Fuad Hacıyev: ” Təhsil Nazirliyi əgər maddi yetərsizlikdən bu proqramı dayandırmaq qərarına gəlibsə, yerli universitetlərlə burs yolu ilə əməkdaşlıq edə bilər”
Bir neçə həftə öncə təhsil naziri Mikayıl Cabbarov xaricdə təhsil proqramının dayandırılacağı ilə bağlı açqlamasını verdi. Bu qərar gənclər tərəfindən heç də yaxşı qarşılanmadı. Sosial şəbəkələrdə etirazlar səsləndirildi, xaricdə təhsil proqramının əhəmiyyətindən danışıldı. Nazir isə proqramın yeni formatının hazırlanacağını dedi:
“Yeni hazırlanacaq proqrama uyğun olaraq xaricə, əsasən PHD və magistr səviyyəsində təhsillərini davam etdirmək istəyən gənclər göndəriləcək. Eyni zamanda, dünyanın aparıcı ali təhsil müəssisələrindən professor-müəllim heyəti cəlb olunacaq”.
Xaricdə təhsil proqramının önəmi nə idi?
Ramana məktəblərindən birində dərs deyən Mətanət Səmədqızı deyir ki, xaricdə təhsil keyfiyyətli olduğundan oradan gələn kadrlar da daha bilgili, savadlı olur. Kaş ki, bu proqram ləğv edilməsəydi:
“Yenə şagirdlərimiz gedib xaricdə təhsil alırdılar. Gələcəkdə hamının inandığı həkimlər, müəllimlər, mühəndislər, hüquqşünaslar yetişirdi. Onu da əngəllədilər. Bizdə universitetlərdə nə təhsil verirlər ki? Xaricdə oxumaq şansı olan çox az adamın da yolunu bağladılar. Hamını bir nəfər kimi Azərbaycandakı təhsilə məhkum etdilər. Nə deyim, doğru addım, doğru yanaşma deyil”.
“Xaricdə təhsil keyfiyyəti, təhsil metodikası Azərbaycandan qat-qat üstündür”
Xaricdə təhsil üzrə ekspert Fuad Hacıyev də deyir ki, proqramın sayəsində yüzlərlə gənc xaricdə təhsil ala bilirdi. Hansıların ki, içində kasıblar da vardı. Xaricdə təhsil bəlkə də nə vaxtsa onlar üçün xəyal olmuşdu: “Təəssüf ki, həmin proqram dayandırıldı. Biz itirdik. Çünki proqram yenidən bərpa olsa belə, yalnız magist təhsili almaq istəyənlərə şamil olunacaq. Yaxşı, biz magist təhsili üçün prioritet olaraq fermerliyi seçmək istəsək, bunun bakalavrını harda oxuyaq? Xaricdə təhsil proqramı tələbələrə keyfiyyətli təhsil verirdi. Çünki xaricdə təhsil keyfiyyəti, təhsil metodikası Azərbaycandan qat-qat üstündür”.
“Xaricdəki universitetlərlə əlaqəyə keçib onlardan burs almaq olar”
“Düşünürəm ki, Təhsil Nazirliyi proqramı dayandırmamalıdır. Xaricdəki universitetlərlə əlaqəyə keçib onlardan burs almağa çalışmalıdır. Çünki xaricdə təhsil almaq istəyən gənclər kifayət qədər çoxdur. Üstəlik, bəzi sahələr var ki, məsələn, alternativ enerji ilə bağlı təhsil almaq istəyənlər, kənd təsərrüfatının bəzi sahələri üzrə təhsil almaq istəyənlər onun bakalavrını ölkədə necə oxuya bilər?”, – deyən Fuad Hacıyev əlavə edir: “Əgər həmin sahələr üzrə bakalavr təhsili Azərbaycanda əla tədris olunursa, o zaman magistratura təhsili üçün niyə xaricə göndərirlər? Elə həmin təhsili də Azərbaycanda versinlər də…Yenə də deyirəm, Təhsil Nazirliyi əgər maddi yetərsizlikdən bu proqramı dayandırmaq qərarına gəlibsə, yerli universitetlərlə burs yolu ilə əməkdaşlıq edə bilər. Təhsil Nazirliyi ilə əməkdaşlıq etmək bir çox universitetlərin marağında olacaq. Və həmin universitetlər üçün 5 nəfər tələbəyə xaricdə təhsil vermək çətin iş olmayacaq”.
“İstəsəydilər, proqramı universitetlərin hesabına davam etdirə bilərdilər”
“Bir tərəfdən də xaricdə təhsil alıb gələnlər Azərbaycandakı vəzifəli şəxslərə bir növ alternativ hesab olunurlar. Bəlkə də eks təhsil naziri Misir Mərdanov çox düşünüb ki, ondan sonra gələn nazir Mikayıl Cabbarovun onun yerinə keçməsində xaricdə aldığı təhsilin rolu olub”, – deyir Fuad Hacıyev: “Bəlkə də, bu haqda çox düşünüb Misir Mərdanov. Odur ki, Azərbaycanda həyata keçirilən xaricdə təhsil proqramını vəzifəli şəxslər bəyənməyə, dəstəkləməyə bilər. Çünki əksər yaşlı kadrlar xaricdə təhsil alıb gəlmiş 30-35 yaşlı gəncin onun yerini tutmasını istəməz. Deyək ki, dövlətin pulu azalıb. Ona görə dayandırırlar proqramı. Ancaq bu, çarə deyil. Məsələn, başqa yollara əl ata bilərdilər. Bu gün əksər ölkələrdə burs proqramları var. Görünür proqramın dayanması çoxuna sərf edir”.