“”Yeni Müsavat”ın dərc etdiyi prokurorun yazdığı ittiham aktıdır, hətta mənim ifadəm belə səhvdir”
Hazırda həbsdə olan araşdırmaşı jurnalist Xədicə İsmayıl həmkarı Natiq Cavadlı ilə telefon əlaqəsi saxlayıb. Bu barədə Natiq Cavadlı özünün Facebook səhifəsində yazıb. Onun sözlərin görə, Xədicə Belarus prezidenti Lukaşenkonun siyasi məhbusları azad etməsi xəbərinə gülüb. Neftin qiymətinin düşməsindən xəbərdar olduğunu da deyib: “Səsi gümrah idi. Xədicə xanım xahiş etdi ki, cəmiyyətə çatdıraq. “Yeni Müsavat” qəzetinin dərc etdiyi ifadələr deyil, bu, prokurorluğun yazdığı ittiham aktıdır və orada onlara sərf edən yalanlar yazılıb, hətta ifadələr saxtalaşdırılıb. Guya ifadələrdə belə söylənilir deyə ona saxta ittiham düzəldilib. Adamların ifadələrdə demədiyi sözlərə istinad olunub, yalan şərhlər və çıxarışlar edilib. Nəinki başqalarının, hətta onun öz ifadəsi orada yanlış və prokurorluğa lazım olan kimi qələmə verilir. Bu, saxta və uydurma bir sənəddir.
Xədicə xanım dedi ki, hətta prokuror ona iş istəyərkən adamların bir neçə gün öncə məhkəmədəki ifadələrini saxtalaşdırdı və yalandan çıxarışlar etdi. Ekspertlər də yalan danışdılar.
Amma hətta qorxu və şantajla da aldıqları ifadələr də doğrulmadı, “zərərçəkən” belə məhkəmədə ifadəsindən imtina etdi, onu hansı basqı altında verdiyini söylədi. Başqa cür ola da bilməzdi, çünki ortada heç bir cinayət yoxdur”.
Xədicə İsmyıl bu fikirlərin ictimailəşdirilməsini istəyib: “Heç kim mahiyyəti çaşdırmağa çalışmasın, məni ifadələrlə tutmayıblar, İlham Əliyev məndən yazılarıma görə intiqam alır. “Yeni Müsavat”a gəlincə, mən artıq ona “Səs” qəzeti kimi yanaşıram”.