Xədicə İsmayıl hökm günü prezidentin qızından danışdı (VİDEO)

Araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın 7 il 6 ay azadlıqdan məhrum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvəsində saxlanılıb. Bu barədə dünən Bakı Apellyasiya Məhkəməsində İlqar Murquzovun sədrlik etdiyi hakimlər heyəti qərar çıxarıb.

Lakin məhkəmənin qərarı elan olunmamışdan əvvəl prosesdə bir sıra maraqlı hadisələr baş verib. Məhkəmə iclasının əvvəlində Xədicə İsmayılın vəkili Fariz Namazlı müvəkkilinin zaldakı səskeçirməz şüşə kabinədən çıxarılaraq, müdafiəçilərinin yanında əyləşməsinə icazə verilməsi barədə vəsatət qaldırıb. Lakin vəsatət təmin olunmayıb.


“Şou göstərmək istəyirsinizsə, o başqa məsələ…”

Daha sonra Xədicə İsmayıl hakimlərə müraciət edərək, apellyasiya şikayətinə əlavəsi olduğunu bildirib:

– Məhkəmənin qərarında qeyd olunur ki, mənim adıma heç bir əmlak olmadığına görə heç nə müsadirə olunmur. Düzü, mən bundan çox pis oldum. Ölkədə neftin qiyməti düşüb, ağır vəziyyətdir… Belə bir vəziyyətdə könüllü olaraq təşəbbüs irəli sürmək və müsadirə oluna biləcək əmlaklarım barədə məlumat vermək istəyirəm. Londonda yerləşən 5 mərtəbəli bina. Həmin binanın 1,2,3,4 və 5-ci mərtəbəsindəki bütün mənzillər Vircin adalarında qeydiyyata alınmış 4 şirkət tərəfindən 9 illik müddətə icarəyə götürülüb. Həmin ölkədə xarici vətəndaşlar üçün əmlak vergisi həddən artıq çox olduğuna görə satın alınmayıb, icarəyə götürülüb…

Bu yerdə hakim Xədicə İsmayılın sözünü kəsib:

– Mahiyyəti üzrə danışın.

Xədicə İsmayıl yenidən davam etmək istəyəndə hakim masasındakı düyməni basmaqla, şüşə kabinənin içindəki mikrofonu söndürüb və jurnalistin orada danışdıqları məhkəmə zalında eşidilməyib.

“Sizə əmlak müsadirəsi qoyulmayıb. Bu barədə danışmaq mahiyyət üzrə deyil. Şou göstərmək istəyirsinizsə, o, başqa məsələ. Müsadirə iləbağlı hər hansı vəsatət qaldırmaq bu işin hüdudlarından kənardır”, – deyə hakim əlavə edib.


“Bu hökm məhkəmə adına ləkədir”

Daha sonra jurnalistin vəkillərindən Fariz Namazlı çıxış edərək bildirib ki, apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması düzgün deyil: “Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən 30-dan çox vəsatət qaldırdıq. Demək olar ki, heç biri təmin olunmadı. Həmin faktlar araşdırılmadan şikayətə obyektiv baxılması mümkün deyil. Ona görə də apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyirik. Bu ittihamların Xədicə İsmayıla aidiyyəti yoxdur. Guya, Xədicə “Azadlıq” radiosunun əməkdaşları ilə xidmət müqaviləsi bağlayıb və 4 faiz vergi fərqini mənimsəyib. Xidməti müqavilənin bağlandığı adamların dindirilməsi məsələsini qaldırdıq, imtina edildi. Xədicə İsmayıl bu adamlarla müqavilə bağlamayıbsa, bu ittihamın ona nə aidiyyəti ola bilər?! Cinayət işində Esmira Cavadova və Şahvələd Namazovun müqaviləsi var və onlarda da Xədicənin imzası yoxdur. Dəfələrlə dedik ki, Azərbaycan nümayəndəliyinin rəhbəri ilə Bakı bürosunun rəhbəri eyni şey demək deyil. Xədicə Azərbaycan nümayəndəliyinin rəhbəri olmayıb və ona kimisə işə götürmək səlahiyyəti verilməyib. Qanunsuz sahibkarlıq ittihamında 2 əməl əsas götürülüb – radionun lisenziya müddəti bitdikdən sonra fəaliyyəti və Xədicənin akkreditasiyadan keçməməsi. Lisenziya məsələsinin Xədicəyə heç bir aidiyyəti yoxdur. Akkreditasiyaya gəlincə, o zaman belə bir akkreditasiyanı tələb edən qanun olmayıb”.

