Xəlqi Hüseyn üçün ağ saçların həsrət tökümü…

Bizim Xəlqilərin də vətən, insan və azadlıq hekayətləri bitmədi, bitməyəcək

Source: Meydan TV


Bizim Xəlqilərin də vətən, insan və azadlıq hekayətləri bitmədi, bitməyəcək

Təxminən altı-yeddi il əvvəl “Facebook” səhifəmin mesaj qutusuna yazıb soruşdu ki, şəkildəki xanım sizsiniz? Salam-kəlamımız yox idi. Nə deyəcəyimi bilmədim. Birdən anası yaşında birinin burda niyə “qurdalandığına” işarə vursa? Nə də olsa çox gəncdir, bilib-bilmədən ürəyimi sındırar. Ən yaxşısı görməzdən gəlmək idi. Birdən necə oldusa, “bəli” yazdım. Və o “bəli”nin “anacan”la başlayan cavabı dünyanın ən xoş təəssüratlarından birini yaşatdı mənə.

Xəlqi söz verirdi ki, vaxtsız ağaran saçlarımın hesabını bir gün soracaq bunda “əməyi” olanlardan. Vaxtsız ağaran saçların içində gündəlik ehtiyaclardan tutmuş, fiziki, mənəvi “cəza növlərinə” qədər hər şeyin olduğunu o gənc necə duymuşdu görəsən? Yoxsa əlli ərəfəsindəki bir yaşda saçların ağarması vaxtsız sayılmaz ki.

Arada hal-əhval bilərdi, dərdləşərdik. “Ana”nı, “bibi”ni elə şirin-şirin ifadə edərdi ki, üzünü bircə dəfə görmədiyimə artıq özüm də şübhə edərdim. Həyat şərtləri getdikcə daraldığından mütamadi əlaqələr də qırılır. O cümlədən Xəlqi ilə fikirlərimizə yalnız ümumi səhifədə münasibət bildirərdik. Daha dəqiq desək, mən o istiqanlı uşağın diqqətini daim hiss edərdim. Onun isə adı birdəfəlik ürəyimə yazılmışdı. Unudub eləməmişdim.

Üç illik fasilədən sonra bir yay gecəsi Xəlqi təşvişlə məndən hardasa özü yaşda qəbələli gənci soruşdu. Uzun illər öncəsi evlərini tərk etmiş o gənc uşaq vaxtı bizə sığınmışdı. Anasının oğlan uşaqlarıyla nəsə ulduzu barışmırdı. Hərəsini bir bəhanə ilə evdən qovmuşdu.

Bir gün gəlib beş-altı günlüyə bizim eyvanda gecələməyə icazə istədi. Anam “olmaz, a bala” deyəndə dinə bilməyib özümü küçəyə atdım və qayıdanda onları “nənə-bala” şabalıd qovuran gördüm. Demək ki, mənim məndən beşbetər anam soyuğa görə eyvanda “olmaz” deyibmiş. Beləcə o uşaq bizdə qaldı. Yazıya, mütaliəyə maraq aşıladıq, haqqını qorumağa köklədik. O müddət ərzində anasının ərizəsinə görə iki-üç dəfə polisdən qurtardıq. İradəsi zəif idi, bircə dəfə sutkalığa düşsə beyni kim bilir haralara çönəcəkdi. Onu hər dəfə “axtarmaq” marağında olmayan polislərin işarəti ilə o qədər Bakıya göndərdik ki, uşaq şəhərə vərdiş oldu. Sonra cəbhəyə ən yaxın mövqelərin birində əsgərlik, o mövqelərə ziyarətlərimiz…

Bazar piştaxtalarında formalaşan “perik” uşağı mühitə nə qədər uyğunlşadırmaq olarsa, yaxşı dostların sayəsində biz ondan daha artığına nail olduq. O nailiyyət o uşağı məna, məzmun dolu həyata aparacaqdı. Amma bunlar öyrəşdiyi əskiklərə yetmədikcə, o çılğınlaşırdı. Hətta əsgərlik vaxtı komandiri zəng vurub məni təcili çağırmışdı. Yaxın bir dostla özümüzü çatdırıb əlimizdən-dilimizdən gələni etmişdik. Qayıdandan sonra sosial şəbəkələrdən Xəlqi ilə tanış olubmuş.

