“Barakdı, 26 yataq var, amma içəridə 18 nəfərik. Otaq geniş deyil, amma təmiz saxlayırıq. Təzəlikcə təmir də olundu. Yaşayışla bağlı problem yoxdur, təkcə tualet, hamam qıtlığı var. Hər 47 nəfərə bir tualet düşür. Amma əslində normalara görə hər 10 nəfərə 1 tualet olmalıdır. Tualet, hamam problemdir. Əsas problem odur ki, mən bura gələndən musiqiyə qulaq asmamışam. Bura mp3 buraxmırlar”.
Araşdırmaçı jurnalist Xədicə İsmayıl həbsdə olarkən bunları deyirdi. O, doğum günündən 2 gün öncə, 25 mayda Ali Məhkəmənin qərarı ilə azadlığa çıxıb.
Şahvələd Çobanoğlu Xədicə İsmayılın dostu və həmkarıdır. O, Xədicəni 1996-cı ildə birlikdə işlədikləri “Günaydın” qəzetindən tanıyır. Jurnalist hökumətin Xədicə İsmayıla davrandığı kimi heç kimə belə qəddar davranmadığını deyir:
“Azərbaycan hakimiyyətinin hədəfə aldığı çox adam olub, amma hər kəslə belə olmayıb. Hər kəsin belə tuş gəldiyi hücumlar olmayıb. Amma maraqlıdır ki, Xədicə bu hücumlara nəinki tab gətirdi hətta bəzən onu edənlərin əleyhinə çevirdi”.
Xədicə İsmayıla hansı hücumlar olmuşdu?
2012-ci ildə
jurnalistin şəxsi həyatını görüntüləyən video yayıldı. Xədicə İsmayıl bununla bağlı prokurorluğa müraciət etsə də, hələ də heç kim cəzalandırılmayıb.
2013-cü ildə
əsgər ölümlərinə qarşı keçirilən aksiyada və İsmayıllıya dəstək aksiyasında Xədicə İsmayıl saxlanılıb. Məhkəmənin elan etdiyi cəriməni ödəməkdən imtina etdiyi üçün ona 220 saat ictimai iş kəsilib. Daha sonra bu iş qapadılıb.
2014-cü ildə
deputat Ceyhun Osmanlı Xədicə İsmayılın restoranda amerikalı senatorun köməkçisi ilə danışığının səs yazısını prokururluğa təqdim edib. O, Xədicə İsmayılı dövlət sirrini yaymaqda ittiham edirdi. Bununla bağlı Xədicə İsmayıl bir neçə dəfə prokurorluqda dindirilib.
2015-ci ildə
Xədicə İsmayıl Elman Türkoğlunun şikayəti əsasında 2500 manat cərimələnib.
2015-ci ildə
Tural Mustafayevi ölüm həddinə çatdırmağa görə Xədicə İsmayıl həbs olunub, amma sonradan bu maddə üzrə bəraət alıb.
2015-ci ildə
Xədicə İsmayıl vergi cinayətlərində ittiham edilərək, 7 il 6 ay azadlıqdan məhrum edilib. Jurnalist ölkə başçısı İlham Əliyev və onun ailə üzvləri ilə bağlı apardığı araşdırmalara görə bütün bu təzyiqlərlə qarşılaşdığını bildirib.
Azadlığa çıxan Xədicə İsmayıl qaldığı yerdən davam edəcək. O, həbsdə olarkən ispan dilini öyrəndiyini və ofşorlarda ola mülklərin sənədlərini orijinaldan oxuya biləcəyini deyir.