İttihamların hamısının qanunsuz və əsassız olduğunu deyən vəkil məhkəmədən Xədicə İsmayıla bəraət verilməsini istəyib.

Digər vəkil Cavad Cavadov çıxışında deyib ki, hətta Xədicə İsmayılın kimisə işə götürmək səlahiyyəti olsaydı belə, xidməti müqavilə bağlanmasında heç bir qanun pozuntusu yoxdur: “Əmək müqaviləsi, yoxsa xidməti müqavilə bağlamaq birbaşa işəgötürənin səlahiyyətidir və onun belə bir seçim etmək hüququ var. Xidməti müqavilə bağlamaq qanuna zidd deyil”.

Cavad Cavadov həmçinin vəsatətləri təmin edilmədiyini nəzərə alaraq, bu instansiyada da Xədicə İsmayıl barədə ədalətli qərar çıxarılacağına inanmadığını vurğulayıb.

Jurnalistin başqa bir müdafiəçisi Fəxrəddin Mehdiyev də ittihamların qurama olduğunu deyib: “Bu ittihamlar hüquqi nihilizmin bariz nümunəsidir. Ortada zərərçəkmiş şəxs belə yoxdur. Bu, səhv deyil, sadəcə, qərəzdir. Yaradıcı jurnalistika necə sahibkarlıq hesab oluna bilər?! Heç bir maliyyə sənədində, müqavilədə Xədicə İsmayılın imzası yoxdur. Belə olan halda, bu adamı nədə ittiham etmək olar?!

Xədicə İsmayıl barədə hökm məhkəmə adına çox böyük bir ləkədir, Avropa Məhkəməsini mat edəcək bir işdir. Bu, məhkəmədən çox Krılovun təmsillərinə bənzəyir”.


“Sizin “knopka” ilə oynamaq yaşınız keçib…”

Daha sonra Xədicə İsmayıla söz verilib. Amma hakim əvvəlcədən ona xəbərdarlıq edib ki, yalnız işin mahiyyəti üzrə danışsın.

Xədicə İsmayıl:

– Başa düşürəm ki, siz hakimlərin azad sözü eşitməyə təhəmmülü yoxdur. Ölkədə bütün telekanallar susdurulub. Sizin də əlinizə bir “knopka” düşüb və siz də o saat söndürürsüz. İndi ölkədə vəziyyət elədir ki, hərənin əlində bir “knopka” var və söndürməklə məşğuldur…

Bu yerdə hakim yenə düyməni basmaqla mikrofonu söndürüb və ittihamların mahiyyəti üzrə danışmağı tələb edib.

Bundan sonra jurnalist çıxışını davam etdirib:

– Siz məhkəmə heyəti olaraq, hətta vicdanlı və qərəzsiz olsaydız belə, əlinizdə olan protokollarla ədalətli qərar çixara bilməzdiniz. Çünki o protokollar saxtalaşdırılıb. Əslində, məhkəmədə əlavə şəxslərin dindirilməsinə ehtiyac var idi. Bir də məni daha çox 364 manat verməli olmağımla bağlı qərarın saxlanılması yandırır. 125-ci maddə ilə bağlı bəraət alsam da, bu məbləğ qərardan çıxarılmayıb. Yəni bir yandan qərarda yazılır ki, pulum, əmlakım yoxdur, bir yandan da 364 manat istənilir.

Hakim bu yerdə yenə düyməni basıb mikrofonu söndürəndə Xədicə İsmayıl buna çox maraqlı reaksiya verib:

– Sizin artıq “knopka” ilə oynamaq yaşınız keçib.


“Bu, bizim ölkə adına ayıbdır”

Daha sonra Xədicə İsmayıl bir daha vurğulayıb ki, o, radionun Azərbaycan nümayəndəliyinin rəhbəri olmayıb:

– Ağır Cinayətlər Məhkəməsinin hakimləri, hətta oxumaq və yazmağı bacarmasalar belə, Azərbaycan nümayəndəliyinin rəhbəri ilə Bakı bürosunun rəhbəri arasındakı hərf saylarının fərqindən bilməli idilər ki, bunlar fərqli şeylərdir. Ümumiyyətlə, müəyyənləşdirilməli idi ki, cinayət hadisəsi baş verib, ya yox. Fakt odur ki, mən redaktor fəaliyyətimə, İlham Əliyev və onun ailə üzvlərinin biznesini araşdırdığına görə tutulmuşam. Bunun belə olduğunu mənə əvvəldən desəydilər, heç apellyasiya şikayəti də verməzdim…

Bu yerdə hakim yenə düyməni basıb:

– Mahiyyəti üzrə danışın.

Xədicə İsmayıl:

– Mən elə həbsimin əsl mahiyyətindən danışıram. Burada bir presedent hal da var ki, məndən sonra başqa jurnalistlərə də şamil oluna bilər. Mən radio ilə əməkdaşlıq üçün Xarici İşlər Hazirliyində akkreditasiyadan keçmədiyimə görə qanunsuz sahibkarlıqda günahlandırılıram. Bu həm absurddur, həm də antikonstitusion. Mənim əvvəl Xarici İşlər Nazirliyində akkreditasiyam olub, amma yenə də nazirlikdə keçirilən tədbirlərə buraxılmamışam, çünki sərt suallar verirdim. Ona görə də sonradan bu imtiyazdan imtina etdim və daha orada akkreditasiyadan keçmədim. Bu, mənim tam hüququmdur. İndi bəlli olur ki, buna görə adamı həbs də edə bilərlər. Belə çıxır ki, Azərbaycanda Xarici İşlər Hazirliyi kimə icazə verirsə, o da jurnalist ola bilər. Ağır Cinayətlər Məhkəməsi də bunu haqlı bilməklə əslində, ölkəni dünyada biabır etdi. Mən Ombudsmandan bununla bağlı Konstitusiya məhkəməsinə müraciət etməyi xahiş etdim. Mənə cavab gəldi ki, yalnız Ali Məhkəmənin qərarından sonra Konstitusiya Məhkəməsinə müraciət oluna bilər.

Xarici İşlər Hazirliyindən icazə almaq tələbindən Sovet dönəmində dəmir pərdələrin iyi gəlir. Bu biabırçılığa son qoymaq lazımdır. Bu, bizim ölkə adına ayıbdır. Siz, heç olmasa, bu ittihamı aradan qaldırın ki, ölkə biabır olmasın.

Prokurorluq işçilərinə də vecsiz işlərinə görə təşəkkür edirəm. 16 tonluq işin içində mənimsəmə yazılsa da, mənim nəyi mənimsədiyimi üzə çıxara bilməyiblər. Gör mən nə qədər təmiz adamam ki, siz də mənim hər hansı mülkümün olduğuna inanmaq istəmirsiz. Düzdür, əvvəldə dediyim mülklər mənim deyil, Leyla Əliyevanındır…

Bu yerdə hakim növbəti dəfə Xədicə İsmayılın mikrofonunu söndürdü və bir daha onun çıxış etməsinə imkan verməyib.

***

Daha sonra dövlət ittihamını müdafiə edən prokuror Abbas Abbaslı çıxış edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını istəyib.

Məhkəmənin qərarı da prokurorun istəyinə uyğun olub – hökm qüvvədə saxlanılıb.

Ana səhifəVideoXədicə İsmayıl hökm günü prezidentin qızından danışdı (VİDEO)