Xaricdəki çabalar nəyə görədir?

İnsafən, hakimiyyətin məlum nəcabət və kəraməti ucbatından başını və ailəsini götürüb cəlai-vətən olmuş insanları heç vaxt qınamamışam və indi də əsla belə bir fikrim yoxdur

Source:
Siyasi mühacirlərin aksiyası
Siyasi mühacirlərin aksiyası

İnsafən, hakimiyyətin məlum nəcabət və kəraməti ucbatından başını və ailəsini götürüb cəlai-vətən olmuş insanları heç vaxt qınamamışam və indi də əsla belə bir fikrim yoxdur. Sadəcə özümü gerçəkçi düşüncə sahibi saydığımdan xaricdə siyasi fəaliyyət məsələsi ilə maraqlananlara, əgər lazım bilərlərsə, belə bir sual üzərində düşünməyi məsləhət görərdim: xaricə mühacirətə getmiş həmvətənlərimizin Azərbaycan daxilində cərəyan edən siyasi hadisələrə təsir etmək imkanları varmı? Varsa, bu təsirin nəticəsində hadisələr hansı səmtə dönə bilər?

Əvvəla, Azərbaycanda, belə demək mümkünsə, siyasət adlanan hadisə ölkə daxilində vaqe olsa da, onun əsas cizgiləri xaricdə müəyyənləşir. Azərbaycan Respublikasının iqtisadiyyatının əsas dayağı olan karbohidrogen xammalının qiyməti dünya bazarında müəyyənləşir, onu istismar edən şirkətlər xarici sahibkarlara mənsubdur və ölkə daxilində cərəyan edən hadisələrin də gedişatına əsas təsiri həmin bu xarici oyunçular göstərir. Müxtəsər, BP bizim siyasətdə daha mühüm oyunçudur, nəinki qeydiyyatdan keçmiş və keçməmiş bütün partiyalarımız və QHT-lərimiz. Burada sual yaranır: bizim xaricdəki həmvətənlərimizin BP-nin Azərbaycanda yürütdüyü siyasətə təsir etmək imkanı varmı? Onlar, ümumiyyətlə, məsələnin bu tərəfi barədə düşünürlərmi?

Nə qədər acı da olsa, etiraf etməliyik ki, yox.

Saniyən, siyasət deyilən oyunda hansısa bir qayda olur. Azərbaycan hakimiyyətinin və ənənəvi müxalifətinin nəcabəti və kəraməti ucbatından bizim siyasətdə heç bir qayda yoxdur. Yəni siyasətlə məşğul olmağı yenicə qərara almış şəxs və ya şəxslər toplusu ictimai-siyasi həyata qədəm qoymaq istədikdə (məsələn, REAL və ya RİFAH) rəsmi mənbələrdə oxuyurlar ki, məsələn, bizim siyasətin qaydaları futboldan götürülüb. Yəni qapıçıdan başqa hamı topu yalnız ayaq və başla vura bilər. Bəli, seçki oyunu başlayır, bir də görürlər ki, YAP komandası topu əl ilə götürüb vurur qoltuğuna və yollanır Mərkəzi Seçki Komissiyasına, oradan 80-90 dənə daşdan keçən deputat mandatı alıb gedir oturur Milli Məclisdə.

Mücərrəd qanun aşiqi gedir məhkəməyə şikayət etsin, burada ona bildirirlər ki, məhkəmədə Konstitusiya deyil, tutalım, peşəkar boks qaydaları işləyir, özü də hakimlər hakimiyyət nümayəndələrinin ardıcıl olaraq müxalifətin paçasına endirdiyi zərbələri görmürlər.

Xülasə, Azərbaycanda siyasət yoxdur, onun içiboş müqəvvası var.

Salisən, bu ürəkbulandıran və alçaldıcı vəziyyətə etiraz edənləri hakimiyyət əzir, əzir, əzilməyəndə və sınmayanda şərləyib satqın hakimlərin qərarı ilə salır qazamata. Odur ki, Azərbaycanda siyasət deyilən peşə ilə məşğul olmaq üçün gərək əzəl başdan etiraf edəsən ki, hakimiyyətin oyuncağısan və bir qarın çörəyə işləyirsən.

Təbii ki, bir qarın çörək burada təşbihdir və bu bir qarın çörəyə xeyli yeyilən, geyilən, daşınan və daşınmaz məmulat daxildir.

