Azərbaycan cari rübdə Beynəlxalq Bankın (ABB) maliyyəsinin yenidən qurulması çərçivəsində onun təxminən ümumi məbləği $3 milyard olan qaytarıla bilinməyən kreditlərini alacaq.
“İlkin hesablamalara görə, növbəti tranş 5,3-5,9 mlrd. manat (təxminən $3 mlrd. dollar) təşkil edəcək”, – deyə ABB-nin Idarə Heyətinin sədri Xalid Əhədov “Routers”-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, satıla bilinməyən aktivlər müsadirə ediləcək ki, bu da bankın ehtiyatlarını 500 mln. manat məbləğində bərpa etməyə və kapitala dəstək göstərməyə imkan verəcək. Əhədovun sözlərinə görə, cari ilin birinci rübündə gözlənilən növbəti tranş ABB-nin problemli kredit portfeli ilə bağlı sonuncu olacaq.
Dünən London Məhkəməsi Böyük Britaniyada ABB-nin aktivləri xüsusunda xarici kreditorlar tərəfindən məhkəmə iddiaları qaldırılmasının qarşısının alınması ilə bağlı müsbət qərar çıxarıb. Britaniya Məhkəməsinin qərarına əsasən, xarici kreditorlar bankın aktivləri və ya öhdəliklərinə qarşı məhkəmənin məhkəmə icazəsi olmadan tələblər irəli sürə bilməz və bu, bankın xarici kreditorlar qarşısında öhdəliklərinin könüllü yenidən strukturlaşdırılması prosesinə yardım edəcək.
Bir qədər bundan əvvəl Azərbaycan Beynəlxalq Bankı $3,3 milyard məbləğində xarici borcunun könüllü surətdə yenidən strukturlaşdırması ilə əlaqədar Nyu-York Məhkəməsinə müraciət etmişdi və bu il mayın 12-də Nyu-York məhkəməsi analoji qərar qəbul edib: Bankın xarici öhdəliklərinin könüllü yenidən strukturlaşdırılması prosesində kreditorlar ABB-nin aktivlərinə tələblər irəli sürə bilməyəcəklər. Öncə xəbər verildiyi kimi, Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması çərçivəsində onun öhdəliklərinin könüllü yenidən strukturlaşdırması elan edilib. Bunun nəticəsində müəyyən maliyyə institutlarından da cəlb olunmuş xarici valyutada olan borclar dövlətə təhvil veriləcək.
Mayın 10-da ABB ilk dəfə olaraq $100 mln. məbləğində növbəti ödənişinin vaxtını keçiritdi (söhbət Cargill Financial Services International Inc maliyyə institutundan alınmış $715 mln. kreditdən gedir) və artıq mayın 11-də – görünür, özünü kreditorlar tərəfindən, yəqin ki, baş verəcək məhkəmə təqiblərindən qorumaq üçün – Nyu-York Məhkəməsinə müflis olduğu barədə ərizə ilə müraciət etdi. Təkcə bu il bank öhdəlikləri üzrə $ 1,3 mlrd. ödəməli idi. Ölkə hökuməti öz qızıl-valyuta ehtiyatlarını qorumağı üstün tutdu. Pis aktivlərdən azadolma sxemi qəbul edildi. Bankın sağlamlaşdırılması üçün iki il ərzində 9,9 mlrd. manatdan ($5,9 mlrd.) artıq vəsait xərclənib. Bu il həmin məqsədlər üçün təxminən 5 mlrd. manat ($2,9 mlrd.) ayrılacaq.
Bundan əlavə, likvidliyin dəstəklənməsi üçün Bankda $1,3 mlrd. məbləğində valyuta depozitləri yerləşdirilib. Lakin məlum oldu ki, ABB-yə maliyyə yardımı etmək dibsiz quyunu doldurmaq cəhdlərinə bənzəyir. Keçən ili bank yenə də zərərlə başa vurub, onun kreditorlarla hesablaşmaq üçün pulu yox idi, borcları isə artmışdı. Eyni zamanda, beynəlxalq maliyyə dairələrində hesab edirlər ki, $3,4 mlrd. ödənilməsi ilə bağlı çətinlik aysberqin yalnız görünən üst tərəfidir, Azərbaycanın kredit-maliyyə sektorundakı problemlər isə daha dərindir. “Mən Azərbaycanın Beynəlxalq Bankı və Maliyyə Nazirliyinə daha etibar etmirəm. Problemlər biz düşündüyümüzdən daha geniş və dərin ola bilər”, – deyə may ayında Bakıda keçirilən “Moody’s Annual Azerbaijan Summit” illik sammitdə agentliyin kiçik vitse-prezidenti Pyotr Paklin vurğulayıb.
