”Xarici QHT-lər Azərbaycana vəsait gətirə bilməyəcək”

Ələsgər Məmmədli: ”Azərbaycanda işləmək istəyən xarici QHT-lərin nümayəndəlik və filialları hökmən burda qeydiyyatdan keçib, sonra vəsait almalı olacaqlar”

Source:
Nazirlər Kabineti
Nazirlər Kabineti


Ələsgər Məmmədli: ”Azərbaycanda işləmək istəyən xarici QHT-lərin nümayəndəlik və filialları hökmən burda qeydiyyatdan keçib, sonra vəsait almalı olacaqlar”

Nazirlər Kabineti “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda dəyişikliklər edib.

İndiyə qədər bu Qayda Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların), o cümlədən sub-qrantın, qranta əlavənin, habelə ianələr istisna olmaqla, digər formada rəsmiləşdirilən yardımların qeydə alınmasını tənzimləyib.

Bundan sonra bu Qayda xarici dövlətlərin qeyri-kommersiya qurumlarının filial və ya nümayəndəlikləri tərəfindən qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların), o cümlədən sub-qrantın, qranta əlavənin, habelə ianələr istisna olmaqla, digər formada rəsmiləşdirilən yardımların qeydə alınmasını da tənzimləyəcək.

İndiyə qədər dövlət büdcəsi hesabına verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini (qərarını) qeydə alan orqana donor tərəfindən 3 gündən gec olmayaraq, bu Qaydaya uyğun təqdim olunub.

Dəyişikliyə əsasən bundan sonra həm də donor Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”nda nəzərdə tutulmuş qurum olduğu halda müvafiq məlumata Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 652 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”nda nəzərdə tutulmuş rəy və ya Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən həmin rəyin vaxtında verilməməsi barədə müraciət etmiş dövlət qurumunun məktubu əlavə olunacaq. Dövlət qurumu olan donor tərəfindən dövlət büdcəsi hesabına verilən qrant barədə müvafiq məlumatın təqdim edilməsi qeyri-hökumət təşkilatını müqavilənin (qərarın) qeydiyyat üçün təqdim edilməsi vəzifəsindən azad etmir.

Dəyişikliyi Meydan TV-yə şərh edən hüquqşünas Ələsgər Məmmədli 2013-cü ilin dekabrında qanunvericiliyə olan dəyişiklik və bir il sonra fevralın 5-də qüvvəyə minən xarici hüquqi şəxslərin Azərbaycandakı nümayəndəlik və filiallarının, eyni zamanda, Azərbaycanda olan QHT-lərin fəaliyyəti ilə bağlı məhdudllaşdırmaların praktik olaraq geniş qaydalar çərçivəsində təsdiqi olduğunu xatırlatdı: “Əvvəl qanunda bu dəyişikliklər oldu, sonra həmin məhdudlaşma baxımından qaydalar üzərində işlənildi”.

Ələsgər Məmmədli

“Söhbət ondan gedir ki, qrantlar əvvəlcə Ədliyyə Nazirliyində qeydiyyata alınırdı, hüquqi şəxslər İqtisadiyyat Nazirliyində, dini qurumlar da Dini İşlər üzrə Komitədə. Amma xarici təşkilatların Azərbaycandakı nümayəndəlikləri sadəcə Humanitar Komissiyaya bir məktub göndərirdilər və qrantlarının fəaliyyətə başlamasını elan edirdilər”,- deyən Məmmədli bildirdi ki, onlar beynəlxalq müqavilələrlə fəaliyyət göstərdiklərindən qeydiyyatları nəzərdə tutulmurdu. İndiki halda xarici təşkilatların Azərbaycandakı nümayəndəlik və filiallarının da yerli QHT-lər kimi qrantlarının qeydə alınması şərti gətirilir: “İkincisi, ötən ilin oktyabrında təsdiq olunan qaydalara görə, qeydiyyatdan keçmədən donorlar qrant verə bilməzdi. Həmin donorlardan da alınan vəsaitlərin qeydə düşmə imkanı artıq olmayacaq. Yəni Azərbaycanda işləmək istəyən xarici QHT-lərin nümayəndəlik və filialları hökmən burda qeydiyyatdan keçib, sonra vəsait almalı olacaqlar. Hətta öz ölkələrindən, mərkəzi ofislərindən alsalar da, həmin mərkəzi ofis bir formada gərək burda qeydiyyata alınsın”.

Hüquqşünas bu dəyişikliyi anormal hesab edir: “Əslində, 2014-cü ildən bəri beynəlxalq təşkilatların filiallarının bağlanma səbəbi də bu amil oldu. Çünki onların burdakı filiallarına göndərdikləri vəsaitə görə “niyə qeydiyyatdan keçirməmisiniz” deyib, cinayət işi açdılar. İndi də qanunvericiliyə olunan bu anormallığı qaydalarda dərinləşdirirlər. Baxmayaraq ki, ölkədə valyuta sıxıntısı var, hətta burda işləmək istəyən xarici QHT-lər də vəsait gətirə bilməyəcək. Həm də onların bir çoxu Azərbaycanda donor kimi qeydiyyata düşməkdə maraqlı deyil. Yaxud istəmirlər Azərbaycanda donor kimi qeydiyyata düşən təşkilatdan pul alsınlar. Bəzən onlar pulu kənardan cəlb edə bilirdilər, indi bu yollar da bağlandı”.

Ana səhifəXəbərlər”Xarici QHT-lər Azərbaycana vəsait gətirə bilməyəcək”