait nəzərdə tutulmayıb

“Uşağın vəziyyəti ağırdırsa deyirlər ki, 150 min avro ödəyin əməliyyata salaq. Əməliyyatdan sonra pulun 30 mini uşaq xəstəxanadan çıxanda qaytaracaqlar. Bu da yalnız əməliyyatın puludur. Düz dörd dəfə Heydər Əliyev Fonduna yazmışam. Prezidentə də yazmışam. O məktublar da Səhiyyə Nazirliyinə, ya da Gəncənin İcra Hakimiyyətinə göndərildi. Nəsib Quliyevin də yanında oldum. Mənə dedi ki, get, özünə sponsor axtar, buralarda vaxt itirmə” – deyir övladı talassemiya xəstəliyindən əziyyət çəkən Ayfər Həsənova.

Ana bildirdi ki, 4 aylığından qızı Fatimə Əmiraslanovada talassemiya xəstəliyi aşkarlanıb. Donorları da ailə özü axtarır, Qan Bankının da ehtiyaclarını qarşılamadığını söylədi. Dəfələrlə xarici ölkədə müalicə almaq üçün dövlət qurumlarına müraciət etsə də, müsbət cavab almayıb.

2005-ci ildən ölkədə müalicəsi olmayan xəstəliklərdən əziyyət çəkən insanları xarici ölkəyə göndərən komissiya fəaliyyət göstərir. Mətbuatda xarici ölkələrə göndərilənlərin statistikasını tapmaq olar, ancaq şəxslərin adları açıqlanmır, eyni zamanda kimin hara və hansı xəstəliklə əlaqədar göndərildiyi qeyd olunmayıb. Onu da qeyd edək ki, xəstələri xarici ölkəyə müalicəyə iki nazirlik göndərə bilər – Səhiyyə Nazirliyi və Əmək və

Əhalinin Sosial Müdafiəsi Nazirliyi.

Hər iki nazirliyə suallarımızı ünvanladıq. Tam cavab ala bilməsək də, qismən suallarımız cavablandırıldı.

Öncə 2013 və 2014-cü illərdə bu məqsədlə büdcədən ayrılan vəsaitlə maraqlandıq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayevin sözlərinə görə, müalicə üçün vəsait ayrılır, ancaq onu müəyyən etmək çox çətindir: “2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 19-60 yaş arasında olan 65 nəfər əlil vətəndaşın Ukraynanın Krım vilayətinin Saki şəhərindəki N.Burdenko adına ixtisaslaşmış müalicə mərkəzində, 30 nəfər əlilin isə Latviyanın Yurmala şəhərində yerləşən «Vaivari» sanatoriyasında bərpa-müalicə kursu keçməsi təşkil edilib. Dayaq-hərəkət sistemi xəstəlikləri olan həmin vətəndaşların əksəriyyəti əlil arabasında olan I qrup əlillərdən, digərləri isə II qrup əlillərdən ibarət olub.  Bərpa müalicəsinə göndərilən əlillərin əksəriyyəti ölkəmizin ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş insanlardır”.

E.Babayev qeyd etdi ki, uşaq serebral iflic xəstəliyi olan sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar bərpa-müalicəsi kursu keçmək üçün nazirlik tərəfindən Ukraynanın Evpatoriya şəhərində yerləşən Uşaq Klinik Sanatoriyasına göndərilib: “2013-cü ildə 79 nəfər belə uşaq valideynləri ilə birgə qeyd olunan sanatoriyaya yola salınıb. Bu işlər «2013-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı»na uyğun olaraq aparılıb. Nazirliyin müvafiq əmri ilə təsdiqlənmiş «2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı»na uyğun olaraq, cari ildə də əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların xaricdə bərpa müalicəsinin təşkili istiqamətində məqsədyönlü tədbirlər həyata keçiriləcəkdir”.

Elman Babayev onu da dedi ki, 2014-cü il üçün  əlillərin xaricdə müalicəsi üçün “sosial sifariş” adı altında tender elan olunub. Tenderin nəticəsi mayda elan olunacaq.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə xarici ölkədə müalicə üçün ayrıca vəsait nəzərdə tutlmadığı bildirildi: “Büdcə vəsaiti deyil. Ölkələr arasında danışıq var. Türkiyədə əməliyyat üçün göndərilənlər qarşılıqlı anlaşma nəticəsində göndərilirlər. Xəstələrin adlarının və soyadlarının açıqlanmaması da həkim sirri ilə əlaqədardır. Onları açıqlamaq etik qaydalara uyğun gəlmir”

İqtisadçı ekspert Azər Mehtiyev də büdcə paketində xaricə müalicə və əməliyyat üçün nəzərdə tutulan vəsaitlə qarşılaşmadığını söylədi:

“Büdcə paketində xaricə müalicəyə göndərilmək üçün məbləğ heç bir maddədə ayrıca göstərilməyib. Görünür, bunu müvafiq qurumların ixtiyarına buraxıblar və hər bir konkret halda xüsusi qərar verilir. Xaricə müalicəyə adam göndərmək proseduru mürəkkəbdir. Razılaşdırmalar zaman və enerji aparır. Bir qayda olaraq, əlilləri göndərirlər xaricə. Xüsusilə, Qarabağ müharibəsi əlilləri daha çox olur. Xüsusi əməliyyatlar üçün göndərmə halları təsadüfi ola bilər. Bu da ən yüksək səviyyədə razılaşdırılmaqla ya da tapşırıqla mümkün ola bilər”.

