“4-cü uşaq istəmirdim, elə 3 uşaq qalsın deyirdim. Mənim rəfiqəm dedi ki, saxla, mən götürərəm uşağı. Uşaq olandan sonra heç bir ana öz uşağın verməz. Xədicə də çox gözəl, qəşəng uşaq idi. Elə, saxladım”- bunu jurnalist Xədicə İsmayılın anası Elmira İsmayılova deyir.
Xədicə İsmayıl evin sonbeşiyidir. Valideynləri onu qız olduğuna görə dünyaya gətirmək istəməyiblər. Amma Xədicə doğulduqdan sonra evin ən çox sevilən uşağı olub.
Elmira İsmayılova deyir ki, həmişə düz yaşamışıq. Övladlarının da hamısı düzgünlüyü, şəffaflığı sevib. O, Xədicənin prinsipial olduğunu və həqiqətləri çəkinmədən söylədiyini deyir.
Jurnalist Xədicə İsmayıl “Qızıl Mədənlərində Əliyevlərin payı”, “Azersunla Əliyevləri bağlayan ofşor şirkətlər üzə çıxdı”, “Prezidentin qızı banka necə sahib oldu?”, “Arzu Əliyeva Çexiyadaki şirkətini Azərbaycan məmuruna satır”, “Əli Həsənovun siyasiləşmiş biznes şəbəkəsi” və digər araşdırmaların müəllifidir. Elmira xanım deyir ki, qızı bu araşdırmaları aparanda onun həbs olunacağını gözləyirdi.
Elmira xanım həftədə bir dəfə qızı Xədicə ilə danışır. Deyir ki, həbsxanada olsa da əhvalı həmişə yaxşıdır. Amma telefon danışıqlarının birində Xədicə məyus olub.”Azadlıq-ı (red.Azadlıq radiosu) bağlayanda pis oldu. Mən hiss elədim ki, dolmuşdu. Dedi, uşaqlara zəng elə de ki, mən onlarlayam. Heyif ki, mən orada yox idim”.
Elmira xanım deyir ki, digər övladları kimi Xədicənin də ailəsinin, uşağının olmasını istəyib. Amma o, araşdırmalarını davam etdirmək üçün ailə qurmaq istəməyib. ”
Azərbaycan cəmiyyəti Beynəlxalq Qadınlar Günü-nü qeyd etməyə hazırlaşdığı 7 martda Xədicə İsmayıl hədə məktubu aldı. Araşdırmaları dayandırmalı idi, əks halda intimi görüntüləri yayılacaqdı. Jurnalist onun şəxsi həyatını görüntüləyənlərin və ona hədə məktubu yazanların hakimiyyət yetkililəri olduğunu açıqladı. Özəl həyatı yayımlanandan sonra da Xədicə İsmayıl araşdırmalarını dayandırmadı. Onun həbs olunduğu 5 dekabr tarixində dünya Qadın Hüquqları gününü qeyd edirdi. Xədicə İsmayıl “ Bakı küləyi” adlanan blogunda “Qadın olmaq hissi” başlığı ilə yazırdı: “mən abortdan qurtulmuşam…Valideynlərim bu qərarı körpənin qız olacağını bilib vermişdilər.
Bəlkə naşükürəm, amma hiss etdiyim nə xoşbəxtlikdir, nə minnətdarlıq. Hiss etdiyim – qadın olma yüküdür. O qadın ki, onun bu ölkədə mücadiləsi, doğuşdan əvvəl başlayır…”.