Nazir: ”Dəllallar və yalançılar acı nəticələrlə üzləşəcəklər”
“Turizm fəaliyyəti üzrə lisenziyalar ləğv olunan sonra bəzi dəllallar ortaya çıxıb. Onlar insanları aldadırlar. Guya xidmət göstərirlər. Yalandan qiymətlər verir, nəqliyyat təşkil edirlər. Son nəticədə Azərbaycan turizminin səviyyəsi enir”.
Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
deyib
.
Nazir qeyd edib ki, bütün bunların nəticəsində Azərbaycan turizmi itirir:
“Birləşib normal bir proqram üzərində öz potansialımızı ortaya qoya və bu məhsulu dünya miqyasına çıxara bilmirik. Bunu etsək, o dəllallar və yalançılar acı nəticələrlə üzləşəcəklər”.
Heç kimə güzəştə gedilməyəcək
Ə.Qarayev hazırda “Turizm haqqında” yeni qanun üzərində iş aparıldığını da söyləyib:
“Qanun Azərbaycan turizminin keyfiyyətinin və imicinin qorunması baxımından çox əhəmiyyətli olacaq. Heç kimə güzəştə gedilməyəcək. Beşulduzlu otel əvəzinə ikiulduzlu otelin xidmətini göstərənlər barədə ölçülər götürüləcək. Əgər turist şirkətləri dəllallıqla məşğuldurlarsa, insanları aldadırlarsa, o şirkətlər məsuliyyətə cəlb olunacaq. Mən bu qanunun qəbul olunmasını səbirsizliklə gözləyirəm”.
Yeni turizm zonaları yaradılır
Nazir yeni turizm zonalarından da
danışıb
. Onların Xızı-Nabran, Quba və Qusarda yerləşdiyini söyləyib:
“Hazırda Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq tenderin nəticəsi olaraq, 3 şirkətlə 3 yeni turizm zonasının layihələndirilməsi üzərində işləyir. Turizm zonalarının layihələndirilməsi işləri bu ilin sonuna kimi davam edəcək. Bundan sonra isə onun icrasından danışmaq olar. Həmin turizm zonalarında təşviq olunacaq bütün imtiyazlar 3 və 4 ulduzlu hotellərin, ümumiyyətlə, turizm infrastrukturunun qurulmasına imkan yaratmalıdır”.
Aİ ölkələrindən Azərbacana gələn turistlərin sayı artıb
Dövlət Statistika Komitəsinin yaydığı məlumata
görə
, 2017-ci ildə ölkəyə turist axını 2016-cı illə müqayisədə 19,9 faiz artaraq, 2 mln. 696,7 min nəfər olub:
“Rusiyadan gələn turistlərin xüsusi çəkisi 31,7, Gürcüstandan gələnlər 20, İrandan gələnlər 13,5, Türkiyədən gələnlər 11,2, BƏƏ-dən gələnlər 3,8 faiz təşkil edib. MDB ölkələrindən Azərbaycana turist axını 14,3 faiz artaraq, 1 mln. 6,5 min nəfər, Aİ ölkələrindən gələn turistlərin sayı 17,4 faiz artaraq 105,4 min nəfər olub”.
Xaricə istirahətə, müalicəyə, ezamiyyətə gedən azərbaycanlıların sayı azalıb
Statistikaya əsasən, 2017-ci ildə xaricə istirahətə, müalicəyə və ya iş ezamiyyətinə gedən azərbaycanlıların sayı 4 faiz azalaraq, 4 mln. 108,9 min nəfər təşkil edib:
“Azərbaycan səyyahlarının 33,4 faizi Gürcüstana, 23,4 faizi İrana, qalan hissəsi Rusiya, Türkiyə, Ukrayna, Avropa və Asiyaya gedib”.
Otellər ya çox baha, ya da bərbaddır
İqtisadçı Samir Əliyev deyir ki, həm yerli turistlərin, həm də əcnəbilərin marşrut seçiminə təsir edən əsas amil “əl yandıran” qiymətlərdir. Bu, xüsusən dəyəri turisti dərhal itələyən aviabiletlərə aiddir:
“Bəzən Azərbaycanda bir həftəlik istirahət büdcəsi Gürcüstana, Yunanıstana, Bolqarıstana bir həftəlik eyni turun dəyərindən iki dəfə artıq olur. Digər bir səbəb servis, təklif olunan xidmətlərdir. Onlar beynəlxalq standartlara, həmçinin tariflərə uyğun deyil. İstirahət bazalarının yerli əhalidən tutulmuş və təlim keçməmiş personalı davranışı ilə turizm obyektinin nüfuzuna xələl gətirir. Orta sinif insanlar Azərbaycanda normal istirahət edə bilmirlər. Otellər ya çox bahadır, ya da orada yaşayış şəraiti bərbaddır”.
İncəsənət Muzeyindən başqa, digər muzeylər əcnəbiləri o qədər də cəlb etmir
İqtisadçı bildirir ki, daha bir mühüm məqam turistin Bakıda qalma proqramıdır:
“Bu proqram nədən ibarətdir? Muzeyə getməkdən? İncəsənət Muzeyindən başqa, digər muzeylər əcnəbiləri o qədər də cəlb etmir. İçərişəhəri iki saata başdan-ayağa gəzmək, “Qız Qalası”na baxmaq olar. İki saat da “Torqovı”-da, dənizkənarı bulvarda və Fəvvarələr meydanında gəzmək olar. Bəs sonra?”
Problem özəl sektordakı korrupsiyadadır
İqtisadçı Fikrət Məmmədov isə deyir ki, Azərbaycana gələnlər, ilk növbədə, turizm məhsullarının qıtlığı, turistlərə xidmət prosesində iştirak edənlərin hamısının onları “soymaq”, “dolamaq” istəyi ilə üzləşirlər:
“Bu, turizm ölkəsi olmaq istəyən qonaqpərvər ölkənin nümayiş etdirməli olduğu davranış deyil. Hazırkı şəraitdə əsas problem dövlətin “lazımı qədər qazanmamasında” deyil, problem özəl sektorda, korrupsiyadadır. Bu özbaşınalıq Azərbaycana marağı məhv edəcək”.
İlk növbədə, ölkədə azad sahibkarlıq olmalıdır
Turizm sahəsi üzrə ekspert Ülvi Həsənli Meydan TV-yə
bildirmişdi ki
, inkişaf ölkəyə kütləvi şəkildə turistin gəlməsidir. Əgər buna hökumətin müxtəlif strukturları mane olursa, dövlət xaricilərin ölkəyə valyuta gətirməsini siyasi məqsədlərdən dolayı istəmirsə, inkişaf olmayacaq:
“Qarşıya qoyulan hədəflərə çatmaq üçün, ilk növbədə, ölkədə azad sahibkarlıq olmalıdır. Yerli sərmayə ölkədən qaçmamalı, xarici sərmayə ölkəyə maraq göstərməlidir. Turizmin inkişafı üçün büdcədən pul xərcləməyə ehtiyac yoxdur. Qanunlarla, qərarlarla, sahibkarlığa azadlıq verməklə, güzəştlər tətbiq etməklə stimullaşdırmaq və real inkişafa nail olmaq lazımdır. Dünyada bununla bağlı minlərlə nümunə var. Onları araşdırmaq, tətbiq etmək çətin məsələ deyil”.