Xədicə İsmayıl və absurd teatrı

“Biz hamımız səfeh doğuluruq. Kimlərsə səfeh olaraq qalır”

Source:
Əsa teatrı
Əsa teatrı


“Biz hamımız səfeh doğuluruq. Kimlərsə səfeh olaraq qalır”

– (Semuel Bekket)

Uşaq vaxtı mənim bir neçə futbol topum olub. Ümumiyyətlə, bizim nəslin uşaqları iki cür futbol topu tanıyırdı.

Birinə “fifa”, digərinə “neftçi” topu deyərdik. Toplar Çin istehsalı idi, dermantindən hazırlanırdı. Topun üzərində “FİFA”-nın emblemi olduğu üçün “fifa” topu deyirdik. “Neftçi” topu isə o dövr ölkə futbolu çempionatında istifadə edilən topa bənzəyirdi. Dizaynı ağ və qara rəngli beşbucaqlı romblardan ibarət idi.

Uşaqlığımız pis vaxta düşdü, müharibə, yeni qurulan ölkə, siyasi çaxnaşmalar, iqtisadi rəzalət, sosial problemlər, çörək növbəsi, boz və kədərli günlər. Çexovun diliynən desək, bizim uşaqlığımızda uşaqlıq olmadı.

Planşet, kompüter, telefon, internet yox idi. Günümüz həyətdə səhərdən ta axşamadək top qovmaqla keçirdi.

Top da hər uşağa qismət olmurdu. Top sahibi olan uşaq, bir növ indiki məmur səlahiyyətinə malik olurdu.

Dayımın Rusiyada şəxsi biznesi var idi. Hər Bakıya gələndə mənə yeni top alırdı. Beləliklə, həyətdə top yalnız məndə olurdu.

Mən isə küsülü olduğum uşağı futbol oynamağa qoymazdım. O uşaq israr etsəydi, topumu götürüb evə gedirdim. Beləliklə, oyun baş tutmurdu. Cəmi uşaqlar dilxor olurdu, kefləri pozulurdu. Top sahibi olduğum üçün oyun qaydalarını özüm təyin edirdim. Sahiblik statusumdan sui-istifadə edib su içmək, ya nəfəsimi dərmək üçün istədiyim vaxt oyunu saxlaya bilərdim, cığallıq edib rəqib qapısına penalti təyin edirdim, hamı kimi qapıda durmaqdan vaz keçirdim, kobud oynayırdım, komandam uduzanda oyunu qəfildən saxlayırdım.

Oyun zamanı mənə pas vermiyənləri oyundan çıxarırdım. Topa görə dostlarımın sayı, özümün hörmətim artmışdı. İş o yeri çatmışdı ki, kimin kimnən dostluq edəcəyinə mən qərar verirdim. Başqa əyləncəsi olmayan uşaqlar əsəbləşirdilər, küsürdülər, bezirdilər. Amma neyləmək olardı, məcbur qalıb susurdular, məni yola verirdilər. Mənsə əlimə düşən fürsətdən istifadə edib doyunca şıltaqlıq edirdim. Çox eqoist idim. O vaxt uşaq olsam da, indi yadıma düşəndə tərbiyəsizliyimə, yaramazlığıma, insafsızlığıma acığım tutur. O uşaqlara görə yaman utanıram, xəcalət çəkirəm. Bacarsaydım, onları bir-bir tapıb hamısından üzr istəyərdim.

Lakin zaman keçdi, uşaqlıq bitdi, böyüdüm, özümü anladım, dəyişdim. Və çox sevinirəm ki, eqoistliyimi özümlə daşımadım, bugünümə gətirmədim. Yoxsa uşaqlıq ərköyünlüyüm mənə qənim kəsilərdi. Birdən böyüyüb Allah eləməmiş məmur olardım. İnsanların başına oyun açardım. Mən oturan yerdə, siz oturmayın deyərdim.

“ƏSA” teatr tariximizdə yenilik etdi. Əlilliyi olan insanları səhnəyə yığdı. O insanları ki, cəmiyyətdə onlara qarşı hələm də adekvat yanaşma yoxdur. O insanları ki, ölkədə onlar üçün hələ də tələb olunan infrastruktur yoxdur. O insanları ki, sosial-problemləri lazımınca həll olunmur, iş tapmaqda çətinlik çəkirlər, müayinə və müalicələri çoxlu vəsait tələb edir.

Aktyorların məşq etmək üçün müəyyən məkanlara gəlib-getməsi onlara çətinlik yaradır. İstər mənəvi, istər fiziki. Çünki Bakı nəqliyyatı bu insanlar üçün uyğunlaşdırılmayıb. Lazımi şərait yoxdur. Mən hələ nəqliyyata xərclədikləri vəsaiti demirəm.

