Jurnalist özünün həbsxanada topladığı pulu qəzetə vermək niyyətindədir
Hazırda həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayıl “Azadlıq” qəzetinə maddi yardım etmək niyyətindədir. Jurnalistin yaxınları Meydan TV əməkdaşına bu barədə məlumat verib. Maddi sıxıntılar səbəbindən qəzetin bağlana biləcəyindən narahat olan Xədicə İsmayıl deyib ki, özünün həbsxanada topladığı pulla “Azadlıq”a yardım etmək istəyir.
Jurnalist Xədicə İsmayıla qarşı ötən ilin dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) irəli sürülüb və o, həmin gün həbs olunub. Səbail Rayon Məhkəməsində hakim Elşad Şamayevin sədrliyiylə keçirilən prosesdə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Fevral ayında jurnalistə qarşı Baş Prokurorluq Cinayət Məcəlləsinin179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlarını elan edib.
Bu ittihamlara görə jurnalisti 12 ilədək həbs gözləyir.
Xədicə İsmayıl irəli sürülən ittihamları peşə fəaliyyəti ilə əlaqələndirək rədd edib.