Bununla yanaşı, bankın ötən həftə Londonda kreditorlarla baş tutmuş ilk görüşündə nəzərdə tutulan yenidən strukturlaşdırmanın mahiyyəti açıqlandı. Borcları Azərbaycanın suveren istiqrazlarına və ya bankın özünün borc öhdəliklərinə dəyişmək təklif olundu. Bu zaman borcların 20%-nin silinməsi təklif edilir. Üç mübadilə variantı təklif edərək, dövlət, ilk növbədə, ödənişlərin ABB-nin öhdəlikləri üzrə olduğu kimi, 2017-2019-cu illərdə deyil, 2022-ci ildən sonrakı dövrdə verilməsi üçün möhlət alacağına ümid edir.
Kreditorları belə vəziyyətin qane etmədiyini demək artıqdır, amma Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirdi ki, dövlət heç də ABB-nin borclarını ödəməli deyil, çünki dövlət təminatı bu banka şamil edilmir. ” Siz bunu “kəsmə” və ya daha başqa bir şey hesab edə bilərsiniz, lakin bu, masa üstündə olan yeganə təklifdir”, – deyə Şərifov bildirərək, Maliyyə Nəzarəti Palatasının rəhbəri Rüfət Aslanlı ilə birlikdə vurğulayıb ki, əgər yenidən strukturlaşdırma planı dəstəklənməsə, ABB tamamilə bağlana bilər. Həm də ki, hətta “kəsmə”yə razılaşsalar da, investorlarda bir neçə ildən sonra, əsas ödənişlərin vaxtı gələndə, vəziyyətin təkrarlanmayacağına zəmanət yoxdur.
Xarici maliyyə təhlilçilərinin fikrincə, nüfuz, etibar mülahizələrinə görə Azərbaycan borc sahiblərini ziyan çəkməyə məcbur etməməli idi. Xüsusən ona görə ki, bank və hökumət üçün bundan əldə edilən maliyyə qazancı, bəzi hesablamalara görə, minimaldır – ən çoxu $ 350 mln. Azərbaycan hakimiyyətinin hərəkətləri, ilk növbədə, ölkə üçün kreditlərin xeyli bahalaşmasına və özünün irimiqyaslı layihələrinin maliyyələşdirilməsi üçün vəsaitlərin cəlb olunması zamanı çətinliklərlə üzləşəcəyinə səbəb olacaq.
Yenidən strukturlaşdırılan borcun ümumi məbləği $ 3337105084 təşkil edib.
Borc siyahısında ödəmə müddəti 2017-2025-ci illərə düşən 18 müxtəlif kreditor vardır, onlardan ən iriləri bunlardır: ARDNF – $1 mlrd. , Cargill – $714 mln. 964 min, Citibank – $705 mln., Credit Suisse AG – $283 mln. 967 min, Emerald – $250 mln.
Mayın 11-də bankın özəlləşdirilməsinə hazırlıq ilə əlaqədar ABB-nin dövlətə məxsus səhmlərinin sağlamlaşdırılması üzrə tədbirlərin növbəti mərhələsinə keçid elan edilib.
Bir qədər əvvəl bankın bəyanatında bildirilmişdi ki, bu tədbirlər dövlət tərəfindən ABB-nin problemli aktivlərinin alınması (onların dəyərinin ödənilməsi ilə), likvid dəstəyinin göstərilməsi və kapital itkisinin bərpasını nəzərdə tutur. Dövlət ABB-nin 9,93 mlrd. manat dəyərində satıla bilnməyən aktivlərini artıq alıb, likvid dəstəyinin göstərilməsi üçün bankda $1,3 mlrd. və 70 mln. manat həcmində depozit yerləşdirilib. Bundan başqa, bankın kapital mövqeyinə yardım üçün 2017-ci ilin yanvarında dövlət tərəfindən bankda yerləşdirilmiş əmanətlərin 600 mln. manat məbləğində bir hissəsi kapitalın artırılmasına yönəldilib.