N!DA vətəndaş hərəkatının təşkilatçılığı ilə həbsdə olan vicdan məhbusu araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsxanada dilimizə tərcümə etdiyi “Cakaranda ağacının uşaqları” kitabının təqdimat mərasimi keçirilib. Təqdimatda siyasi partiya rəhbərləri vətəndaş cəmiyyətinin nümayəndələri və jurnalistlər iştirak edib. Kitabın redaktoru Elnur Astanbəyli Xədicə İsmayılın müraciəti oxuyub.
“Çox sağ olun ki, mənim seçimimi bəyənib, siz də kitaba maraq göstərirsiz.
Bu kitabı ona görə seçdim ki, o, azad olmayan cəmiyyətlərdə insan faciələrinin nəsildən nəsilə keçdiyini göstərir. Ən önəmlisi. Elə davalar var ki, gələcək nəsillərə ötürülməməlidir!
Bir gün hər iki tərəfdə olanların uşaqları eyni problemlərin məngənəsində qala bilər. Evin həbsxanasından fərqli olaraq, başqa siyasi məhbuslarla ünsiyyətdən məhrumam. Həbsxanadakı insanların çoxu mənimlə eyni dəyərləri bölüşmürlər və ya heç vaxt o dəyərlər üçün mübarizədə olmayıblar.
Məni anlamaq onlar üçün çətindir. Amma bizi – cinayətkarları, oğrunu, jurnalisti, savadlı, savadsız, dəyərlərə hörmət edən və etməyən insanları bir şey birləşdirir – Biz hamımız ədalətin olmadığı ölkədə yaşayırıq.
Çətin olanı insanlara və gələcəyə inamı itirməməkdir.
İnsanlığı və sevgini itirməməyi hamınıza arzulayıram.
Gələcək bu sevgini itirməyənlərindir.”