Niyaməddin Əhmədov

Mənbə: arxiv

Başlıq: Niyaməddin Əhmədov

“Xəstə anası oğlu ilə danışsa, kimə nə ziyan gələr?”

Niyaməddin Əhmədovun ailəsi ilə danışmasına icazə verilmədiyi deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədovun ailə üzvlərilə telefon danışığı və görüş qadağasının davam etdiyi bildirilir. Bu barədə Meydan TV-yə onun atası Arif Əhmədov məlumat verib. Onun sözlərinə görə, Bakı Apelyasiya Məhkəməsi də oğlunun bu barədə şikayətinə baxmaqdan imtina edib.

Bu ilin mayından həbsdə olan N.Əhmədovun atası deyir ki, ötən altı ay ərzində oğlu ilə nə görüşə biliblər, nə də telefonla danışmağa icazə verilir: “Vəkil danışır və görüş hüququnun pozulmasıyla əlaqədar Sabunçu Rayon Məhkəməsinə şikayət vermişdi. Çünki Bakı İstintaq Təcridxanası bu rayonun ərazisində yerləşir. Məhkəmə şikayətə baxmaqdan imtina etdi. Nə vəkilə xəbər veriblər, nə Niyaməddinin özünü gətiriblər məhkəməyə, elə şikayətin geri qaytarılması haqda qərar çıxarıblar. Həmin qərardan apelyasiya şikayəti verilmişdi. Bakı Apelyasiya Məhkəməsi də qüvvədə saxladı. Bura da Niyaməddinin özünü gətirməmişdilər”.

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun 19.7 maddəsində yazılıb ki, həbs edilmiş şəxslər həftədə iki dəfə 15 dəqiqəyədək telefonla danışmaq hüququna malikdir. Onların həmçinin həftədə bir dəfə ailə üzvlərilə görüşmək hüququ var.

“İmkan olanda sovqat aparıb qapıdan veririk, vəssalam. Yaşlı, xəstə anası var, onunla telefonla danışsa, oğlunun səsini eşitsə, kimə nə ziyan dəyə bilər? İmkan vermirlər”, - Arif Əhmədov bildirib.

N.Əhmədovun istintaq dövründə həbsdə saxlanma müddətinin daha 5 ay artırılması barədə Nəsimi Rayon Məhkəməsinin qərarından da apelyasiya şikayəti verilib.

Niyaməddin Əhmədov da bu ilin aprelindən həbsdədir. Ona öncə karantin rejimi qaydalarını pozma ittihamıyla 1 ay inzibati həbs cəzası verilib. Bu cəza başa çatanda isə barəsində cinayət işi başlanıb, ona qarşı terroru maliyyələşdirmə ittihamı irəli sürülüb. İddia olunur ki, Almaniyada siyasi mühacir kimi oturum almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini, o cümlədən prezident və ailəsini tənqid, bir sıra hallarda təhqir edən Qabil Məmmədov Azərbaycanda terror törətmək istəyib və bu məqsədlə N.Əhmədova pul göndərib.

N.Əhmədov isə ittihamı rədd edir, Ə.Kərimlinin mühafizəçisi olduğuna görə həbs edildiyini deyir. Q.Məmmədovla eyni kənddə vaxtilə qonşu olduğunu deyən N.Əhmədovun sözlərinə görə, saxta ittihamı düzüb-qoşmaq üçün bu məqamdan istifadə olunub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/y2cjis

Ən çox baxılan