Prosesdə ittiham tərəfin vəsatətlərinə baxılıb
Bakının Binəqədi rayon Məhkəməsində keçmiş müxalifətçi Elman Türkoğlunun jurnalist Xədicə İsmayılovaya qarşı iddiası üzrə proses davam etdirilib.
İttiham tərəfin iki vəsatətinə baxılıb. İddiaçının vəkili Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı İdarəsindən alınmış sənədləri məhkəməyə təqdim edib.
Təqdim olunan sənədlər arasında 2014-cü ilin fevral, mart aylarında Xədicə İsmayılovanın “dövlət sirrinin yayılması” üzrə cinayət işinin istintaqında verdiyi ifadələr, Xədicə İsmayılovanın yaşayış yerindən və psixiki sağlamlığı barədə arayış, eləcə də Şəki rayon prokurorluğundan Elman Həsənovun 1992-ci ildə bu şəhərdə hər hansı cinayət törətmədiyi barədə arayış olub.
Elman Türkoğlu Xədicə İsmayılovanı onun haqqında iki sənəd yaymaqda günahlandırır. Sənədlərin birində Elman Türkoğlunun gizli videogörüntülərlə şantaj olunaraq MTN-lə əməkdaşlığa cəlb edildiyi, digərində isə 1992-ci ildə zorlama cinayəti törətdiyi iddia olunur. Xədicə İsmayılova ikinci sənədi yaymadığını, birinci sənədi isə Elman Türkoğlunun adı və onun şəxsiyyətini müəyyənləşdirə biləcək hər hansı məlumatı sildikdən sonra yaydığını bildirib.
Xədicə İsmayılova ittihamçı tərəfdən özünün Elman Türkoğlunun adı göstərilən hər-hansı sənədi yayması ilə bağlı sübut tələb edib. Bu iclasda da İsmayılova, məhkəmə istintaqının başladılması üçün zəruri olan həmin sübutlar təqdim olunanadək ittihamçı tərəfin vəkili Azər Quliyevin hər hansı sualını cavablandırmaqdan imtina edib.
İkinci vəsatətlə Elman Türkoğlu irəli sürdüyü ittihamı dəqiqləşdirməklə yenidən Xədicə İsmayılovanın cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edib. İlkin ittiham ərizəsində Xədicə İsmayılovanın 2014-cü ilin fevralında Elman Türkoğlu barədə məlumat yaydığı iddia olunurdu. Yeni dəqiqləşdirmədə, Elman Türkoğlu Xədicə İsmayılovanın hələ 2011-ci ildə onun haqqında sənədlər yaydığını, sonra isə həmin sənədləri Facebook profilindən sildiyini iddia edir. Vəkil Elton Quliyev bu vəsatətin hüquqi baxımdan düzgün olmadığını, Xədicə İsmayılova isə vəsatətdə göstərilən “yayıb, sonra silib” iddiasının heç bir sənədlə təsdiqlənmədiyini əsas gətirərək, bu vəsatətin qəbuledilməz olduğunu bildiriblər. Hakim Sədrəddin Hacıyev vəsatəti qəbul edib.
Məhkəmə prosesi dekabrın 5-də 15:00-da davam edəcək.
Türkoğlunun xüsusi xidmətlər tərəfindən cəlb edilməsi mövzusunda nəşrlər 2011-ci ildə facebook-da Mustafa Kozlu adlı istifadəçi adından yayılıb.