”Xədicə İsmayıla qarşı edilənlər tərbiyəsizlikdir”

Jurnalistin tamaşaya buraxılmaması ictimaiyyət arasında müzakirələrə səbəb olub

Source:
Leyla Əliyeva Əsa teatrının tədbirində
Leyla Əliyeva Əsa teatrının tədbirində


Jurnalistin tamaşaya buraxılmaması ictimaiyyət arasında müzakirələrə səbəb olub

Araşdırmaçı jurnalist Xədicə İsmayılın dekabrın 19-da “ƏSA” Teatrının Adamlar və siçanlar” tamaşasına buraxılmaması gündəmin müzakirə predmetinə çevrilib.

Bildirilir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi Yusif Məmmədəliyev Xədicə İsmayılı tamaşada görmək istəməyib və jurnalist tamaşaya buraxılmayıb. Bundan sonra məlum olub ki, prezidentin qızı Leyla Əliyeva da tamaşaya gəlib.

Bunu Meydan TV-yə Xədicə İsmayılın özü

deyib

.

Bir gün sonra tamaşada iştirak edən Amerikanın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistə zəng edərək baş verənlərdən üzüldüyünü bildirib. Xədicə İsmayıl bu barədə öz “Facebook” səhifəsində məlumat paylaşıb.

Tamaşa səfirliyin dəstəyi ilə baş tutub.

“ƏSA” Teatrının aktyoru və direktoru Orxan Adıgözəl Meydan TV-yə deyib ki, tamaşaya hazırlaşdığından Xədicə İsmayılın içəriyə buraxılmaması barədə sonradan eşidib:

“Buna görə çox üzüldüm. Niyə belə olması mənim üçün qeyri-müəyyəndir. Hazırda çox yorğunam, hadisəni dərk edə bilmirəm ki, nə üçün və necə baş verib. İkinci, administrativ işlərə mən cavabdeh deyiləm, niyə belə şey olmalıdır?!”.

Nihad Qulamzadə
Nihad Qulamzadə

“ƏSA”nın təsisçisi və bədii rəhbəri Nihad Qulamzadə də baş verənlərdən sonradan xəbər tutduqlarını deyib:

“Hətta indi də detalları tam bilmirəm, çünki biz yaradıcı hissəsi ilə məşğul idik. Məlumatsız olduğumdan da qiymətləndirə bilmərəm. Növbəti dəfə bu cür şeyləri tənzimləyəcəyik”.

O, baş verənlərə Opera və Balet Teatrının cavabdehlik daşıdığını deyib:

“Binada da həmin teatrın əməkdaşları olub, hər şeyə onlar nəzarət edib, qərarı da onlar verib. Biz orada qonaq olaraq tamaşa göstərmişik, əlavə səlahiyyətimiz yoxdur”.

Şahvələd Çobanoğlu
Şahvələd Çobanoğlu

Jurnalist Şahvələd Çobanoğlu deyir ki, baş verən hadisə Birinci vitse-prezident Mehriban Əliyevanın yeni kadrları haqqında deyilənlərin illüziya olduğunu bir daha təsdiqlədi:

“Çox az keçdi, yeni yalan çox tez ifşa olundu. Guya Mehriban Əliyevanın yeni kadrları ölkəmizə mütərəqqi düşüncəli və dürüst idarəçilik gətirəcəkdilər. O yeni kadrların ən məşhuru nəvə Yusif Məmmədəliyev Xədicə İsmayılı Opera və Balet Teatrındakı “Siçanlar və adamlar” tamaşına buraxmağa qadağa qoyub. İşin bir tərəfi yaxşıdır ki, özləri özlərini yaxşıca təqdim etdilər.

“Siçanlar və adamlar” dünyaca məşhur əsərdir, möhtəşəmdir, ciddi ədəbiyyatdır, həm də çox populyardır. Yadınıza bir məqamı salmaq istədim. Con Stenbeyk bu əsəri əksəriyyətin az tanıdığı, amma gözəl şair Robert Börnsün eyni adlı şeiri ilə adlandırıb. Bir az dəqiq desək, həmin şeir formal olaraq “Evini başına yıxdığım siçana” adlanır. Təəssüf ki, o şeiri tərcümə etməmişik. Dünya ədəbiyyatının incilərindən sayıla bilər.

Şeirdə siçanlar və insanlar qarşılaşdırılır. Ondan bir misra dillər əzəbəridir.

Nə yazıq ki, insanların və siçanların ən gözəl planları

Çox tez-tez boşuna çıxar.

Öz həyatımıza baxıb tez-tez xatırlayaram bu hissəni həmin şeirdən. Onu da deyim ki, Con Steynbek də, Robert Börns də xoşbəxt müəlliflərdir. Metaforoya çevrilmişlər gerçək həyatımızla”.

