Xədicə İsmayılova ”Allard” mükafatına layiq görülüb

”Görünür, mübarizə təkcə əziyyətlə bitmir, bunun nəticəsi də olur”

Source:
Xədicə İsmayıl
Xədicə İsmayıl


”Görünür, mübarizə təkcə əziyyətlə bitmir, bunun nəticəsi də olur”

Araşdırmaçı-jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl Kanadadakı Britaniya Kolumbiyası Universiteti Hüquq fakültəsinin təsis etdiyi “Allard” mükafatına layiq görülüb.

Qalib sentyabrın 29-da Kanadanın Vankuver şəhərində elan olunacaq.

“Mükafat korrupsiyaya ilə mübarizə aparanlara verilir. Bu dəfə bu mükafata mən, Misirdən daha bir jurnalist, bir də Braziliyadan bir təşkilat namizəd olub. Nəhayət, münsiflər bu qərara gəliblər ki, qalib olaraq bu mükafat mənə verilsin”, – X.İsmayıl AzadlıqRadiosuna belə deyib.

O bildirib ki, misirli jurnalistin də onun kimi ölkədən çıxış yasağı olduğundan tədbirə qatılmayıb.

Jurnalist bu mükafatı təkcə özünə deyil, korrupsiya ilə mübarizə aparan bütün jurnalistlərin əməyinə verilən qiymət sayıb:

“Görünür, mübarizə təkcə əziyyətlə bitmir, bunun nəticəsi də olur”, – jurnalist qeyd edib.

“Beynəlxalq Bütövlük Naminə Allard Mükafatı”nı Britaniya Kolumbiyası Universitetinin məzunu Peter A.Allard yaradıb və maliyyələşdirir.

foto sosial şəbəkə

İki ildə bir dəfə verilən mükafat korrupsiyaya ilə mübarizədə və insan haqlarının təşviqində göstərilən səyləri dəyərləndirir.

Cəmi üç gün öncə, sentyabrın 26-da isə X.İsmayıl “Nobel mükafatına alternative” – “Dürüst Həyat” (Right Livelihood) laureatı adını qazanmışdı.

X.İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı. O, ittihamları qəbul etmir, araşdırma yazılarına görə sifarişlə həbs olunduğunu bəyan edirdi.

Jurnalist 2016-cı il mayın 25-də Ali Məhkəmənin qərarı ilə həbsdən buraxılıb. Əvvəlki hökm 3 il 6 ay şərti cəza ilə əvəz edilib. Avqustda isə Cinayət Məcəlləsinə dəyişikliklərdən sonra şərti cəzanın müddəti 2 il 3 aya endirilib. Ancaq şərti cəza ilə əlaqədar jurnalistə Ali Məhkəmənin təyin etdiyi 5 il sınaq müddəti elə olduğu kimi saxlanılıb.

X.İsmayıl həbsdən buraxılsa da, ölkədən kənara buraxılmır. Ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılmasından ötrü Binəqədi Rayon Məhkəməsinə müraciət etsə də, şikayəti təmin olunmayıb. Bakı Apelyasiya Məhkəməsi də o qərarı qüvvədə saxlayıb.

Ana səhifəXəbərlərXədicə İsmayılova ”Allard” mükafatına layiq görülüb