“Bu, Rusiya dəliliyinin növbəti təzahürüdür”
Mayın 25-də Rusiya qüvvələrinin Ukraynanın şimalında yerləşən Xarkov şəhərində supermarketə raket zərbəsi endirdiyi bildirilir. Nəticədə azı 12 nəfərin öldüyü, 43 nəfərin isə yaralandığı açıqlanıb.
Ukrayna Prezidenti Volodimir Zelenski supermarketə hücum zamanı 200-dən çox insanın zərər görə biləcəyini iddia edib.
“Xarkova bu zərbə Rusiya dəliliyinin növbəti təzahürüdür. Yalnız Rusiya Prezidenti Vladimir Putin kimi dəlilər insanları bu şəkildə öldürər və ya terrora əl atar” – deyə, o bildirib.
Zelenski əlavə edib ki, Ukraynanın özünü müdafiə edə bilməsi üçün Qərb müttəfiqlərinin köməyinə ehtiyacı var. Əsas da hava hücumundan müdafiə sistemləri ilə bağlı.
Xarkova hücum G7-nin maliyyə nazirlərinin İtaliyada keçirilən sammitində Ukraynanın müharibə səylərini maliyyələşdirmək üçün dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadənin dəstəklənməsindən sonra baş verib.
ABŞ-ın maliyyə naziri Janet Yellen də bu ideyaya geniş dəstək olduğunu açıqlayıb.
Amerikanın təklifinə əsasən, G7 və onun müttəfiqləri Qərb banklarında saxlanılan dondurulmuş Rusiya aktivlərini Kiyevə 50 milyard dollarlıq kredit üçün girov kimi istifadə edəcəklər. İdeya gələn ay bir daha müzakirə olunacaq.
Rusiya isə bu baş verərsə, qisas alacağı ilə hədələyib.