Xarici İşlər Nazirliyində suvenir, hədiyyə adıyla 2.5 milyonluq yeyinti

XİN əməkdaşları mühakimə olunur

Source:


XİN əməkdaşları mühakimə olunur

Xarici İşlər Nazirliyinin (XİN) İşlər İdarəsinin keçmiş müdiri Fərhad Mollazadə və nazirliyin Təsərrüfat şöbəsinin sabiq rəhbəri Səlim Əlizadə fəaliyyəti olmayan şirkətləri tenderlərdə qalib elan etməklə 2 milyon 543 min manat büdcə vəsaitinin yeyintisində ittiham olunur.

Avqustun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu işlə bağlı ittiham aktını elan edib. İttihamdan aydın olub ki, dəftərxana ləvazimatları, suvenir, hədiyyələr və s. üçün tenderlər formal keçirilib. Qalib elan edilən şirkətlərin hesablarına köçürülən vəsaitlər nağdlaşdırılıb, bir çox hallarda Rövşən Məmmədov və başqa şəxslər vasitəsilə geri alınıb. Bu cür üsulla 2 milyon 543 min 173 manat mənimsənilib.

Eyni zamanda, XİN-in Tender Komissiyasının sədri olmuş Fərhad Mollazadə və Səlim Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyəyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham irəli sürülüb.

Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İttihamlara münasibət bildirən Fərhad Mollazadə və Səlim Əlizadə özlərini qismən təqsirli bildiklərini deyiblər.

Onlar ifadə verməkdən imtina ediblər. Lakin bildiriblər ki, zərərçəkmiş və şahidlərin dindirməsi başa çatandan sonra ifadə verəcəklər.

Xarici İşlər Nazirliyi iş üzrə zərərçəkmiş qismində tanınıb. Nazirliyin nümayəndəsi ifadəsində bildirib ki, ittihamda göstərilən ziyanın – 2 milyon 543 min manatın tam ödənilməsini istəyirlər.

Vəkil məhkəmənin diqqətinə çatdırıb ki, istintaq dövründə ziyanın böyük bir hissəsi ödənilib, cinayət işinin materiallarında bu haqda məlumat var. Nazirliyin nümayəndəsi bütün bu məlumatları dəqiqləşdirməlidir.

Bundan sonra şahidlər dindirilib. Onların arasında bank əməkdaşı, şirkətlərin hesablarına köçürülən vəsaitləri nağdlaşdırıb XİN-in keçmiş vəzifəlilərinə çatdırdığı iddia olunan Rövşən Məmmədov ifadə verib. O bildirib ki, “Muğanbank”da işləyir. Təqsirləndirilən şəxslərdən Səlim Əlizadəni tanıdığını deyən şahidin sözlərinə görə, “Əmrahbank”da hesabı olan şirkətlər XİN-in tenderlərində qalib olurdu, hesaba pul köçürülürdü, şirkətin direktoru gəlib pulu çıxarırdı. Sonra isə Səlim Əlizadə gəlib direktordan nağdlaşdırılmış pulu götürürdü: “Vergini ödəyirdilər. Mənim də qazancım o olurdu ki, bankın dövriyyəsi çox olurdu”.

Həmin şirkətlərdən birinin rəhbəri Rza Hümbətəliyev də şahid qismində dindirilib. O bildirib ki, adına şirkət açılsa da, heç nədən xəbəri yoxdur: “Hər şeyi Rövşən müəllim (bankın əməkdaşı Rövşən Məmmədov) həll eləyirdi. Mənə köçürülən puldan 2 faiz verirdilər. Məsələn, 100 min köçürürdülərsə, 2000 mənə verirdilər. Mən də xərcləyirdim”.

Rza Hümbətəliyev əlavə edib ki, bunun qanunsuz olduğunu bilmirdi.

Məhkəmə prosesi avqustun 18-də davam edəcək.

Fərhad Mollazadə və Səlim Əlizadə 2020-ci il iyulun 3-də DTX əməkdaşlarının Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Onlar beş aydan çox DTX-nın istintaq təcridxanasında saxlandıqdan sonra dekabrın sonunda ev dustaqlığına buraxılıb.

Ana səhifəXəbərlərXarici İşlər Nazirliyində suvenir, hədiyyə adıyla 2.5 milyonluq yeyinti