Xarici İşlər Nazirliyinin həbs olunan əməkdaşları qərara etiraz edir

Təqsirləndirilən şəxslərdən F.Mollazadənin ilkin ifadəsinin də bir hissəsi yayılıb.

Source: Specify Source


Vəkilləri istintaq dövründə onların azadlıqda olmalarını istəyib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatı nəticəsində saxlanılan Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri həbs qərarından narazıdır. Onlar yuxarı instansiyaya şikayət ediblər.

Nazirliyin İşlər İdarəsinin müdiri, eyni zamanda, Tender Komissiyasının sədri olan Fərhad Mollazadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq İdarəsinin şöbə rəisi Nurupaşa Abdullayev haqqında həbs qərarı Səbail Rayon Məhkəməsində verilib. İlkin istintaq dövrü üçün onların hər biri barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Adları çəkilən şəxslərin vəkilləri onların barəsində bu qərardan apelyasiya şikayəti veriblər. Vəkillər istintaq dövründə onlar barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsini və araşdırmalar gedən dövrdə azadlıqda olmalarını istəyib.

Meydan TV-nin əldə etdiyi məlumata görə, XİN əməkdaşlarının şikayətinə iyulun 9-da İlqar Murquzovun sədrlik etdiyi hakimlər kollegiyası baxacaq.

F.Mollazadə və S.Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham irəli sürülüb. N.Abdullayevə isə yalnız rüşvət alma ittihamı verilib.

DTX-nın bu həbslərlə bağlı məlumatında deyilir ki, dövlət büdcəsindən XİN-in fəaliyyətinə, o cümlədən təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün ayrılan vəsaitlərin bir hissəsi F.Mollazadə və S.Əlizadə vasitəsilə vasitəsilə mənimsənilib. Tanış adamların köməyilə saxta şirkətlər yaradıb, onları tenderdə qalib elan edərək, büdcəsən ayrılan vəsaiti həmin şirkətlərin hesabına köçürüblər. Vəsaitin 4-5 faizi şirkəti yaradanlara verilib, qalan məbləğ isə XİN-in səlahiyyətlilərinə geri qaytarılıb.

N.Abdullayev isə xarici ölkə vətəndaşlarına Azərbaycana gəlmək, burada qalıb işləmək üçün rüşvətlə viza düzəltməkdə ittiham olunur.

Həbs olunanların iş otaqlarında və evlərində axtarış aparılıb. DTX iddia edir ki, axtarış zamanı mənimsəmə, rüşvət hallarını təsdiqləyən əlyazmalar, qeydlər tapılıb.

DTX-nın yaydığı videoda həbs olunan şəxslərin əlbir olduqları şirkətlərin nümayəndələri, viza üçün rüşvət verdiyini iddia edən xarici ölkə vətəndaşlarının ifadələri də yer alıb.

Təqsirləndirilən şəxslərdən F.Mollazadənin ilkin ifadəsinin də bir hissəsi yayılıb.

“İstədiyimiz şirkətlərə imkan yaratmışıq. Tender proseduru ilə Səlim məşğul olurdu. Mən də komissiyanın sədri idim. Bu prosedurlarda qanunsuzluğa yol vermişik. Köçürülən məbləğlərdən bir hissəsini geri almışıq. 10 faiz özümə götürürdüm, 10 faiz Səlimə verirdim. Qalan vəsaiti də nazirliyin işlərinə sərf edirdik. Heyfslənirəm ki, belə addım atmışam. Başa düşürəm ki, düz hərəkət eləməmişəm”, – deyə F.Mollazadə ifadəsində bildirib.

Ana səhifəSiyasətXarici İşlər Nazirliyinin həbs olunan əməkdaşları qərara etiraz edir