Xədicə İsmayıl məhkəmənin gedişindən məyusdur

“Mən başa düşürəm, sizə sifariş veriblər, ancaq imkan verin, mən də hüquqlarımı qoruyum”

Source:


“Mən başa düşürəm, sizə sifariş veriblər, ancaq imkan verin, mən də hüquqlarımı qoruyum”

Avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəmə prosesi davam etdirilib. Prosesdə diplomatik korpusun nümayəndələri, jurnalistin yaxınları iştirak ediblər.

Prosesdə Azadlıq Radiosunun əməkdaşı Ülkər Akifqızı şahid kimi dindirilib. Ondan radioda ştatda olan əməkdaşla ştatda işləməyənin fərqləri soruşulub.

Xədicə İsmayıl həmkarından xahiş edib ki, Azadlıq Radiosunun ofisini təvir etsin. Sonra ondan “Fərqli düşüncə” qəzetinin otağının olub-olmadığını soruşub. Ülkər Akifqızı belə bir otağın olmadığını deyib.

Sonra Azadlıq Radiosunda texniki işlərə nəzarət etmiş Fərid Abdullayevin ifadəsi elan olunub. O, istintaqdakı ifadəsində deyib ki, radioda mülki müqavilə əsasında işləyib, hər ay vergi ödəyib. Bildirib ki, cəmi bir dəfə Azadlıq Radiosunun əməkdaşı Cavanşir Ağamalıyevin hesabına maaşdan əlavə bir neçə min məbləğində vəsait gəlib və VÖİN-indən istifadə edərək həmin pulun vergisini ödəyib, məbləği xatırlamır.

Xədicə İsmayıl deyib ki, Fərid Abdullayevin bu ifadəsi dəyişdirilib: “İstintaq materialları ilə tanış olanda mənim oxuduğum ifadə bu deyildi. Ola bilsin ifadəsi dəyişdirilib və ya ora əlavə vərəqlər qoyulub”.

Vəkil Fariz Namazlı Tural Mustafayevin intihara cəhdi ilə əlaqədar Şəhla Hümbətovanın əlavə şahid kimi dindirilməsi haqqında vəsatət verib. Lakin vəsatət təmin olunmayıb.

Sonra vəkil Tural Mustafayevin işdən çıxarılması məsələsinin ayrıca araşdırılması ilə bağlı vəsatət qaldırıb. Məhkəmə materiallarına Tural Mustafayevlə Azadlıq Radiosunun əməkdaşı Babək Bəkir arasında olan e-mail yazışmasının surətinin də əlavə olunmasını istəyib. Lakin dövlət ittihamçısı deyib ki, Babək Bəkir ifadəsində bu barədə danışıb, ona görə də həmin materialların dəlil kimi işə əlavə olunmasının əleyhinədir.

Bu vəsatət də təmin olunmayıb.

Fariz Namazlı deyib ki, Tural Mustafayevin “Xədicə İsmayıl nüfuzundan istifadə edərək mənim Meydan TV-dən çıxmağıma nail oldu” iddiasına əsasən Meydan TV-nin direktoru Emin Milliyə vəkil sorğusu göndərilib. Vəkil Emin Millinin cavabının və Meydan TV-nin bu barədə yaydığı bəyanatının işə əlavə olunmasını istəyib.

Dövlət ittihamçısı vəsatətə qarşı çıxıb. Xədicə İsmayıl: “Mən həbsimdən əvvəl prokurorluq heyətinin «Maqnitski siyahısı»na salınması üçün beynəlxalq təşkilatlara müraciət etmişdim. Ona görə prokurorluq heyəti mənə qarşı qərəzidir. Əgər siz Tural Mustafayevin işdən çıxarılmasını, intiharı məsələsini araşdırırsınızsa, bütün əlaqəli şəxsləri dindirməkdə maraqlı olmalısınız” – deyib.

Hakim vəsatəti təmin etməyib.

Vəkillərin başqa bir vəsatəti Azadlıq Radiosunun nümayəndəsi Adil İsmayılovun məhkəməyə çağırılması haqqında olub: “Xədicə İsmayıla qarşı irəli sürülmüş 4 maddə Azadlıq Radiosu ilə bağlıdır. Buna görə də Adil İsmayılovun dindirilməsini istəyirik”. Prokuror isə deyib ki, buna ehtiyac yoxdur, çünki Azadlıq Radiosunun işi araşdırılmır. Bu vəsatət də təmin olunmayıb.

