Xaricdə yaşayan daha bir blogerə qiyabi hökm oxunub

İllüstrasiya: Meydan TV

Yanvarın 20-də, Bakı Ağır Cinayətlər Məhkəməsində xaricdə yaşayan  “Victor Alexander” adlı “YouTube” kanalının təsisçisi Vaqif Allahverdiyevin cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

Prosesə hakim Roman Ələkbərli sədrlik edib.

Məhkəmədə Allahverdiyevə qiyabi hökm oxunub və o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

Vaqif Allahverdiyev Cinayət Məcəlləsinin  220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə açıq tabe olmamağa, kütləvi iğtişaşlara və zorakılığa çağırış) və 281.2-ci maddələri ilə ittiham olunur. 

ABŞ-də yaşayan Vaqif Allahverdiyev 2025-ci il noyabrın 14-də istintaqa dəvət edilib. Onun barəsində 2025-ci il fevralın 23-də Binəqədi Rayon Məhkəməsi qiyabi həbs qətimkan tədbiri seçib.

Son illər Azərbaycanda xaricdə yaşayan bir sıra bloger və fəallara qarşı cinayət işləri açılıb, onlara qiyabi həbs və azadlıqdan məhrumetmə hökmləri çıxarılıb. Rəsmi ittihamlarda əsasən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmama, kütləvi iğtişaşlara və zorakılığa çağırış, terrorçuluğa çağırış, silahlı qiyam və dələduzluq maddələri yer alır.

2025-ci il dekabrın 26-da Bakı məhkəməsində xaricdə yaşayan bir qrup blogerə hökm oxunub. Hökmə əsasən, Qurban Məmmədov və Tural Sadıqlı 14 il, Süleyman Süleymanlı, Orduxan Teymurxan, Orxan Ağayev, Rəfael Piriyev və Elşad Məmmədov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslərin əksəriyyəti ittihamları siyasi motivli sayaraq rədd edir.

Ana səhifəXəbərlərXaricdə yaşayan daha bir blogerə qiyabi hökm oxunub