Xarici İşlər Nazirliyində 2.5 milyonluq yeyintidən nə qədər ödənilib?

“Fərhad Mollazadə saxlanılanda cibindən 2000, seyfindən 10000 manata yaxın pul çıxdı…”

Foto: XİN


“Fərhad Mollazadə saxlanılanda cibindən 2000, seyfindən 10000 manata yaxın pul çıxdı…”

Xarici İşlər Nazirliyinin (XİN) İşlər İdarəsinin keçmiş müdiri Fərhad Mollazadə və nazirliyin Təsərrüfat şöbəsinin sabiq rəhbəri Səlim Əlizadənin nazirlikdə 2.5 milyon manatlıq yeyinti ittihamıyla məhkəməsi davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bu prosesdə şahidlərin dindirilməsi mərhələsidir.

Avqustun 25-də məhkəmədə ifadə verən şahid Alim Babayev bildirib ki, “Yaşıl bazar”da ticarətlə məşğul olur. Onun adına olan şirkətdən, XİN-in tenderində qalib olmasından xəbərsiz olduğunu deyib. Alim Babayevin sözlərinə görə, şirkəti 2017-ci ildə Şəmsi adlı dostu açıb: “Mənə deyiblər, mən də “GünayBank”dan pulu çıxarıb, “ƏmrahBank”da aparıb vermişəm: “O puldan mənə heç nə çatmayıb. Dostum idi, deyib, gedib çıxarmışam. Mən pul marağında olmamışam”.

Şahid Rəhman Aslanov bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları nazirlikdə əməliyyat keçirəndə onu da hal şahidi kimi çağırıblar. O, Fərhad Mollazadənin saxlanmasının şahidi olub: “Kabinetində saxlanıldı. Onun cibindən təxminən 2000, seyfdən 10 min manata yaxın pul çıxdı. Dedi ki, cibindəki pula qızı üçün telefon alacaqdı”.

Avtomobil təmiri məntəqəsində usta köməkçisi işlədiyini deyən daha bir şahid Elgün İsmayılovun da adına şirkət olub. Həmin şirkət XİN-in tenderlərində qalib elan edilib: “Mən usta köməkçisi işləyirdim. Vüqar adlı usta mənə dedi ki, biz avtoservis yaradacağıq, mən də həmin servisdə avtomobillərə nəzarət edəcəm. Xarici İşlər Nazirliyinin tenderlərindən mənim xəbərim olmayıb”.

İttihama əsasən, nazirlikdə müxtəlif xidmətlərin icrası, dəftərxana ləvazimatları və s. alınması üçün tenderlər keçirilib. Amma bu tenderlər formal olub, qalib elan edilən şirkətlərlə qeyri-rəsmi razılaşmalar əldə edilib. Həmin şirkətlərin hesablarına köçürülən vəsaitlər nağdlaşdırılıb və Fərhad Mollazadə, Səlim Əlizadəyə geri verilib. Onlar razılaşdıqları şəxslərə vergini ödəmək üçün vəsait, bir də ümumi məbləğin müəyyən faizi qədər qazanc veriblər. Bu cür üsulla 2 milyon 543 min 173 manat mənimsənilib.

XİN-ə dövlət büdcəsindən ayrılmış vəsaitin yeyintisindən söhbət getdiyinə görə nazirlik bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb. Nazirliyin nümayəndəsi məhkəmədə bildirib ki, istintaq dövründə bu ziyandan Fərhad Mollazadə 2 milyon 300 min manat, Səlim Əlizadə isə 2500 manat ödəyib. Zərərçəkmişin nümayəndəsi qalan vəsaitin – 228 min 432 manatın da tam ödənilməsini istəyib.

Məhkəmə prosesi avqustun 31-də davam edəcək.

Eyni zamanda, XİN-in Tender Komissiyasının sədri olmuş Fərhad Mollazadə və Səlim Əlizadə 2020-ci il iyulun 3-də DTX əməkdaşlarının Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Onlar beş aydan çox DTX-nın istintaq təcridxanasında saxlandıqdan sonra dekabrın sonunda ev dustaqlığına buraxılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyəyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham irəli sürülüb.

Ana səhifəXəbərlərXarici İşlər Nazirliyində 2.5 milyonluq yeyintidən nə qədər ödənilib?