“Xarici reys olmasaydı, hökumət həqiqəti gizlədərdi”

İranlılar aviaqəza və ölkədəki vəziyyət barədə nə danışırlar

Source: вафыафыа

Məqalə

Hromadske

saytında dərc olunub


İranlılar aviaqəza və ölkədəki vəziyyət barədə nə danışırlar

İran sakini üzərində təyyarənin şəkli və fars dilində “Bizim hamımız üçün üzücüdür, biz hüzn içindəyik” sözlərinin yazıldığı plakatın yanından ötüb keçir. Bu, Tehran şəhər hava limanından havaya qalxan və az sonra qəzaya uğrayan Ukraynanın MAU şirkətinin sərnişin təyyarəsinin qurbanlarının anına rəmzi işarədir. İran, 13 yanvar 2020-ci il.

Yanvarın 8-nə keçən gecə İranda Ukraynanın Beynəlxalq Hava Yolları Şirkətinin (MAU) sərnişin təyyarəsi qəzaya uğrayıb. Göyərtədə olan 176 adamın hamısı həlak olub. İran iki gündən sonra etiraf edib ki, Ukrayna təyyarəsini səhvən vurub. Bundan sonra ölkədə hökumət əleyhinə etirazlar başlayıb. Bu, ABŞ-la münasibətlərin kəskinləşməsi fonunda baş verir. İranlıların çoxu əmindir: əgər bu, xarici reys olmasaydı, hökumət həqiqəti gizlədərdi. Tehran sakinləri “Hromadske”-yə aviaqəzaya olan reaksiyaları, sanksiyalar altındakı həyatları, hökumətə olan tələbləri, müharibə qorxuları və sülh ümidləri barədə danışıblar. Adlar müsahiblərin xahişi ilə dəyişdirilib.


Əli, 36 yaş, musiqiçi, Tehran

“Birinci reaksiya şok idi – İranın ortasında raketlər. Hökumət günahını boynuna aldığı üçün bir az rahatladım. Amma qəzaya uğrayan təyyarə İran reysi olsaydı, nə baş verəcəyini bilmirəm. Göyərtədə xeyli cavan vardı, bəziləri yenicə evlənmişdi, digərləri çox yaxşı universitetlərin tələbələri idi. Heç bir şişirtməsiz deyə bilərəm ki, həlak olanlar qeyri-adi insanlar idi və bu, İran üçün böyük zərbədir.

Ümumiyyətlə, İranda özümü təhlükəsiz hiss edirəm. Amma əgər səyahət etmək lazım gələrsə, bu, başqa məsələ. İran pasportunu daşıyan şəxs bir çox məhdudiyyətlə üzləşir.

Sadə iranlıların problemləri və duyğuları rejimin problemlərindən çox fərqlənir. Süleymani fiquru çoxunun xoşuna gəlirdi. İlk növbədə onda “İslam dövləti”ndən müdafiəçi görürdülər. İstəyirsiniz inanın, istəyirsiniz yox, amma onu İran məmurları arasında az-çox iddiasız fiqur kimi qəbul edirdilər. O, bəlkə də siyasi səhnədə soyuq ağlın səsi idi, çünki hərbçiydi. Onun ölümündən sonra yaxşı heç nə gözləmək lazım deyil – İran inqilabının keşikçiləri hər şeyi əvvəlki kimi edəcəklər.

Mən indi müharibənin mümkün olmadığını düşünmürəm. Münaqişə gerçəkdən kəskinləşib, lakin son hadisələr göstərdi ki, tərəflərdən heç biri klassik müharibəyə başlamaq istəmir.

Sanksiyalar bizi basır. Bu, özünü hər şeydə göstərir. Hətta həm insanlar, həm pişiklər üçün dərman çatışmır. Münaqişə valyutanın kursuna o qədər də çox təsir etməyib. Qiymətlər qalxır, bu, ən əvvəl sanksiyalar və yanacağın bahalaşması ilə bağlıdır”.


Neda, 36 yaş, institut müəllimi, Tehran

“Bütün iranlılar kimi, mən də aviaqəzanın şokundayam. Bir neçə gündən sonra Tehrandan başqa ölkəyə uçmalıyam və mən reysin təxirə salınıb-salınmayacağını bilmirəm.

İndi bizimlə nə olacağını təsəvvür etməkdə acicəm, ümumiyyətlə, nə baş verdiyini və daha nələr baş verəcəyini anlamaq çətindir. Mən etirazlarda olmamışam, amma ora dostlarım gedib və getməkdə də davam edirlər.

Mən indi müharibənin mümkün olmadığını düşünmürəm. Amma nə fərq edər ki? Biz oktyabrdan bəri etirazlar zamanı iki mindən artıq adam itirmişik!

Tehranda etiraz iştirakçıları Amir Kabir adına universitetin yanında, İran, 11 yanvar 2020-ci il. İran hərbçiləri yanvarın 8-də Ukrayna təyyarəsini təsadüfən vurduqlarını etiraf etdikdən sonra ölkə vətəndaşları hökumətin istefaya getməsini tələb edirlər.


Abbas, 38 yaş, İT mütəxəssisi, Tehran

“İnsanlar başlanğıcda hiddətləndilər, çünki həqiqəti az müddətə də olsa onlardan gizlətmişdilər. Hökumət tez-tez deyir ki, təhlükəsizliyimiz və silahlanmağımız naminə iqtisadi təzyiqə dözməliyik. Lakin indi hökumətin özünü təmizə çıxarması gülünc görünür, çünki məhz onlar bizim təhlükəsizliyimiz üçün təhlükədir. İranlılar əmindirlər: əgər qəzaya uğrayan xarici reys olmasaydı, məmurlar həqiqəti həmişəlik gizlədərdirlər. Odur ki, bu aviaqəza hökumətə olan etibarı ciddi şəkildə gözdən saldı.

İranda təhlükəsizlik məsələsi ilk növbədə iqtisadiyyatla bağlıdır. Biz sanksiyalar və iqtisadi təzyiqin artacağından gerçəkdən qorxuruq. Adamlar onsuz da zorla dolanırdılar. Daha betər olacağını təsəvvür etmək çətindir.

Süleymaninin qətli bizim üçün əsl şok oldu. O, İslam inqilabının qəhrəmanı idi. İndi onun ölümü ilə bağlı xeyli nəzəriyyə mövcuddur – bəziləri hətta bunun planlı şəkildə həyata keçirildiyinə inanırlar. İranın cavab zərbəsi xəbərdarlığı ortaya çıxanda bu ab-hava daha da gücləndi. Bir də onu deyirlər ki, bu ölüm noyabrda yanacağın bahalaşması ilə bağlı keçirilən mitinqlərdə etirazçıların qətlindən diqqəti yayındırıb.

Bir çoxu hesab edir ki, müharibə indi mümkün deyil. İndi hətta konfrontasiyadan sonra sülh əldə edilməsi üçün kompromis mümkündür. Bu vəziyyət çoxluğa İran-İraq müharibəsinin sonundakı dövrü xatırladır. Lakin o zaman xalq hökuməti dəstəkləyirdi, indi isə yox.

Bir çox İran məmurunun Amerika, ya da Kanada vətəndaşlığı var. Onların övladları orda yaşayır və həyatlarından məmnundurlar. Kasıblarla varlılar arasındakı uçurum göz deşir. Lakin hətta bu vəziyyətdə də müharibə istəyənlər var. Bəziləri o qədər hirslənib və peşmandır ki, radikal qərarlar arzulayır”.

Ana səhifəDünya“Xarici reys olmasaydı, hökumət həqiqəti gizlədərdi”