Xədicə İsmayılın vəkillərindən Avropa Məhkəməsinə çağırış

Amal Kluni və Nani Yansen öz rəylərini Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim ediblər

Source:
Xədicə İsmayıl
Xədicə İsmayıl


Amal Kluni və Nani Yansen öz rəylərini Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim ediblər

Jurnalist Xədicə İsmayılovanın maraqlarını müdafiə edən vəkillər Amal Kluni və Nani Yansen martın 14-də öz rəylərini Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim ediblər.

Medianın hüquqi müdafiəsi üzrə Təşəbbüs Qrupunun (Media Legal Defence Initiative) Amerikanın Səsinə verdiyi məlumata görə, vəkillər qeyd ediblər ki, X.İsmayılova ölkənin ali rəhbərliyinin korrupsiya faktlarını ifşa etdiyinə görə təqiblərə məruz qalıb və həbs olunub. Odur ki, jurnalistin təqib və həbs edilməsinə heç bir əsas olmayıb.

Vəkillərin qeydləri məhkəmənin Azərbaycan hakimiyətindən aldığı 15 yanvar tarixli cavabın şərhidir.

Vəkillər həmçinin bildiriblər ki, Azərbaycan hakimiyyəti yerli məhkəmələrdə onun hüquqlarını və təqsirsizlik prezumpsiyasını pozub. Deyilənlərin əsasında vəkillər diqqəti ona yönəldiblər ki, X.İsmayılovanın barəsində Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 6 (ədalətli məhkəmə araşdırması hüququ), 10 (ifadə azadlığı), 13 (səmərəli  hüquqi müdafiə vasitələri hüququ), 14 (ayrı-seçkiliyin qadağan edilməsi) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələri pozulub.

Buna əsaslanan vəkillər Avropa İnsan Hüquqları Məhkəməsini Xədicə İsmayılovanın dərhal azad edilməsi barədə qərar qəbul etməyə çağırıblar.

X.İsmayılova 2014-cü il dekabrın 5-də vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətini aşma və s. ittihamlarla həbs olunub. Məhkəmə onu 7,5 il müddətinə azadlıqdan məhrum edib.

Amnesty İnternational X.İsmayılovanı “vicdan məhbusu” elan edib, onun azadlığa buraxılmasını tələb edib. Çoxsaylı beynəlxalq təşkilatlar da X.İsmayılovanın işini analoji qiymətləndirir.

Ana səhifəXəbərlərXədicə İsmayılın vəkillərindən Avropa Məhkəməsinə çağırış