Jurnalist şərti azadlığa buraxılıb
Ali Məhkəmədə jurnalist Xədicə İsmayılova barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, prosesdə Xədicə İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarılıb.
Vəkil Fariz Namazlı deyib ki, Xədicə İsmayıl üçün sınaq müddəti müəyyən edilib.
O, Binəqədi rayon Polis İdarəsində qeydiyyatda olacaq. Hər ay ora gedib qeydiyyatdan keçməlidir.
Bu həm də o deməkdir ki, Xədicə dövlət orqanlarının icazəsi olmadan 5 il ərzində ölkəni tərk edə bilməz. Yaşayış yerini dəyişə bilməz.
X. İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X. İsmayılova apellyasiya şikayəti verib. Şikayətdə onun barəsindəki cinayət işinə xitam verilməsi və azadlığa buraxılması xahiş olunub. Lakin məhkəmə şikayəti təmin etməyib. Bundan sonra kassasiya şikayəti verilib.