Ölkədə teatra, mədəniyyətə, incəsənətə olan maraqı nəzərə alsaq, görərik ki, bu insanlar təmənnasız çalışırlar. Sırf şəxsi entuziazm, daxili zənginlikləri hesabına, yaşamaq yanğısı naminə, cəmiyyətə faydalı olmaq, insanları maarifləndirmək məfkurəsinə görə teatrda iştirak edirlər. Tamaşa zamanı bu insanların fiziki əngəlli olmaqlarna rəğmən, nə qədər güclü olduqları görünür.

Bu işıqlı insanların əziyyətini puç etmək, tamaşanı qadağan edəcəm deməklə, digər insanı manipulyasiya etmək nə demək? Bir insanın fikir ayrılığına, peşəsinə, işinə görə teatrdan getməsini tələb etmək nə demək?

Budurmu əlilliyi olan vətəndaşlarmıza olan hörmət, qayğı və dəstək? Budurmu dünyaya təlqin etdiyiniz zəngin mədəniyyət? Budurmu gəncliyə verdiyiniz ibrət? Bu, bir siyasi ayrı-seçkilikdir! Bu, bir diskriminasiyadır! Bu, bir ədəbsizlikdir!

Bundan sonra vətəndaş ölkədə vaxtıyla Amerikada qaradərili insana, nasist Almaniyasında yəhudiyə olan münasibətlə qarşılaşsa, gərək təəccüblənməsin. Çünki siyasi ayrı-seçkilik, irqi və dini ayrı-seçkiliyin ögey qardaşıdır. Amerikada qaradərili insanlar üçün ayrıca kafelər, restoranlar, teatrlar açmışdılar, hətta su içməyə ayrıca krantlar qoymuşdular. Necə ki, yəhudilərə nasist Almaniyasında dükanlarda alış-veriş etmək qadağan idi. Güman ki, belə gedişlə müxalif fikirli vətəndaşlarımıza da absurd qadağalar qoyacaqlar. Hətta o qadağaların artıq yüngül formaları belə tətbiq edilməkdədir.

Biz Şərqə məxsusuq, qafqazlıyıq. Hər ikisində qadına hörmət, izzət, ehtiram birinci yerdə durur. Bəs necə olur ki, ayağa qalxıb qadına yer vermək əvəzinə, onu yerindən kənarlaşdırırsız?

Cənablar, biz ölkədə bir absurd teatrı izləməkdəyik!

Bəs yaxşı, həzərat, əcaba xanım İsmayılın günahı nə? Azərbaycan vətəndaş olub mövqe göstərməyi? Jurnalist olması? Ölkə oliqarxlarının büdcəni necə talan etməsini araşdırması? Haqları tapdanmış vətəndaşlara dəstək olması? Həqiqəti yazması? Onun yazdığı həqiqət o qədər acıdır ki, siyasi təmkinliyinizi pozur, “gözümüz onu görməsin”, “biz olan yerdə o olmasın” deməyə, dözümsüzlük göstərməyə vadar edir? Həqiqət o qədərmi qorxuncdur? Həqiqət o qədərmi təhlükəlidir? Yoxsa bu, artıq post-Heydər dövrünün bitməsi deməkdir? Axı onun dövründə “Bakılı oğlanlar” klubunun tamaşalarına həmişə müxalifət gələrdi. Və heç kim onlara “biz olan yerdə siz oturmayın” deməzdi. Ya, bu, sadəcə bir məmur ədəbsizliyidir? Məncə, Xədicə İsmayılın tamaşaya buraxılmaması Samuel Beckett stilində hazırlanmış absurd teatrı idi. Çünki bu məntiqsiz və utancverici davranışa ayrı izah tapmaq çətindir.

Hər halda Xədicə İsmayıl tamaşanı tərk edəndə, Rəsulzadə, Xoyski, Topçubaşov, Hacıbəyov, Haqverdiyev və başqaları məzarlarında saat əqrəbi istiqamətində fırlanıblar. Bəs necə? Kişilər Şərqdə ilk demokratik ölkənin təməlin qoyublar, fundamentini töküblər. Tükürpədici himn yazıblar, bayraq qaldırıblar, teatr yaradıblar. Milləti, cəmiyyəti maarifləndirmək yolunda canıdildən çalışıblar, təhqirlərə, təzyiqlərə dözüblər. Güllələniblər, Sibirə sürgün olunublar. İndi isə baxıb görürlər ki, bir vaxtlar sivil, demokrat, beynəlmiləl, dünyavi və mədəni, qonşu ölkələrin həsəd aparacağı ölkə nə haldadır. Hökumətdə kimlər oturub. Cəmiyyət nə kökdədir. Bir zamanlar demokratik hökuməti, parlamenti, ziyalıları olan ölkədə, indi demokratiya sözündən qalan yalnız “D” hərfidir.

Hətta mənim uşaqlıqda elədiyim yaramazlıq belə, indiki məmur şıltaqlığı yanında toya gedəsidir.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəXədicə İsmayıl və absurd teatrı