Rabiən, bizim siyasətdə vəziyyətin nəzəri qavranılmasına böyük ehtiyac var. Yadınıza mühacir Marksın İngiltərədə, mühacir Leninin İsveçrədə, mühacir Rəsulzadənin Türkiyədə yazdıqları elmi-publisistik əsərləri salın. Məhz nəzəri yoxsulluğun nəticəsidir ki, müxalifət özünü SSRİ-nin süqutundan 30 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, heç yerdə mövcud olmayan hansısa mücərrəd “azad bazar iqtisadiyyat”ının qurulması uğrunda ülvi mübarizə aparan siyasi qüvvə kimi təqdim edir. Bunun həyatımıza tətbiqi isə bəsit şəkildə belə tərcümə edilir və tez-tez səsləndirilir (bax, Əli Kərimlinin “Məhsul” stadionunda çıxışlarına): “çəkilin, bəsdir yediniz, indi də hakimiyyəti verin bizə, söz veririk ki, biz yeməyəcəyik”. Burada da arif adamlar pəsdən deyirlər ki, “inanan daşa dönsün”. Müxtəsər, daxildəki müxalifət xadimləri ölkədəki gerçək durumu nəzəri cəhətdən təhlil edib topluma düzgün yol göstərmək iqtidarında olmadıqlarını sübut ediblər. Görəsən, bu vəzifəni xaricə getmiş azərbaycanlılar yerinə yetirə biləcəklərmi? Bəlkə onlar xarici akademik mühitə düşüb Qərbin tənqidi fikrinin təsiri altında postsovet məkanın gerçəkliyini fərqli bucaqdan qiymətləndirə biləcəklər?

Hələlik belə bir cəhdə rast gəlməmişik. Xaricdəki müxalifətin səsləndirdiyi fikirlər olsa-olsa bizim öz daxilimizdə vaxtilə deyilmiş fikirlərin təkrarıdır, sadəcə müxalifət marallarının Heydər Əliyevin müdrik rəhbərliyi altında ali dövlət vəzifələrinə doğru müzəffər yürüşü zamanı bu fikirlər əyalət cəngavərlərinə cəfəng görünürdüsə, indi onların düzgünlüyünü tarix özü təsdiqləyir.

Xamisən, bizim xaricdəki həmvətənlərimizin fəaliyyətinə nəzər saldıqda məlum olur ki, onların mütləq əksəriyyəti yeni vətənlərinin qayda-qanununa uyğunlaşmağa, bu yeni vətəndə özlərinə rahat yuva qurmağa çalışırlar və bu, əslində, təqdirəlayiqdir. Bu azərbaycanlılar vətənlərini yada saldıqda xəyallarında Novruz bayramı, paxlava-şəkərbura və bəzilərində “torbaatma” oyunu canlanır. Ulu öndərin və ya müxalifət xadimlərinin adları çəkildikdə isə onlar çimçəşib “əl-həzər məndən, həzər, eyləməyin dəngəsər”, deyirlər. Çox az hissə keçmiş vətənlə əlaqəni bu və ya digər səbəbdən kəsmir və buradakı hadisələrlə maraqlanır. Bu zaman bəlli olur ki, bu siyasi fəal hissə bizim ənənəvi müxalifətin üzvi bir parçasıdır və onun bütün eybləri, olduğu kimi, bu zatlar vasitəsilə Avropanın müxtəlif ölkələrinə daşınıb. Orada da cəbhəçi mühacir musavatçı mühacirin ətini didir, yaxud tərsinə, orada da müxalifətdaxili qaydasız döyüşlər gedir. Bəzən bizim bu siyasətçi mühacirlər bu əcaib məxluqatın onlardan nə istədiyini anlamayan Avropa qurumlarını cahanşümul çəkişmələrə cəlb etmək istəyirlər.

Sadisən, Avropada insanların toplaşmaq azadlığına hörmət edildiyindən bizim müxalifətçi mühacirlər sanki cənnətə düşüblər və elə-hey piket və azsaylı mitinqlər keçirirlər. Keçirirlər və şəkilləri İnternetdə yerləşdirib öyünürlər ki, AXC-nin tədbirində Musavatın tədbirinə nisbətən çox mühacir iştirak edib. Lap elə bizdəki kimi, Məhəmmədəminin Novxanıdakı heykəlinə əklil qoymaq üçün müxtəlif vaxtlarda iki fərqli dəstə getdiyi kimi. Bu piket və mitinqlər avropalıları əsla maraqlandırmır, lakin bizim hakimiyyət bundan möhkəm əsəbiləşir, çünki onların rəyinə görə, azərbaycanlı nəinki vətənində, hətta qürbətdə belə azad toplaşmaq hüququndan istifadə etməməlidir.

Sabiən, bizim işlər Avropada ciddi maraq doğurmadığına görə müxalifət öz fəaliyyətini köçürür virtual aləmə. Bizim mühacirlər həm Azərbaycan barədə, həm də Avropadakı hadisələr barədə qiymətli fikirlərini dünyaya elan edirlər.

Onlar bunu dərk etməsələr də, vəziyyətdən hali adamlar görürlər ki, bizim mühacirlərin əksəriyyətinin siyasi baxışları, ayıb olmasın, cox mürtəcedir və onlar siyasi cəhətdən Qərbin az bəyənilən millətçilərinə və mühafizəkarlarına yaxındır. Görürlər və utanıb səslərini çıxarmırlar ki, bunu bilməyən firənglər də ayılıb görməsinlər, sinələrində hansı mələkləri bəsləyirlər.

