Parlamentdə “Ələt azad iqtisadi zonası haqqında” qanun tənqid edildi
“Komitənin iclasında bu təklifləri səsləndirən şəxsləri “vətənpərvərlikdə” ittiham elədiniz. Mən özümü həqiqi vətənpərvər hesab edirəm. Amma məsələnin bu hissəsini kənara qoyaq. Söhbət qanunlara və Konstitusiyaya münasibətdən gedir”. Bunu deputat Qüdrət Həsənquliyev fevralın 13-də Milli Məclisdə “Ələt azad iqtisadi zona haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. O bildirib ki, qanun layihəsi ölkə konstitusiyası ilə ziddiyyət təşkil edir:
“Qanun layihəsi hələ komitə iclasında müzakirə edilərkən bu ziddiyyətlərlə bağlı fikrimi bildirsəm də, layihədə düzəliş edilməyib. Biz bunu komitə iclasında sizə xatırlatdıq. Amma yenə də siz bunu plenar iclasa eyni qaydada təqdim eləmisiniz. Xüsusilə, qanunun əmək qaydalarını müəyyən edən normalar ya yenidən işlənməli, ya da, ümumiyyətlə, qanunvericilikdən çıxarılmalıdır. Bu qanunun əsas məqsədi odur ki, Azərbaycanın müəyyən bir ərazisində xarici investorlar üçün əlverişli şərait yaradılır, müəyyən güzəştlər nəzərdə tutulur. Yəni burada da söhbət vergi və gömrük rüsumlarındn azad olmaqdan gedir. Biz də bunu alqışlayırıq. Amma əgər söhbət vətəndaşların fundamental hüquq və azadlıqlarından gedirsə, burada xarici investora hansı güzəştdən söhbət gedə bilər? Yaxud ekologiya ilə bağlı xarici investora hansı güzəştlərə getmək olar? Biz ekologiya, əmək hüquqları ilə bağlı beynəlxalq konvensiyalara qoşulmuşuq”.
Deputat sonda təklif edib ki, layihənin adını “Ələt iqtisadi zonası haqqında” deyil, ümumilikdə “Azad iqtisadi zona haqqında” qanun şəklində dəyişmək mqsəduyğundur:
“Ola bilsin ki, gələcəkdə biz Azərbaycanın başqa bölgələrində də belə azad iqtisadi zonalar yaradaq”.
Deputat Elşən Musayev bildirib ki, qanunla bağlı hüquqşünaslarla iqtisadçıların fikirləri arasında müəyyən ziddiyyət var. O qeyd edib ki, hüquqşünaslar layihəni müzakirə edib ona rəy verməlidirlər:
“Bu qanunun mahiyyəti ondan ibarətdir ki, layihənin iqtisadi cəlbediciliyi onun hüquqi cəlbecidliyinin üstündə olsun. Hansısa formada məhkəmə yaradılmalıdır. Mahiyyət etibarilə bu Azad Zona investorlar üçündür. İnvestor bu qaydaları öyrənib gələcək. Bu gün dünya təcrübəsinə istinad eləməsək, çox dəqiqdir ki, ora heç kim gəlməyəcək. Bu ziddiyyətləri, iqtisadçı və hüquqşünas ritorikasını nəzərə almasaq, gərək qanun layihəsinin müzakirəsini aparmayaq. Təcrübə göstərir ki, azad zonalarla bağlı kim nə qədər güzəşt edirsə, o, daha çox udur, dövlət daha çox qazanır”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, layihə Konstitusiya və milli qanunvericiliklə qətiyyən ziddiyyət təşkil etmir. O bildirib kii, investorlar bu qanun layihəsinə, azad iqtisadi zonaya tam əsaslana bilərlər:
“Qəti deyə bilərəm ki, qanun layihəsi iqtisadi inkişafın indiki məqamında irəliyə atılan ən ciddi addımdır”.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul olunub.
Qanun layihəsi Ələt azad iqtisadi zonasının fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir. Azad zona müvafiq icra hakimiyyəti orqanı tərəfindən azad zona ərazisində yaradılır. Azad zona səlahiyyətli qurumunun müəyyən hüquqları var. Qanunun 16-cı maddəsinə əsasən Azad zona səlahiyyətli qurumu, Azad zona inzibati müəssisələri, Azad zona hüquqi şəxsləri və onların işçiləri, Azad zona rezidentləri və Azad zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar.