Avropa Şurası Nazirlər Komitəsinin qərarından 4 ay sonra iş yenilənib
Baş Prokurorluq Xədicə İsmayılovaya qarşı qaralama kampaniyasının günahkarlarını tapmaq üçün cinayət araşdırmasını bərpa edib.
Araşdırmaçı-jurnalist Xədicə İsmayılova 2010-2011-ci illərdə ard-arda Prezident və ailə üzvləri ilə bağlı araşdırmalar yayımlayandan sonra təhdid, təhqirlərlə üzləşib.
Bundan sonra hakim siyasi partiya olan YAP-ın nəzarətindəki “Yeni Azərbaycan”, “İki Sahil”, “Səs” qəzetləri jurnalist haqda aşağılayıcı məzmunlu məqalələr dərc edib. İnternet mediasında isə jurnalistin yataq otağından gizli çəkilmiş video görüntülər yayılıb. Jurnalist hüquq mühafizə qurumlarına, məhkəmələrə şikayətlər versə də, təqsirkarlar məsuliyyətə cəlb edilməyib. Prokurorluq “Cinayət Məcəlləsinin 156-cı (şəxsi həyatın toxunulmazlığını pozma) maddəsilə cinayət işi başlayıb, lakin həmin icraat 17 avqust 2015-ci ildə dayandırılıb. Jurnalist icraatın yenilənməsi üçün bir neçə dəfə müraciət etsə də, araşdırmalar bərpa edilməyib.
Xədicə İsmayılovanın şikayətləri üzrə yerli hüquq mühafizə qurumlarının, məhkəmələrin qərarları Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qarşısında mübahisələndirilib. Əlaqəli qurumların jurnalistin özəl həyata hörmət və ifadə azadlığı hüququnu qorumaması, jurnalistin başına gələn olaylarla bağlı təsirli araşdırma aparmaması qənaətinə gələn AİHM, şəxsi həyata hörmət və ifadə azadlığı hüquqularının pozulmasına qərar verib.
Avropa Şurası Nazirlər Komitəsi həmin qərarların icra durumunu sonuncu dəfə bu ilin iyununda müzakirə edib. Komitə qəbul etdiyi qətnamədə Azərbaycan hökumətini “Xədicə İsmayılovaya qarşı törədilmiş cinayət əməlləri (təhdid məktubu, gizli çəkiliş və intim videoların yayılması) üzrə istintaqı dərhal yenidən başlatmağa, bütün şahidləri lazımi qaydada dindirməyə, işlə bağlı bütün ipuclarını izləməyə” çağırıb.
Komitənin bu qərarından 4 ay sonra, 10 oktyabr 2022-ci ildə Baş Prokurorluğun müstəntiqinin qərarı ilə 17 avqust 2015-ci il tarixli qərara əsasən, dayandırılmış cinayət işinin icraatı bərpa edilib. Bu haqda AŞ NK-ya AİHM yanında AR-nın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məktubla məlumat verib.