Xədicə İsmayılın məhkəməsi yarımqapalı keçirilir (yenilənib)

Məhbus jurnalistin yaxınlarını prosesə buraxmayıblar

Source:


18.09. Xədicə İsmayılın məhkəməsi bitəndən sonra jurnalistlər zaldan çıxanlara yaxınlaşaraq onların hansı prosesdə oduğunu sual ediblər. Adamlardan biri jurnalistin məhkəməsinə qatıldığını söyləyəndə, digərləri həmin adama və jurnalistlərə hücum ediblər. Meydan TV-nin əməkdaşı bildirib ki, hücum çəkənlər “Amerikanın Səsi” radiosunun əməkdaşı Tapdıq Fərhadoğluna xəsarət yetiriblər. Eyni zamanda Meydan TV-nin əməkdaşının kamerasını sındırmağa cəhd etsələr də, jurnalistlər imkan verməyib.


17.54. Məhkəmə avqustun 10-u saat 11-ə qədər təxirə salınıb.


15.11. İkinci hissədə məhbus jurnalist Xədicə İsmayıl məhkəmə zalına baxaraq hakim heyətinə bildirib ki, öz adamlarınızı burdan çıxardın: “Bunlar sizin agentlərinizdir, yaxud işçilərinizdir. Mən azad mətbuatın zala daxil olmasını təmin etməyi xahiş edirəm”. Hakim Ramella Allahverdiyevə zalda yer olmadığını əsas gətirərək vəsatətin gələn iclasda təmin ediləcəyini desə də, məhbus jurnalist buna etiraz edib: “Xeyr, indi təmin edin”. Hakimlə məhbus jurnalist arasında belə dialoq yaranıb:


Hakim: Mən indi adamları zaldan necə çıxardım?


X.İsmayıl: Onlar sizin işçilərdir. Məhkəmənin açıq keçirilməsi təmin olunmayana qədər sizin heç bir suala cavab verməyəcəm.


Hakim: Gəlin, israr etməyin, növbəti iclasda bu məsələ həll olunacaq.


 X.İsmayıl: Yox, vəsatət indi təmin olunsun. Bir daha deyirəm, proses açıq keçirilməyənə qədər heç bir suala cavab verməyəcəm.


Bu məqamda vəkillər məhkəmə binası qarşısında Azadlıq Radiosu və “Azadlıq” qəzetinin əməkdaşlarının olduğunu xatırladaraq onları zala daxil olmasını istəyiblər. Ancaq hakim heyəti təklifə etiraz ediblər. Buna cavab olaraq X.İsmayıl bildirib ki, bu məhkəmə yox, məzhəkədir. Əgər ortada zərərçəkən və azad mətbuat yoxdursa, necə məhkəmə keçirmək olar?

Prokuror isə bunun qarşılığında təklif etdi ki, təqsirləndirilən şəxsin bu hərəkətinin məhkəməyə hörmətsizlik kimi qəbul olunsun.

X.İsmayılova bu təklifə belə replika verdi: “Siz məndən hörmət gözləyirdiniz ki? Həbs edəcəksinizsə, elə indi edin”.


Hakim onun bu sualına “bu cür hərəkətlərinlə heç nə edə bilməyəcəksən” deyərək fasilə elan edib.


14.33. Könüllü çəkilişə görə Nəsimi Rayon 22-ci polis Bölməsində saxlanılan Orxan Rüstəmzadə sərbəst buraxılıb.


14.22. Fasilə zamanı Meydan TV-nin jurnalisti vəkilə istinadən bildirib ki, prosesdə Xədicə İsmayıl cinayət işinin materialları ilə tanış olmaması vəsatətini qaldırıb: “Vəsatət təmin olunub və cinayət işinin materiallarının surəti məhbus jurnalistə təqdim olunacaq. Bundan başqa Tural Mustafayevin məcburi şəkildə məhkəməyə gətirilməsi qərarı qəbul olunub. İkinci vəsatət məhbus jurnalistin şüşə kameradan çıxarılıb vəkillərin yanında əyləşməsi barədə olub, amma hakim Xədicə xanımın təhlükəsizliyi baxımından bunun mümkünsüz olduğunu deyərək vəsatəti rədd edib. Prokuror ittiham aktını təqdim edəndən sonra məhbus jurnalist hansı cinayətdə özünü təqsirli hesab edildiyinin məlum olmadığını deyib. O, özünü təqsirli hesab etməyib və Azadlıq Radiosunun vergi məsələləri ilə bağlı heç bir məsuliyyətinin olmadığını söyləyib. Çünki o, yaradıcılıq məsələlərinə baxıb”.


13.05. Proses saat 14-ə qədər təxirə salınıb.


12.33. Jurnalistlər Rəvan Seyfulla və Şirin Abbasov (Meydan TV) azad olunsa da, Orxan Rüstəmzadə hələ saxlanılır.


11.57. Jurnalistlər Rəvan Seyfulla və Şirin Abbasov (Meydan TV) Orxan Rüstəmzadə ilə bağlı 22-ci polis bölməsinə gediblər, son məlumata görə onları da saxlayıblar.


11.38. Meydan TV-nin əməkdaşı bildirir ki, könüllü çəkiliş edən jurnalist Orxan Rüstəmzadə çəkiliş etdiyi üçün polis tərədindən saxlanılaraq 22-ci polis bölməsinə aparılıb.


11.36. Proses başlayan zaman məhbus jurnalist bildirib ki, ittiham aktı 125-ci maddəylə başladığından əvvəl ona qarşı ifadə verən, sonra isə ifadəsini təzyiq altından verdiyindən imtina edən Tural Mustafayev prosesə gəlmədiyi üçün təxirə salınsın. Ancaq hakim heyəti onun vəsatətini qəbul etməyib. Məhkəmə prosesi başlayıb və Tural Mustafayevin məcburi gətirilməsi haqqında qərar çıxarıb.


Prosesdə məhkəmə zalında siyasi-ictimai həyatda tanınmayan adamların olmaları diqqət çəkib.


Məhbus jurnalistin yaxınlarını prosesə buraxmayıblar

Avqustun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə araşdırmaçı jurnalist, Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılın işi üzrə məhkəmə prosesi başlayıb.

Meydan TV-nin məhkəmə binası qarşısında olan əməkdaşı xəbər verir ki, prosesi işıqlandırmaq istəyən media nümayəndələrilə yanaşı, Xədicə İsmayılın dostları, həmkar dəstəyi nümayiş etdirməyə gələn jurnalistlər, vətəndaş cəmiyyətinin fəalları, siyasi partiya təmsilçiləri, diplomatik missiya nümayəndələri də toplaşıb.

Ancaq məhkəməyə yalnız hakimiyyətə yaxın media orqanlarının əməkdaşını buraxandan sonra zalda yerin olmadığını bildiriblər: “Hətta məhbus jurnalistin yaxınlarını da iclasa buraxmayıblar”.

Ana səhifəXəbərlərXədicə İsmayılın məhkəməsi yarımqapalı keçirilir (yenilənib)