”Məhbus jurnalist bildirir ki, qismət olsa, gələcəkdə Amalla görüşəndə ona ”erməni soyqırımı” adlandırılan məsələ ilə bağlı daha dolğun məlumatlar verəcək”
Tanınmış insan haqları vəkili Amal Clooney Azərbaycanın məhbus jurnalisti Xədicə İsmayılı Avropa İnsan Haqları Məhkəməsində müdafiə edəcək.
Bu barədə xəbəri Xədicə İsmayılın özü təsdiq edib.
Suallar doğuran iqtisadi cinayət ittihamları ilə 7 il yarım müddətinə azadlıqdan məhrum edilmiş Xədicə İsmayılın vəkili Fariz Namazlının yanvarın 21-də verdiyi eksklüziv bəyanatda deyildiyinə görə, Xədicə xanım Clooney-nin təklifini, ilk öncə, onun 2014-cü ildə Misirdə həbs edilmiş “əl-Cəzirə” jurnalisti Mohamed Fahmy-ni müdafiə edərkən göstərdiyi cəsarətə görə qəbul edib:
“O, həmin işə cəsarətlə qoşulmuş, qarşıda hansısa uğurun olub-olmadığını düşünməmişdi. Buna görə Xədicə Amalın onun işinə də qoşumasını arzu edir”.
Azərbaycanın hökumətyönlü mediasında Amal Clooney-in guya erməni olması barədə yalan məlumatlar yayılır.
Vəkilin sözlərinə görə, Xədicənin bu məsələyə münasibəti belədir:
“Xədicə onun etnik məsuliyyəti barədə düşünmür. Xədicə düşünür ki, normal insanlar kiminsə etnik məsuliyyəti barədə suallar vermir. “Haralısan” sualı vermir. Azərbaycanda heç kimə belə sual verməyən Xədicə Amal haqqında da belə suallara ehtiyac görmür.”
Vəkilin sözlərinə görə, Xədicə Amal Clooney-nin ”Doğu Perincək işi”ndə Ermənistanın vəkili olması məsələsinin qabardılmasına da münasibət bildirib:
“Xədicə deyir ki, Amal həmin işi uduzsa da, mənim işimi udacaq. Xədicə onu da bildirir ki, qismət olsa, gələcəkdə Amalla görüşəndə ona “erməni soyqırımı” adlandırılan məsələ ilə bağlı daha dolğun məlumatlar verəcək”.
Son illərdə WikiLeaks saytının yaradıcısı Julian Assange və Ukraynanın keçmiş baş naziri Yulia Tymoshenko kimi şəxsləri müdafiə etmiş xanım Clooney, Xədicə İsmayılın işində həmvəkil kimi iştirak edəcək.
Xədicə İsmayılın Azərbaycan hökumətinə qarşı iddiasında bildirilir ki, onun 2014-cü ilin dekabr ayında həbsindən sonra məhkəməyəqədərki dövrdə 9 ay həbsdə saxlanması Avropa İnsan Haqları Konvensiyasının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.
Onun guya keçmiş həmkarını intihara sövq etməsinə dair ilkin ittiham geri götürülsə də, o, həbsdə saxlanıb və bundan sonra ona qarşı mənimsəmə, vergidən yayınma və səlahiyyətlərindən sui-istifadə ittihamları irəli sürülüb. Sentyabr ayında 39 yaşlı xanım İsmayıla Azərbaycan məhkəməsi tərəfindəm 7 il yarım müddətinə azadlıqdan məhrum edilib.
Xədicə İsmayıla qarşı hüquqi hərəkət, geniş ictimaiyyət tərəfindən, onun Azərbaycan prezidenti İlham Əliyevin ailəsinin böyük bizneslərlə və mülkiyyət holdinqləri ilə əlaqəsinə dair reportajlarına görə qisas kimi qəbul edilir.
Xədicə İsmayılın həbsi və məhkum edilməsi beynəlxalq insan haqları təşkilatları və Avropa İttifaqının üzvləri də daxil, Qərb dövlətləri tərəfindən kəskin tənqid edilir.
“Amal Clooney-nin bu işi üzərinə götürmək qərarı Xədicənin və onun jurnalistikasının çox güclü təsdiqi hesab olunmalıdır” – deyib Azadlıq Radiosunun baş redaktoru Nenad Pejic, – Bu, media azadlığının təntənəsidir və mən inanıran ki, onların birləşən gücü qalib gələcək”.
azadliq.org