Xədicə İsmayılın vəkili cəzaçəkmə müəssisəsini məhkəməyə verib

Jurnalist və vəkillər müəssisədə senzuraya məruz qalırlar

Source:


Jurnalist və vəkillər müəssisədə senzuraya məruz qalırlar

Həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayılın vəkili Yalçın İmanov jurnalistin saxlandığı cəzaçəkmə müəssisəsini məhkəməyə verib. Bu haqda məlumatı Meydan TV-yə vəkil Yalçın İmanovun özü verib.

Vəkil deyir ki, şikayət Xədicə İsmayılın vəkillərinin və sənədlərinin 4 saylı cəzaçəkmə müəssisəsinə girişdə və çıxışda axtarışa və qanunsuz senzuraya məruz qalmasının müdafiə hüququnun pozuntusu kimi tanınması, dəymiş ziyana görə maddi təzminat və sairlə bağlıdır.

Şikayət məhkəmə nəzarəti qaydasında verilib.

Şikayət baxılması üçün Xətai rayon Məhkəməsinin hakimi İbrahim İbrahimlinin icraatına verilib.

Şikayətə mayın 11-i saat 12-00–da baxılacaq.

Bu arada vəkil Y.İmanov onu da bildirib ki, 4 saylı cəzaçəkmə müəssisəsi və Penitensiar Xidmət onunla bağlı Vəkillər Kollegiyasına müraciət edərək, guya vəkilin üzərindən başqa məhkuma aid məlumatların aşkar edildiyini və buna görə də vəkil barəsində intizam tədbirinin görülməsini istəyib.

Artıq Vəkillər Kollegiyası bununla bağlı intizam icraatına başlayıb.

Yalçın İmanov Penitensiar Xidmətin bu müraciətini həmin qurumun və 4 saylı cəzaçəkmə müəssisəsinin öz qanunsuz hərəkətlərini və müdafiəçiləri şəxsi axtarışa və qanunsuz senzuraya məruz qoymasını pərdələmək cəhdi kimi qiymətləndirib.

Vəkil İmanov onu da bildirib ki, jurnalistin vəkillərinin 4 saylı cəzaçəkmə müəssisəsinə girişdə və çıxışda şəxsi axtarışa məruz qalması və sənədlərinin qanunsuz senzura edilməsiylə bağlı vəkillər bir müddət əvvəl Penitensiar Xidmətə və Ombusman Aparatına da müraciətlər ediblər.

Vəkil onu da əlavə edir ki, X.Ismayıl özü də vəkillərlə görüşə gələrkən hər dəfə şəxsi axtarışa məruz qalır. Və bu yoxlamalar yalnız X.İsmayıla və onun vəkillərinə münasibətdə tətbiq edilir, digər məhkumlar vəkilləri ilə görüşərkən nə özləri, nə də onların müdafiəçiləri heç bir yoxlamaya məruz qalmırlar.

Ana səhifəXəbərlərXədicə İsmayılın vəkili cəzaçəkmə müəssisəsini məhkəməyə verib