O uşağı soruşduğu həmin o gecə səhərə qədər biz Xəlqi ilə böyük bir həyəcan yaşadıq. Mesajdakı əlvidanın və xahişnamələrin hər işarəsi böyüyüb kabusa döndü. Qaldığı yeri bilmirik, telefonu bağlayıb, internetdən çıxıb. Olub-olacaqlar kino lenti kimi gözünün önündə, əllərin qoynunda məchul səhəri gözləməyə məhkumsan. Ürək, beyin dözəsi şey deyildi, yalnız bir şərtlə ki… Önündə bir işıq yanır. Xəlqinin işığı. Yatmır səhərə kimi. Arada dərdləşirik. Öz yaşıdı üçün elə qayğılanır ki, sanki övladı barədə danışır. Onun ruh halının yaxşı olmadığını deyir. Onunla nə paylaşılıb əzbər bilirəm, əlimdə neçə ilin təcrübəsi var. Amma Xəlqi xahiş edir ki, bizim söhbətimizdən adamın xəbəri olmasın, heç bu gecədən də. Eyni fikirdəyik. Utanar birdən, cavandır. Xəlqi guya cavan deyil, sadəcə dərd ortağıdır. Əl tutandır, xilas yolu axtarandır.

O uşaq şirin yuxusunda, biz onun yuxusunun keşiyində səhəri açdıq. Mən açılan səhərə sevinə bilmirəm. Bütün gecəni susan nömrəyə zəng vurmağa əlim gəlmir. “Son mesaj”ın maddələrindən qorxduğum üçün deyil, əyər bir şey baş veribsə, əl yetirə bilmədiyim üçün.

Sinirlərimin tam nəzarətdən çıxdığı ağır dəqiqələrdə Xəlqi xəbər verdi ki, indicə onunla danışıb. Allahım… Sanki üstümdən dağ götürüldü. Di gəl ki, kabusun bitdiyinə inana bilmirdim. Yəni, bu uşaq gecə yazdıqlarından vaz keçərək bizi bir faciəyə “”seyrçi” və bunun davamı olaraq “cavabdeh” etmədimi? O qədər rahatam ki, artıq bu ədalətsiz oyundakı rolumun ağırlığını unuduram. Vəziyyət bütün gecəni telefondan asılı qalan Xəlqi üçün də keçərliydi. “Gecə növbəsində” bərabər olmuşduq. Hərçənd ondan sonra da uzun müddət dəstəyin bütün növlərində yanında olduq. Xəlqi ona böyük şəhərdə, mən də bütöv dünyada tək olmaqığını sübut etməyə çalışırdıq.

Artıq Xəlqi yoxdur. O uşaq isə bizim təsəvvürlərimizi, inamlarımızı xərcləyə-xərcləyə “başını aşağı salıb” çörəyini qazanmaq yolunu seçdi. Yaşlananda “analıq hissi” oyanmış qadın “kupçanın” bir küncünü göstərən kimi yuvasına uçuraq onu “başdan çıxardıb fikrini qarışdıranlardan” cəh-cəh vurmağa başladı. Olsun, hərənin bir yolu var, sadəcə o yola başqalarının yollarından ən gözəl hissələri kəsərək gedirlər. Beləcə mərhəmətli, saf münasibətlərə hesablanmış o layihə “o uşağın” xeyrinə başa çatdı.

O boyda yaxın-uzaq ətrafına, şəxsən tanıyıb sevənlərinə baxanda Xəlqidən yazacaq sonuncu adamam. Həyatda heç görüşmədik də. Kiçik bir əhvalatla xatırlatmaq istədim ki, bu ölkədə Xəqi olmaq da elə bir Qavroşluqdu. Nə olsun ki, Fransa uzaqdır, Hüqonu zaman apardı. Bizim Xəlqilərin də vətən, insan və azadlıq hekayətləri bitmədi, bitməyəcək. Sadəcə ucuz reytinqlərin, düşük şouların asılısına çevrilmiş xəstə cəmiyyət belə mövzulara qapalıdır.

Ruhun şad olsun, böyük amalların iddiasız, fədakar yolçusu…

P.s. “Ölüm” sözünü xəcalətdən işlətmədim bu yazıda Xəlqi balam. Çünki, o sözü daşıyacaq adam sən deyildin…

Ana səhifəXəbərlərXəlqi Hüseyn üçün ağ saçların həsrət tökümü…