Anar Məmmədli foto Meydan TV
Anar Məmmədli foto Meydan TV

Seçkilərin Monitorinqi və Tədrisi Mərkəzinin rəhbəri, keçmiş məhbus Anar Məmmədli Prezident Adminstrasiyası gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyevin hərəkətini rüsvayçı adlandırıb:

“Bu rüsvayçı olayın bir adı var – siyasi diskriminasiya. Mənim üçün maraqlıdır, Xədicə İsmayılın əlilliyi olan insanların yaradıcılığına maraq göstərməsi həmin məmurda qısqanclıq doğurur, ya qəzəb? Ümumiyyətlə, teatr tamaşasında tənqidçi jurnalistin varlığı hakimiyyət təmsilçisinin estetik əyləncəsinə nədən mane olsun? Bu cür absurd durum adamda gülünc və üzüntü yaradır. Ona görə üzülürəm ki, rejim getdikcə Özbəkistana və Türkmənistana çevrilir”.

Anar Məmmədli təsəvvür etmir ki, Rusiyada Putinin və ya Belarusda Lukaşenkonun adminstrasiyasından kimsə hansısa jurnalistin teatra girişinə qadağa qoymağa cəsarət etsin:

“Düzdür, həm Rusiyada, həm Belarusda, həm də Azərbaycanda yüzlərcə homesoveticus (sovet adamı, köhnəfikirli – red) tapmaq olar. Amma bizim homesoveticus libasından çıxa bilməyən məmurlar, yazıçılar, artistlər, jurnalistlər bir başqa məziyyətə sahib olurlar. Bunlarla mübarizə aparmaq da çətindr. Savadsız deyillər, bacarıqsız deyillər, bir neçə xarici dil bilirlər. Bəziləri Qərbdə təhsil alıb, aylarla yaşayıb qayıdıblar, amma dəyişmirlər – şəxsiyyətə pərəstiş, yaltaqlıq və mənsəbpərəstlik”.

Zamin Hacı
Zamin Hacı

Həmin günü tamaşaya gələn jurnalist Hacı Zamin həmkarına qarşı baş verənləri tərbiyəsizlik adlandırdı.

“Bu hərəkətin başqa adı yoxdur. Təqiblərin, repressiyaların elə bir mərhələsinə gəlib çatmışıq ki, mədəniyyət tədbirində iştirak da qadağa olunur. İlk baxışdan bu hadisənin siyasətə aidiyyatı olmadığı görünür, mədəniyyət obyektidir. Ancaq hakimiyyətin teatra da siyasi obyekt, şəxsi obyekti kimi baxdığı təsdiqləndi. Hakimiyyətə məxsus teatrların olduğunu bilirik, amma “ƏSA” Teatrı müəyyən mənada müstəqildir, görünür, artıq bunu da ələ keçirmək niyyətləri var”.

Zamin Hacı hesab edir ki, dekabrın 19-da əsl tamaşanı hakimiyyət rəsmiləri çöldə, kənarda göstərdilər:

“Özünü müasir dünyanın nümayəndəsi sayan, tərbiyəsi olan insan belə hərəkət etməz. Çox qəribədir ki, tamaşanın adı da çox simvolikdir, “Adamlar və siçanlar”, sanki bizə göstərdilər ki, sizi siçan yerinə də qoymuruq. Amma əsərdəkindən fərqli olaraq bizi sığallayıb öldürürlər”.

Hüquq müdafiəçisi Samir Kazımlı da hadisənin şahidi olduğunu bildirib:

“Mən teatrın binasına daxil olanda gördüm ki, Xədicə İsmayıl teatrın girişində, qapının yanında dayanıb. Orda dayanmasının səbəbini soruşdum, o da dedi ki, problem yaranıb. Əvvəl düşündüm ki, yəqin nəsə texniki problemdir. Zarafata “siyasi problem deyil ki?” deyib getdim. Qarderobdan qayıdanda gördüm ki, Xədicə İsmayıl hələ də orada dayanıb. Yaxınlaşıb orda dayanması ilə təkrar maraqlandım. Bu zaman məlum oldu ki, Yusif Məmmədəliyev onun tamaşaya buraxılmamasını istəyir və teatrın əməkdaşları bu haqda Xədicə xanıma bildirirdilər. Bundan sonra Xədicə xanım qapıdan bayıra çıxdı. Bu münasibət Azərbaycan Respublikasının vətəndaşlarının birinə – Xədicə İsmayıla qarşı ayrıseçkilik idi. Bununla da Xədicə xanımın konstitusion hüququ pozuldu. Yüksəkçinli bir məmurun heç bir qanuni əsas olmadan bir fəal vətəndaşın, jurnalistin teatra girişinə qadağa qoyması hüquq pozuntusudur. Buna görə mən də Xədicə İsmayıldan sonra teatrın binasını tərk etdim”.

Hüquq müdafiçəsi hesab edir ki, Xədicə İsmayıla qarşı edilən bu hərəkət konstitusiyaya ziddir. Konstitusiyanın 25-ci maddəsində hər kəsin bərabər hüquqlu olduğu göstərilib. Azərbaycan Konstitusiyasının 40-cı maddəsinin 1-ci hissəsində deyilir ki, hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ vardır. Dünən Xədicə İsmayıl bu hüquqlardan məhrum edildi. Yəni, onun hüquqları pozuldu.

Belə bir hadisənin baş verməsinə və bu səbəbdən də “ƏSA” Teatrının tamaşasında iştirak edə bilmədiyimə görə təəssüflənirəm”.

Ana səhifəXəbərlər”Xədicə İsmayıla qarşı edilənlər tərbiyəsizlikdir”