Daha iki şirkət Bakı filialını bağlayıb
Daha iki xarici şirkət Bakıdakı filiallarının bağlandığını elan edib. Məlumatı “Turan” İnformasiya Agentliyi yayıb.
Bildirilir ki, onlar Böyük Britaniyada qeydiyyata alınmış “Altus Intervention”, Almaniyanın dünyada məşhur şirkətinin Türkiyə qanadı olan “Schnieder Elektrik Sanayi ve Ticaret AS”-dir.
“Altus Intervention” Azərbaycanda 2016-2017-ci illərdə işləyib. Şirkətin bağlanma səbəbi açıqlanmır.
“Altus Intervention” İsveçin EQT birbaşa investisiyalar fonduna məxsusdur.
“Schnieder Elektrik Sanayi ve Ticaret AS” 2011-ci ildən Azərbaycanda çalışıb. Dövlət və özəl strukturlarla əlaqələri olub.
Bunlar son bir neçə ildə Azərbaycanı tərk edən ilk şirkətlər deyil. İsveçrənin yuyucu vasitələr istehsalçısı “Colgate-Palmolive” şirkətinin Azərbaycandakı nümayəndəliyi sentyabrın 15-dən ləğv olunduğunu elan etdi.
Bundan əvvəl isə Böyük Britaniyanın “Lloyd”s Register Inspection Limited” və “Vvipson Capital Management UK Limited” şirkətləri də Azərbaycandan gedib.
“Lloyd”s Register Inspection Limited” şirkətinin baş ofisi Böyük Britaniyanın paytaxtı Londonda yerləşir. Şirkət sənayenin müxtəlif sahələrində təhlükəsizlik xidmətləri təklif edir.
“Vvipson Capital Management UK Limited” isə konsaltinq və vəsaitlərin idarə olunması xidmətlərinin təklifi ilə məşğuldur.
“Champion Technologies Russia & Caspian BV” şirkəti də Azərbaycandakı filialını bağlayıb. Şirkət 2004-cü ildən Bakıda fəaliyyət göstərib və xüsusi reagentlərin geniş çeşidini təqdim edirdi. Neft-qaz sənayesində yaranan texniki problemlərin həlli ilə məşğul olurdu. Təsisçisi Texasın CS-US Holdings, Inc (ABŞ) şirkəti idi.
Azərbaycanda 23 illik iş təcrübəsi olan Türkiyənin “Seha” şirkəti də bağlananlar sırasındadır. O, elektrik malları və elektrik avadanlığı satırdı. Şirkətin sahibi Bahri Tupuz “Hizmet” hərəkatı ilə əməkdaşlıqda ittiham edildi.
2016-cı ildə Azərbaycanda 20 illiyini qeyd edən “Nil Kitap Kirtasiye Sanayi Ltd. Sti.” şirkəti də “Hizmet” hərəkatı ilə əlaqələndirildi. O, sonradan adını dəyişərək “Axent Kirtasiye” MMC-yə çevrildiyini elan etdi. Şirkətin dəftərxana mallarının satışı üzrə mağazalar şəbəkəsi var.
Britaniyanın “Wicklow Corporate Services Limited”, İsveçrənin “Man Oil Group AG” şirkətləri də bir müddət öncə Azərbaycandan gedib.
Britaniya şirkətinin filialı Azərbaycanda 2007-ci ildən fəaliyyət göstərirdi. Ötən il bu şirkətin sahibi Səid Alum Bitinin Amerika Ticarət Palatasının üzvlərindən biri ilə şəxsi münaqişəsi olmuşdu. İş məhkəməyə qədər gedib. Nəticədə şirkət Amcham-dan çıxarılıb.
İsveçrənin “Man Oil Group AG” şirkətinin filialı isə 2011-ci ildə neftlə çirklənən əraziləri ən yeni texnologiyalarla təmizləmək üçün yaradılmışdı.
Ekspertlər bir sıra xarici şirkətlərin ölkədən getməsinin səbəblərindən biri kimi, Vergilər Məcəlləsinə tez-tez dəyişikliklərin edilməsini göstərirlər.
2016-cı il dekabrın 16-da Milli Məclis Vergi Məcəlləsinə 200-dən çox dəyişikliyi qəbul etdi. Vergi Məcəlləsinə 115 yeni maddə əlavə olundu, 83 dəyişiklik edildi.
İqtisadçı Natiq Cəfərli Meydan TV-yə demişdi ki, normal iş adamı, xarici investor dəyişikliklərin məğzi bir qırağa, eşitsə ki, Məcəlləyə 115 yeni maddə əlavə edilib, dabanına tüpürüb ölkədən qaçar – necə ki, son zamanlarda onlarla xarici şirkətin nümayəndəlikləri bağlanır, otel bredlərinin adları binalardan silinir.