Apellyasiya Məhkəməsində jurnalistin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı proses keçirilib
Avqustun 1-də Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə jurnalist Xədicə İsmayılın Azərbaycandan çıxışına qadağa qoyulması ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Trend-in məlumatına görə, prosesdə şikayət üzrə məhkəmənin ilkin baxışı keçirilib və X.İsmayıl dövlət tərəfindən təyin olunmuş vəkildən imtina etməsi barədə ərizə təqdim edib. Məhkəmə ərizəni təmin edib.
İş üzrə məhkəmə prosesi avqustun 15-ə təyin olunub.
X.İsmayıl şərti həbs cəzası müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsinə dair Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə jurnalistin şikayətini təmin etməyib. O, həmin qərardan apellyasiya şikayəti verib.
X.İsmayıl 2014-cü ilin dekabrında həbs edilərək Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Mayın 25-də Ali Məhkəmə 3 il 6 ay şərti həbs qərarı verməklə X.İsmayılı azadlığa buraxıb.