Xədicə İsmayıl: Mən çiçəklənmirəm, ləyaqətimin mövcudluğunu davam etdirirəm

“Azərbaycanda ədalət mühakiməsi gümanlar əsasında aparılır, faktlar əsasında yox”

Source:


“Azərbaycanda ədalət mühakiməsi gümanlar əsasında aparılır, faktlar əsasında yox”

Sentyabrın 29-da Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə araşdırmaçı jurnalist Xədicə İsmayılın apellyasiya şikayətinə baxılıb. Hakim Binəqədi Rayon Məhkəməsinin jurnalistin 2 min 500 manat cərimə olunmaqla bağlı hökmünü qüvvədə saxlayıb. Məhbus-jurnalist məhkəmənin qərarına “nə gözəl” deyərək reaksiya verib.

X.İsmayıl prosesdə Elman Həsənov barədə sənədin onun Facebook səhifəsindən yayılması haqqında 8 səhifəlik məktub yazan MTN əməkdaşının məhkəməyə dəvət olunması vəsatətini qaldırıb: “Mənim üçün sənədin nə vaxt və kim tərəfindən yayılması vacibdir, məhkəmə bu məsələni aydınlaşdırılmalıdır. Çünki mən 2014-cü ilin fevralında sənədin tərəfimdən yayılması ilə ittiham olunmuşam. Halbuki, Facebook-da sənədi yayanda göstərlən şəxsin adını silmişdim. İkinci, sənədi yayanda da yazılanların doğru olub-olmadığı barədə məlumatsızlığımı ifadə edib qeyd etmişdim ki, əgər MTN bu işlərlə məşğul olursa, buna yalnız təəssüflənirəm. Bu, Azərbaycan dövlətçiliyi üçün faciədir ki, büdcədən maliyyələşən MTN insanların şəxsi həyatlarından videolar çəkir, sonra bunun vasitəsilə şantaj edib onları müxalifət əleyhinə işləməyə sövq edir”.

Jurnalist bir daha qeyd edib ki, Facebook-da sənədi yayarkən həmin adamın adını silib və bu məsələ ilk dəfə Mustafa Kozlu tərəfindən yayılıb, həmin adam isə adı silməmiş, olduğu kimi saxlamışdı.

Prosesə qatılan Elman Həsənov bildirib ki, bu sənədi AXCP sədri Əli Kərimli, Qənimət Zahid, Natiq Ədilov və Xədicə İsmayıl ona qarşı hazırlayıb.

Belə olanda vəkil replika atıb ki, o zaman Əli Kərimli də məhkəməyə çağrılsın. Amma hakim buna ehtiyac görmədiyini söyləyib.

Daha sonra Elman Həsənov Elçibəyin ölümündə Əli Kərimli və Xədicə İsmayılı günahlandırdı. Jurnalist ona cavab verdi ki, Amerika prezidenti Kennedinin ölümündə, İkinci Dünya Müharibəsinin başlanmasında və ümumiyyətlə, tarixin dəyişdirilməsində də o əsas iştirakçı olub: “Sadəcə, bunlardan xəbərim olmayıb”.

X.İsmayıl Cinayət-Prosesual Məcəlləyə əsasən işin dayandırılmasını vacib saydı. Çünki heç bir şahid ifadəsi və fakt olmadan iş icraata götürülüb: “Binəqədi Rayon Məhkəməsi də iştirakım olmadan haqqımda hökm elan edib, ola bilsin hakim bütün bunlara məcbur olub. Təsəvvür edin ki, şəxs prosesdə iştirak etmir, proses qapalı keçirilir və hökm  oxunur. Azərbaycan məhkəmə tarixində belə hadisə olmayıb. Bu, Azərbaycan məhkəmə sisteminin çöküşüdür”.

Sonuncu cümləyə hakim Qail Məmmədovun “hər şey çökür, yalnız siz çiçəklənirsiz” replikasına Xədicə İsmayıl: “Mən çiçəklənmirəm, ləyaqətimin mövcudluğunu davam etdirirəm. Sizə də bunu arzulayıram. Anlayıram, sizə də Binəqədi Rayon Məhkəməsinin hakiminə olduğu kimi təzyiq edirlər”,-deyə cavab verdi. Amma hakim jurnalistə gümanlar əsasında danışmamağı tövsiyyə etdi. Ona cavab olaraq Xədicə İsmayıl bildirdi ki, onun özü gümanlar əsasında həbs olunub, gümanlar əsasında ittihamlar irəli sürülüb: “Ümumiyyətlə, Azərbaycanda ədalət mühakiməsi gümanlar əsasında aparılır, faktlar əsasında yox”.

Ana səhifəXəbərlərXədicə İsmayıl: Mən çiçəklənmirəm, ləyaqətimin mövcudluğunu davam etdirirəm