Xədicə İsmayıl deyib: «Heç olmasa, radionu mənə görə yoxlayıb bağladığınızı açıq bildirməyin. Məni tutmaq üçün radionu bağlamısınız. Çünki radioda yoxlama aparıb məni tutmalıydınız, siz isə əksini etmişiniz».

Növbəti vəsatət Milli Teleradio Şurasının və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələrinin məhkəməyə dəvəti ilə bağlı olub. Müdafiə tərəfi bildirib ki, MTRŞ-nin qərarı cinayət işində doğru olmayan şəkildə izah olunur və Azadlıq Radiosu lisenziya əsasında fəaliyyət göstərib, heç bir qanunsuz sahibkarlıq yoxdur.

Dövlət ittihamçısı bu vəsatətə də qarşı çıxıb: “MTRŞ tərəfindən 7 sentybr 2007-ci ildə Azadlıq Radiosuna verilmiş 052 nömrəli lisenziyada göstərilir ki, radio 1 yanvar 2007-1 yanvar 2008-ci illərdə fəaliyyət göstərə bilər. 2009-cu ildə qanun qəbul olunub. O vaxta qədər radio qanunsuz FM dalğasında yayımlanıb”.

Xədicə İsmayıl izah edib ki, Bakı bürosu lisenziya məsələsinə baxmayıb: “FM dalğası üçün siqnal Almaniyadan alınıb və lisenziya ilə fəaliyyət göstərib. Həmin dalğada Praqa ofisinin materialları da yayımlanıb. Azərbaycan bürosu ancaq proqramlar hazırlayıb və göndərib Praqaya. Ordan da Almaniyadakı siqnal vasitəsilə FM-ə ötürülüb”. Bu vəsatət də təmin olunmayıb.

Məhkəmədə 10 dəqiqəlik fasilə elan olunub.

10 dəqiqəlik fasilədən sonra vəkillər deyib ki, bir neçə şəxsin qanunsuz əməyə cəlb edilməsi ittihamı ilə bağlı cəmi bir şahid – Esmira Cavadova dindirilib. Qalanları da dindirilməlidir. Bu vəsatət baxılmamış qalıb.

Hakim bildirib ki, məhkəmə prosesi sabah saat 3-də davam edəcək. Vəkilləri və Xədicə İsmayıl məhkəmənin çox sürətlə keçirilməsinə etiraz ediblər. Xədicə İsmayıl: «Ekspress məhkəmə keçirirsiniz. Başa düşürəm, ittihamı hökmə köçürüb işi yekunlaşdırmaq istəyirsiniz. Yəqin isirahətə tələsirsiz. Ola bilsin mənim üzümü hər gün gəlib burda görmək sizə xoş deyil. Ola bilsin buna vicdanınız da dözmür. Hər halda bunu ehtimal edirəm. Mənim vəkillərimlə görüşməyimə imkan verilmir. Məni 15 il cəza gözlədiyini deyirsiniz. Mən 15 il də, 25 il də həbsdə olmağa razıyam. Heç olmasa, bunun cüzi hissəsini burda, məhkəmə zalında səy göstərərək, hüquqlarım uğrunda mübarizə apararaq keçirərəm. Hüquqlarımı təmin edin. Mən başa düşürəm, mənimlə bağlı sizə sifariş veriblər. Nə qədər həbs cəzası verəcəyinizi də bilirsiniz. Ancaq imkan verin, mən də hüquqlarımı qoruyum».

Xədicə İsmayıl qohumları və vəkilləri ilə görüşməyi üçün, heç olmasa, bir gün vaxt ayrılmasını istəyib. Ancaq buna imkan verilməyib.

Xədicə İsmayıl məhkəmənin gedişindən məyus olduğunu da deyib.

Məhkəmə prosesi avqustun 14-ü, saat 15.00-a təyin edilib.

Ana səhifəXəbərlərXədicə İsmayıl məhkəmənin gedişindən məyusdur