“Xəstə nəvəmə qida, dərman almağa pul tapmırıq”

Ailə bir neçə dəfə sosial şəbəkələr vasitəsilə Hüseynə qida, pampers istəyib, yalnız bundan sonra tanımadıqları insanlar yardımçı olub.

Source: Specify Source


Maştağa sakini deyir, şəraitsizlik, evsizlik, işsizlik ailə üzvlərini bir-bir ölümə sürükləyir

“Bir nəvəm elə bu şəraitsiz evdə nəmişlikdən vərəm tutdu, öldü. İndi də 6 yaşlı nəvəm ağır xəstədir, nə qidasını çatdırırıq, nə pampersini… 17 nəfər iki otağa sığınıb, o da öz evimiz deyil, kirayədəyik. Vəziyyətimiz o qədər ağırdır ki, sözlə ifadə edə bilmirəm”.

Maştağa sakini Səfurə Manafova Meydan TV-yə danışır ki, vaxtilə həkimlərin etdiyi məsuliyyətsizliyin altını indi 6 yaşlı nəvəsi Hüseyn və ailə çəkir. Deyir, Hüseyn 6 il əvvəl Sabunçudakı doğum evində dünyaya gəlib. Həkimlər doğuşdan əvvəl ailədən pul istəsələr də, ailənin istənilən məbləği ödəməyə imkanı olmayıb, nəticədə həkimlər doğuşa məsuliyyətsiz yanaşıblar, doğuş prosesində körpənin başını əzərək zədələyiblər. Ailə bundan körpəni bir neçə gün sonra Elmi-Tədqiqad Pediaterial İnstituta (OMD kimi tanınır-red.) götürəndə xəbər tutub.


“Dərman, pampers ala bilmirik”

“OMD-də körpəni yoxladılar, dedilər, uşağın baş nahiyəsi maqqaşla sıxılıb, nəticədə beyin travması alıb. Bu isə beyin iflicinə səbəb oldu, o gün – bu gün Hüseyn əzablar içindədir. Başı inkişafdan qalıb, beli tutmur, yataq vəziyyətindədir. Səhərə qədər ağrılardan zarıyır, baş ağrılarına dözə bilmir, bircə sağ əli işləyir, səhərə kimi əliylə başını döyəcləyir, ağrıkəsicilərlə saxlayırıq. Çox müalicələr aldı, bu müalicələri isə hər dəfə Heydər Əliyev Fonduna yazandan sonra götürürdü. İndi deyirlər ki, müalicələrin heç bir faydası yoxdur. Nə dərmanlarını ala bilirik, nə də pampersini… Məcbur oluruq ki, pampersin içinə əski qoyaq, tez-tez əskini dəyişək. Bu da ona narahatçılıq yaradır, qışqırır, ağlayır”, – nənə danışır.

Ailə bir neçə dəfə sosial şəbəkələr vasitəsilə Hüseynə qida, pampers istəyib, yalnız bundan sonra tanımadıqları insanlar yardımçı olub.


“Evimizi köçkün zəbt edib, 26 ildir küçələrdəyik”

Ailənin digər problemi yaşayış şəraiti ilə bağlıdır:

“Evimizi köçkün ailəsi zəbt edib, özümüz 25 ildir ki, küçələrdə, qapılarda kirayələrdəyik. 17 nəfərlik ailə şəraitsiz, rütubətli balaca otaqda yaşayır. Vallah, gəlib baxsanız, bu damın altında it də qalmaz, məcburiyyətdən qalırıq. Bir nəvəm elə nəmişlikdən vərəm tutdu, öldü. Bir yaxşı insan vəziyyətimizi görüb dözə bilmədi, bizə iki sot torpaq sahəsi bağışladı. Ondan-bundan borca-xərcə girib otaq tikməyə başladıq, Sabunçu Rayon İcra Hakimiyyətinin qoçuları gəlib 2500 manat rüşvət istədi, verə bilmədik, tikdiyimizi gözümüzün önündə sökdülər. Göz yaşımıza baxmadılar, əlil uşağı nəzərə almadılar”.


“Pensiya kartı əlimizə gəlib çatmır”

İş orasındadır ki, balaca Hüseynin pensiya kartı ailənin əlinə gəlib çatmır. Hər dəfə başqa-başqa adamların cibində olur. Səfurə xanım sözünə davam edir:

“Əvvəl pensiyası 87 manat idi, bir neçə aydır ki, 200 manat olub, ancaq kart özümüzdə olmur. Hüseynin həyatda qalması üçün normal qidalanması şərtdir. Özümüz yemirik, tapdığımızı ona yedirdirik. Ondan-bundan borc pul alıb uşağın qida məsələsini həll edirik, sonra da kartı veririk, pensiya yüklənəndə borcu kartdan çıxarır”.


“Sökülübsə, deməli, qanunsuz olub”

Sabunçu Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, ailənin köçkünlər tərəfindən zəbt olunmuş mənzilə dair mülkiyyəti təsdiqləyən sənədi varsa, məhkəməyə müraciət edib mənzilin boşaldılaraq qaytarılmasını tələb edə bilər. 2010-cu ildən bununla bağlı məhkəmə qətnamələri mülkiyyətçilərin xeyrinə çıxarılır. Məhkəmələr köçkünlərin mənzil probleminin həllini Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin üzərinə öhdəlik kimi qoyur: “O ki qaldı tikilinin sökülməsi ilə bağlı deyilənlərə, icra hakimiyyəti sənədi, sübutu olan tikilini sökmür, sökülübsə, deməli, qanunsuz tikili olub”.

Ailənin sosial durumuyla bağlı isə qurumdan bildirilib ki, Manafovlar buna görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir.

Ana səhifəSosial“Xəstə nəvəmə qida, dərman almağa pul tapmırıq”