Xədicə İsmayıla yeni ittihamlar irəli sürülüb

Jurnalist 4 maddə üzrə təqsirləndirilib

Source:


Jurnalist 4 maddə üzrə təqsirləndirilib

Həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı yeni ittihamlar irəli sürülüb.

Bu barədə vəkil Fariz Namazlı ”


Amerikanın Səsi



radiosuna məlumat verib. Onun sözlərinə görə, jurnalistə qarşı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar elan olunub. Bu ittihamlara görə, jurnalisti 12 ilədək həbs gözləyir.

Vəkil Meydan TV-yə açıqlamasında deyib ki, prokurorluq Azadlıq Radiosunun fəaliyyəti haqqında 15 yanvar vergi aktı əsasında bu ittihamları irəli sürüb. İstintaq hesab edir ki, Xədicə İsmayıl Azadlıq Radiosunun rəhbəri işlədiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, mənimsəmə və vergidənyayınma hallarına yol verib.

“Xədicə İsmayıl özünü təqsirli bilmir və ifadə verməkdən imtina edib”, Namazlı qeyd edib.

Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov telefon zənglərinə cavab vermədiyindən rəsmi münasibət öyrənmək mümkün olmayıb.

Xədicə İsmayıl ötən il dekabrın 5-də həbs olunub. O, jurnalist Tural Mustafayevin “özünü öldürmə həddinə çatdırma” iddiası ilə saxlanıb. Xədicə İsmayıl bu ittihamları rədd edərək, həbsini siyasi sifariş sayır.

Yanvarın 27-də Səbael Rayon Məhkəməsi istintaq orqanın verdiyi vəsatəti qismən təmin edərək, jurnalist Xədicə İsmayılın həbs müddətinin 1 ay, 19 gün uzadılması barədə qərar verib.

Azadlıq Radiosunun rəhbərliyi bəyan edib ki, Xədicə İsmayılın həbsi onun ölkə məmurlarının gizli biznesi haqda araşdırmalarına görə hakimiyyətin qisasıdır.

“Amnesty İnternational” jurnalisti “vicdan məhbusu” elan edib.

Ana səhifəXəbərlərXədicə İsmayıla yeni ittihamlar irəli sürülüb