Jurnalist ölkədən çıxışına qoyulan qadağanın götürülməsini istəyir
Oktyabrın 9-da araşdırmaçı jurnalist Xədicə İsmayılın ölkədən çıxışının qadağan edilməsinə dair Binəqədi rayon Məhkəməsinin qərarından verdiyi apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Meydan TV-nin məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesdə şikayət təmin edilməyib.
X.İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Ali Məhkəmə kassasiya şikayəti verən jurnalistin 3 il 6 ay müddətinə şərti cəza ilə əvəzlənməsinə dair qərar qəbul edib və o, azadlığa buraxılıb. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 (mənimsəmə və ya israfetmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə bəraət verilib.
X. İsmayıl bir neçə dəfə ölkədən çıxışına olan qadağanın götürülməsini istəyib. Bununla bağlı etdiyi müraciətlər məhkəmə tərəfindən rədd edilib. Jurnalist bildirir ki, həmin qadağaya görə xarici ölkələrdə keçirilən tədbirlərə qatıla bilmir.