Saminən, mühacir müxalifətçilər, uzaqda olsalar da, ruhən millətimizdən ayrılmadıqları kimi, bizim hakimiyyət də, yuxarılarda əyləşdiyinə baxmayaraq, milli dəyərlərdən heç cür ayrıla bilmir. Buna görə də hər iki milli dəstə, biri xaricdə, ikincisi içəridə, olmazın və ağlasığmaz biabırçılıqlar törədib millətin və dövlətin boyunu yerə soxurlar.

Soxurlar və öz xoşbəxtliklərindən, bunu heç anlamırlar da. Məsələn, bir “müxalifətçi” İnternetdəki cəzasızlıqdan sui-istifadə edib hakimiyyət nümayəndələrinə küçə söyüşləri yağdırırsa, hakimiyyət də gedib onun Azərbaycandakı qohum-əqrəbasını tutub başlayır şərləməyə və incitməyə. Yəni hər iki tərəf sübut edir ki, bir-birinə taydır və siyasi mübarizədə ağayanalıq, comərdlik və alicənablıqdan söhbət belə gedə bilməz.

Həqiqətən, ortada milyardlar, arxada şanlı tarixi ənənələr olduğu halda, hansı mənəvi dəyərlərdən söhbət gedə bilər?

Tasiən, millətin mütləq əksəriyyəti informasiya qaynaqları ilə maraqlanmırsa, virtual aləmdəki vur-çatlasının ölkədaxili siyasi duruma təsiri güclə seziləcək. Sizə bu vəziyyəti səciyyələndirən bir rəvayət nəql edim ki, dəxi geniş şərhə ehtiyac qalmasın.

“1930-cu ildə Kəlbəcər rayon təhsil şöbəsinə dost mənbədən məlumat daxil olur ki, Bakı rəhbərliyi ən ucqar kənd yerlərində təhsilin vəziyyətini öyrənmək üçün Kəlbəcərin ən ucqar kənd məktəbinə qəfil yoxlama göndərir. Rayon təhsil şöbəsinin müdiri yaxın adamına at verib tapşırır ki, çaparaq özünü yetir o kəndə, müəllimə de ki, yoxlamaya hazırlaşsın. Qoçaq tapşırığı yerinə yetirir.

Yoxlama atların belində gəlib çatır kəndə, girir sinfə. Kənd müəllimi sandıqdan son dəfə on il əvvəl taxdığı qalstuku çıxarıb bağlayıb boynuna və şagirdlərinə lazımi hazırlığı keçdiyindən özündən razı halda əllərini qaldırıb dirijorluğa başlayır. Uşaqlar xorla oxuyur:

Yaşa, min yaşa, Mustafa Kamal paşa…

Və sairə və ilaxıra. Millətimizin zəmanədən nə qədər geridə qaldığını bilmək istəyirsinizsə, orta məktəb dərsliklərimizi, yaxud hökumət və ənənəvi müxalifət qəzetlərini açıb oxuyun. Onda mübahisə edə bilərsiniz. Kimsə deyər ki, biz XX əsrin birinci yarısındayıq, kimsə deyər ki, xeyr, elə deyil, biz Cahiliyyə dövrünü yaşayırıq.

Aşirən, bu qövmün arasına hərdən bir Amerika və Avropa dar-ül-fünunlarını bitirmiş novcavanlar çaşıb gəlib düşür.

Fəqət hökumətimiz sayıqlığını əldən vermir, həmin andaca bir şər yapışdırıb ötürür onu içəri. Bununla da millətin və ölkənin bütün müşkülləri öz həllini tapır.

Qaldı bizim əziz vətəndən və Qurtuluş bayramını qeyd etməkdən qurtulmuş həmvətənlərimizin taleyinə, onlar indi əsla qibtəediləsi durumda deyillər. Lap elə Azərbaycan əhalisinin əksəriyyəti kimi. Onların da, lap elə bizim kimi, ölkə daxilində baş verən hadisələrə təsir etmək üçün zərrə qədər imkanları yoxdur və mən onların fəaliyyətindən guya təşvişə düşüb repressiyalara əl atan hakimiyyətimizi heç cür anlaya bilmirəm. Mühacirlərimizin indiki cəhdləri və fəaliyyətləri səmərəsiz olacaq, nə bizim, nə də onların rifahını əsla yaxşılaşdırmayacaq.

Lakin onların balaları və nəvələri həqiqətən qanunun işlədiyi məkanda azad, bizdən və bizim indiki bayramlardan tam bixəbər və asudə yaşayacaqlar.


Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəXaricdəki çabalar nəyə görədir?