“Mən 2010-cu ildə Sakiyə aparıldım. İlk dəfə idi müraciət edirdim. Baş-beynin travmatik xəstəliyindən əziyyət çəkirəm. Məni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müalicəyə aparıb. Həmin il də Azərbaycandan 70 nəfər əlil bərpa müalicəsi almaq üçün göndərilirdi” – dedi anonim qalmaq istəyən 2-ci qrup əlil Həsən Məmmədov (ad şərtidir).

H.Məmmədov xarici ölkələrdən Türkiyəyə əməliyyat üçün xəstələrin göndərildiyini təsdiqlədi. Ancaq onlar adi adamlar olmurlar: “Əməliyyatla bağlı Türkiyənin Gülhanə Hospitalına göndərilən var. O da Milli Təhlükəsizlik Nazirliyinin işçisi idi. Ürək əməliyyatı olundu. Onun əməliyyatı 20 min manat etdi. Bunu da Səhiyyə Nazirliyi ödədi. Əməliyyata adi əlilləri aparmırlar. Əsasən sistem işçilərini və Qarabağ əlillərindən aparırlar”.

2012-ci ildə 1050 nəfər xaricdə müalicə olunmaq üçün müraciət edib. Onlardan yalnız 4-nün xaricdə müalicəsi baş tutub. 2013-cü ildə isə 1230 nəfər müraciət edib. Onların isə yalnız 3-ü müalicəyə göndərilib. Bu haqda Səhiyyə Nazirliyinin xarici ölkələrdə müalicə komissiyasının sədri Nəsib Quliyev danışdı: “2013-cü ildə əlil olmayan vətəndaş xaricə göndərilməyib. Onların 3 nəfəri müalicəyə göndərilib. Hər üçü fiziki məhdudiyyətli insandır. Adamların göndərilməsi üçün vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindədir. Səhiyyə Nazirliyinin elə bir maddəsi, vəsaiti yoxdur. Adamlar Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi tərəfindən göndərilir, əgər göndərilirsə. Vəsaiti də onlar ayırır. Səhiyyə Nazirliyində sadəcə mütəxəssis komissiyası vardır”.

Son zamanlar sosial şəbəkələrdə sümük iliyinin köçürülməsi üçün sıravi vətəndaşlar arasında aparılan kampaniyalardan da söz saldıq. N.Quliyev xaricə orqan və toxumaların köçürülməsi üçün xəstə göndərməyə səlahiyyətləri olmadığını dedi:  “Orqan və toxumaların köçürülməsi komissiyanın səlahiyyətinə aid deyil. Biz kiməsə ürək, qaraciyər, sümük iliyi, dəri köçürülməsi məsələlərini müzakirə etmirik. Bizim səlahiyyətlərimizdən kənardadır. Orqan köçürməyə biz baxmırıq. Orqan köçürüləndə gərək dövlətdə o xidmət mövcud olsun. Orqan köçürmə birdəfəlik əməliyyat deyil ki, nəyinisə dəyişdin sağollaşasan. Gərək ömürlük qeydiyyatda olasan, xidmət göstərilsin, dərman korreksiyası aparılsın. Xidmət yaransın, ondan sonra aparılsın. Sümük iliyinin köçürülməsi ilə bağlı hazırlıq işləri başa çatmaq üzrədir.  Talessemiya Mərkəzində sümük iliyi köçürüləcək, yaxın zamanlarda açılış olacaq”.

N.Quliyev müalicə üçün göndərilən vətəndaşların adlarını da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlaya biləcəyini bildirdi. Belə ki, bütün sənədlər sözügedən nazirlikdə olur.

.

Hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, şəxsi həyat sirri ilə bağlı, xəstəlik, müalicə üçün zəruri olan ehtiyacları özəl həyat sirləri kimi qorumaq olar: “Maraqlı olan budur ki, bu və ya digər formada şəxsə dövlətin hansısa vəsaitini xərcləyib başqa yerə müalicəyə göndərirlərsə, burada sizin sorğunuz ictimai maraq daşıyır. Burada tam indentifikasiya edilməmək şərtilə məsələn, hansı xəstəliyin daşıyıcısı olduğunu, yaş sernzini, ölkədə nədən müalicə oluna bilmədiyi tipli bigilər paylaşıla bilər. Müalicəyə göndərilən şəxslər ictmai fiqurlardırsa, o zaman artıq bu məlumatın gizlədilməsi mümkün deyil. “İnformasiya əldə etmə haqqında” qanunda bir müddəa var ki, dövlətin ayrı-ayrı şəxslərə və ya qurumlara verdiyi imtiyazlar haqqında informasiyalar gizlədilə bilməz. Xaricdə müalicə də imtiyaz kimi qiymətləndirilə bilər. Minlərlə xəstənin içindən kimsə seçilib müalicəyə göndərilirsə, spesifik olaraq imtiyaz saxlayır deməkdir. Bu tip imtiyazların hər hansı bir formada gizlədilməsinə yol verilmir, hətta şəxsi həyat sirri və ya həkim sirri kimi olsa belə”.

“Sakidəki müalicə mənə çox yaxşı təsir etdi, ancaq ikinci dəfə məni müalicəyə yollamadılar. Davamlı müalicə almalı olsam da, ikinci dəfə üçün nə tanışım, nə də pulum vardı” – dedi 2-ci qrup əlil Həsən Məmmədov.


Эту тему можно обсудить на Азерифорум, по этому линку:





http://azeriforum.org/index.php?/topic/4766-x%C9%99st%C9%99-xarici-%C3%B6lk%C9%99d%C9%99-m%C3%BCalic%C9%99y%C9%99-nec%C9%99-g%C3%B6nd%C9%99rilir/


Ana səhifəXəbərlərXəstə xarici ölkədə müalicəyə necə göndərilir?