Fransa mətbuatının yazdığına görə, təqsirləndirilən şəxs Nantda qaçqın olan 43 yaşlı azərbaycanlıdır
Fransa məhkəməsi Azərbaycan vətəndaşı Xəyyam Haqverdiyevi 10 il müddətinə azadlıqdan məhrum edib. O, siyasi bloger Məhəmməd Mirzəliyə hücumda ittiham edilib.
Məhəmməd Mirzəli şəxsi Facebook səhifəsində yazıb ki, ədalət bir daha sübut etdi ki, bir blogeri öldürməyə çalışan heç kim cəzasız qalmayacaq.
Fransa mətbuatının yazdığına görə, təqsirləndirilən şəxs Nantda qaçqın olan 43 yaşlı azərbaycanlıdır. O, 2022-ci ilin iyununda Məhəmməd Mirzəlinin ünvanını özündə əks etdirən GPS cihazı ilə həbs edilib. Müttəhim Angers yaxınlığındakı Corze ödəniş məntəqəsində saxlanılıb. Avtomobilindən tapança, bıçaq və xəncər tapılıb.
“6 nəfər yolda tutub sözün əsl mənasında onu doğrayıblar. Boynunun arxasından, qarnından ağır xəsarət alıb. Əllərini, barmaqlarını kəsik-kəsik ediblər. Qollarını doğrayıblar”, – jurnalist Əfqan Muxtarlı hadisə günü Meydan TV-yə bildirib. Məhəmməd Mirzəli bu olaydan əvvəl hədələndiyini deyirdi.
Məhəmməd Mirzəli 2021-ci il mart ayında Fransada Nantın mərkəzində bıçaqlanıb. O, hakimiyyəti sərt tənqid edən bloger kimi tanınır. Bu xaricdəki blogerlərə qarşı ilk fiziki hücum deyil. Xaricdə yaşayan siyasi fəal Vidadi İsgəndərli də evində bıçaqlanaraq öldürülmüşdü. Bundan əlavə Qabil Məmmədov, Orxan Ağayevə də fiziki hücumlar olmuşdu.
İyunun 3-də Binəqədi Rayon Məhkəməsi Məhəmməd Mirzəli barəsində qiyabi həbs qərarı çıxarıb.
O, Cinayət Məcəlləsinin 220.2, (hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmək) və 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmək, həmçinin bu cür məzmunlu materialları yaymaq) maddələri ilə ittiham olunur.