”Xəstə adam bir gündə o qədər brilyantı necə satdı?”

Həbsdəki MTN-çilərə qarşı 400 minlik iddia…

Foto: Azərtac
MTN
MTN


Həbsdəki MTN-çilərə qarşı 400 minlik iddia…

Barələrində verilən hökmdən narazı qalmış MTN generalları Sübahir Qurbanov, Teymur Quliyev və daha beş nəfərin – polkovnik Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Anar Şirəliyev və Fərhad Atayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Apelyasiya Məhkəməsində zərərçəkmiş Arif Həsənovun vəkili çıxış edərək, həm apelyasiya şikayətlərinin, həm də mülki iddialarının təmin olunmasını istəyib. Mülki iddiada A.Həsənov vaxtilə ona vurulmuş ziyanın əvəzi olaraq, 400 min manat tələb edir. Vəkil bildirib ki, bu məbləği təqsirləndirilən şəxslər F.Əliyev, N.Alıyev və Z.Məmmədovun ödəməsini tələb edirlər.

Zərərçəkmiş apelyasiya şikayətində MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları olmuş Z.Məmmədov və N.Alıyevin cəzasının ağırlaşdırılması məsələsini də qoyub. Bakı hərbi Məhkəməsinin hökmüylə onların hər biri 10 il azadlıqdan məhrum edilib.

Daha sonra təqsirləndirilən MTN polkovniki F.Əliyevin vəkili İlyas Kərimov çıxış edərək, bir çox epizodlar üzrə ittihamların tam əsassız olduğunu, bir şəxsin ifadəsindən başqa heç bir mötəbər sübuta söykənmədiyini bildirib. Vəkilin sözlərinə görə, həmin ifadələrin də əksəriyyəti Bakı Hərbi Məhkəməsində təkzib olunub: “Xüsusən 2013-2014-cü illərdə rəhbərliyin göstərişilə MTN əməkdaşları “obnaliçka” əməliyyatlarına qarşı fəal mübarizə aparırdı. O adamların da əksəriyyəti qanunsuz maliyyə əməliyyatları, “obnaliçka” ilə məşğul olduqlarına görə nazirliyə dəvət olunublar. Onların pul almaq məqsədilə MTN-ə gətirilməsi işdəki sübutlarla da təkzib olunur. Saxta sənəd satan firmalarla dövlət təşkilatları arasında əlaqə barədə məlumat daxil olubsa, bu araşdırılmamalıydı?”

Vəkil bildirib ki, zərərçəkmiş qismində tanınan bir çox şəxsin ifadəsi istintaq zamanı təhrif olunub. Müdafiəçinin sözlərinə görə, zərərçəkmişlərdən Şahin Əmiraslanov Bakı Hərbi Məhkəməsində dindiriləndə istintaqdakı ifadəsi onun nəzərinə çatdırılıb. O isə belə bir ifadə vermədiyini bildirib: “Qalib Süleymanov da istintaqdakı ifadəni təkzib elədi. Dedi ki, nə kiməsə pul verib, nə də bu adamlara qarşı şikayət və tələbi var”.

MTN əməkdaşlarına 90 min dollar və anasının brilyant sırğalarını verdiyini iddia edən zərərçəkmiş İlqar Əliyevlə bağlı məsələyə toxunan vəkil deyir ki, onun söylədiklərinin yalan olması elə öz ifadələri ilə təsdiqlənir: “Bir yerdə deyir ki, MTN-də məni üç gün saxlayandan sonra buraxdılar, getdim. Atam bir günün içində qızıl-brilyantını satıb 90 min düzəltdi, üstünə də anamın sırğasını qoyub verdim. Başqa bir ifadədə deyir ki, 16 min özümdə vardı, qalanını da atam düzəltdi. Bunların hansı düzdü? Anası da ifadəsində bildirir ki, həmin vaxt həyat yoldaşı çox ağır xəstə idi, oğlunun tutulmasını ondan gizlədirdilər. Xəstə adam bir günün içində o qədər qızıl-brilyantı necə satdı?”

Vəkil əlavə edib ki, zərərçəkmiş şəxslərin həqiqətən MTN-ə aparılıb-aparılmaması, orada nə qədər saxlanması barədə ittihamda yazılanları dəqiqləşdirmək üçün Dövlət Təhlükəsizliyi Xidmətinə sorğu verib, MTN-ə giriş-çıxışlarla bağlı qeydiyyat kitabçalarının alınması vacib idi. Lakin məhkəmə bu barədə çoxsaylı vəsatətləri təmin etməyib.

Məhkəmə prosesi noyabrın 22-nə qədər təxirə salınıb.

2015-ci il oktyabrın 17-də MTN-də keçirilən əməliyyat nəticəsində nazir Eldar Mahmudov vəzifəsindən azad olunub, nazirliyin 5 generalı (Akif Çovdarov, Natəvan Mürvətova, Sübahir Qurbanov, Teymur Quliyev və Elçin Quliyev) və daha 16 nəfər müxtəlif rütbəli əməkdaşı saxlanılıb. Onlardan yalnız Natəvan Mürvətova ev dustaqlığında olub. MTN-in Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev isə həbsdindən iki ay sonra Bakı İstintaq Təcridxanasında intihar edib.

Həbs olunan şəxslərin işi bir neçə qrupa ayrılıb. MTN-in Monitorinq İdarəsinin rəisi Teymur Quliyev, Əməliyyat Texniki İdarənin rəisi Natəvan Mürvətova və Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi Sübahir Qurbanov yeddi nəfər əməkdaşları ilə birlikdə məhkəmə qarşısına çıxarılıb.

Müxtəlif iş adamlarının əmlaklarını, pullarını hədə-qorxu ilə əllərindən almaqda, onları bu məqsədlə qanunsuz olaraq, MTN-ə gətirib orada saxlamaqda, qanunsuz telefon dinləmələrində, əməliyyatlara ayrılmış vəsaitləri mənimsəməkdə təqsirləndirilən Sübahir Qurbanov və müavini Füzuli Əliyevə 14 il, Teymur Quliyevə 12 il, Zaur Məmmədov və Natiq Alıyevə 10 il 6 ay, Anar Şirəliyev və Eşqin Əliyevə isə 3 il azadlıqdan məhrumetmə cəzası verilib.

Natəvan Mirvətova, Fərhad Atayev və Elşad Əzizov isə şərti cəza verilib.

Anar Şirəliyev və Eşqin Əliyevin cəzası başa çatıb və onlar buraxılıblar.

Ana səhifəXəbərlər”Xəstə adam bir gündə o qədər brilyantı necə satdı?”